Əsas Səhifə > Partiya > BRÜSSELDƏ HAKİMİYYƏTƏ QARŞI AKSİYA

BRÜSSELDƏ HAKİMİYYƏTƏ QARŞI AKSİYA


20-05-2013, 11:25
BRÜSSELDƏ HAKİMİYYƏTƏ QARŞI AKSİYA
DAH AZƏRBAYCANDAN YANA NARAHATDIR

Demokratik Azərbaycan Hərəkatı (DAH) Azərbaycanda baş verən özbaşınalıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə iyunun 6-da Brüsseldə aksiya keçirəcək. Aksiya Brüsselin mərkəzində Avropa Parlamentinə, Avropa Komissiyasına və digər beynəlxalq qurumlara gedən yolun kəsişməsində yerləşən meydanda keçiriləcək.

DAH-ın məlumatına görə, aksiyada məqsəd beynəlxalq qurumların diqqətini Azərbaycanda prezident seçkiləri öncəsi baş verən repressiyalara yönəltməkdir.

Aksiya günü eyni zamanda Avropa Parlamentinin nümayəndələrilə də DAH üzvlərinin görüşü keçiriləcək. “2013-cü ildə Azərbaycanda prezident seçkisi olduğu üçün beynəlxalq təşkilatların bölgəyə diqqətinin artdığı və ölkədə rəqabətin genişləndiyi məqamda hakimiyyətin repressiv siyasət aparması çox təhlükəli tendensiyanın yaranmasına səbəb ola bilər”, - DAH bildirir.

Təşkilat xatırladır ki, son aylar Azərbaycanın ictimai-siyasi həyatında aktivliyi ilə seçilən adamlara, o cümlədən vətəndaş cəmiyyəti qurumlarına qarşı aparılan siyasi təzyiqlər görünməmiş səviyyədə artıb.

DAH son aylarda həbs edilən tanınmış simalar İlqar Məmmədov və Tofiq Yaqublu, NİDA-çı gənc fəalların, müxalifətçilərin, həmçinin jurnalist və blogerlərin həbsinə, vəkillərin, o cümlədən vəkil Aslan İsmayılovun vəkllik fəaliyyətinin dayandırılmasına diqqət çəkir.

Demokratik Azərbaycan Hərəkatı 2013-cü ilin fevralında mühacirətdə olan azərbaycanlılar tərəfindən yaradılıb. Qurumda Avropanın müxtəlif ölkələrində mühacir həyatı yaşayan onlarla insan birləşir.-

Geri qayıt