Əsas Səhifə > Cəmiyyət > "BİNƏ" VƏ "SƏDƏRƏK" TM-LƏRİ BAĞLANIR

"BİNƏ" VƏ "SƏDƏRƏK" TM-LƏRİ BAĞLANIR


20-05-2013, 14:58
"BİNƏ" VƏ "SƏDƏRƏK" TM-LƏRİ BAĞLANIR
“Binə” və “Sədərək” ticarət mərkəzləri bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, bu ilin yanvarında “Binə”də baş verən aksiyadan sonra sahibkarlar ticarət mərkəzlərini kütləvi şəkildə tərk edirlər. Rəhbərliyin icarə haqqını qaldırmasından sonra artıq hər iki bazarda yüzlərlə ticarətçi bazarı tərk edib. Halbuki, əvvəllər sahibkarlar ticarət mərkəzində icarəyə götürmək üçün yer tapa bilmirdilər. İndi isə vəziyyət 180 dərəcə dəyişib. Bir-iki il öncə obyektlərini icarəyə verməklə qaz-vurub qazan dolduran sahibkarlar indi kütləvi şəkildə oranı tərk edirlər. İndi bazara gedən sadə vətəndaşlar da müşahidə edə bilər ki, hər addımbaşı ticarət obyektlərinin üstünə “arendaya” verilir sözü qeyd olunub.

Bazarda tacirlər bunu əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edirlər. Bundan başqa məsələnin kökündə duran amillərdən biri də şəhərdə geyim dükanlarının sayının artmasıdır. Çünki haradasa 10 il əvvəl paytaxtda geyim dükanları bu qədər çox deyildi. Amma indi hər 5 metrdən bir pal-paltar mağazalarına rast gəlmək olur. Yəni “Binə” və “Sədərək” ticarət mərkəzləri əhalinin paltar alması üçün getdiyi yer idi. İndi isə buna ehtiyac yoxdur. Bakı sakini yaşadığı evin 2 metrliyindən “Binə” və “Sədərək” bazarında olan qiymətlə fərqlənməyəcək paltarı ala bilir. Üstəlik bura insanların daha Çin istehsalından qaçmasını da əlavə etsək adlarını çəkdiyimiz ticarət mərkəzlərinin vəziyyətini təsəvvür etmək çətin olmaz.

Başqa bir məqam isə ondan ibarətdir ki, bundan əvvəl qonşu Gürcüstan və Rusiya bazarları “Binə” və “Sədərək” ticarət mərkəzlərindən aparılan geyim məhsullarının hesabına fəaliyyət göstərirdi. İndi isə demək olar ki, həmin ölkələrdən bu bazarlara gələnlər barmaqla saymaq olar.
Göründüyü kimi indi hər iki ticarət mərkəzində vəziyyət tamam başqa cürdür. Yəni sahibkarın satışdan əldə etdiyi gəlir günlük lazım olan xərci ödəməyə yetmir. Belə ki, ticarət mərkəzinin rəhbərliyi tərəfindən yer haqqının artırılması, əlavə vergilərin tətbiqi sahibkarları bazardan qaçırmağa məcbur edir.
Məsələ ilə bağlı Ticarət Mərkəzləri ilə əlaqə saxladıq. “Binə”dən cavab ala bilməsək də, “Sədərək” Ticarət Mərkəzindən bu faktları təkzib etdilər.

“Heç kim ticarət mərkəzini tərk etmir. Yalan məlumatdır. Əksinə yeni dükanlar tikilir. İnformasiya düz olsaydı, heç bu qədər dükanın tikilməsinə nə ehtiyac var idi? Bundan əlavə 1500 dükanlıq şirniyyat platforması tikilir. Sahibkarlar nəinki buranı tərk edirlər, əksinə “arenda”ya verə bilmirlər”.
Hər iki ticarət mərkəzindəki olayları mütəmadi izlədiyini söyləyən iqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, sahibkarlara qoyulan haqlar nəticəsində ticarət dövriyyəsinin aşağı düşməsi səbəbindən tacirlər fürsət düşən kimi oranı tərk etmək istəyirlər. Onun sözlərinə görə, bu proses “Binə” ətrafında baş verən məlum olaylardan sonra başladı:

“Bütün aksiyalara baxmayaraq ticarət mərkəzinin rəhbərliyi arzusuna çatdı. Yəni haqları qaldırdılar. Sahibkarların tək vergi xərcləri artmadı. Onlara elektrik enerjisi ilə bağlı da əlavə xərc qoydular. Dövlət elektrik enerjisi tarifini 6 qəpik hesablayıbsa, ticarət mərkəzində enerji sərfiyyatını daha yüksək tariflə hesablayırlar. Hətta oranın sahibləri elektrik tariflərini belə yüksək qoymaqla da əlavə gəlir əldə edirlər. Əslində hakimiyyətin də marağında olmalıdır ki, həmin ticarət mərkəzləri bağlanmasın. Çünki paytaxtdan kifayət qədər uzaqda, əlverişli məkandadır. Bu cür ticarət mərkəzlərinin Bakı kimi meqapolislərdə olması çox məqsədəuyğundur. Bu baxımdan “Binə” və “Sədərək” ticarət mərkəzlərinin bağlanması çox ciddi problemlər yarada bilər. Çox çalışdım ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki olaylarla bağlı nə isə tapım. Amma kələfin ucunu tapa bilmədim. Amma bir məlumat var ki, üzdə olan sahibkarları dəyişmək istəyirlər”.

Geri qayıt