Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLUNUN TƏKLİFİ VAR

SƏRDAR CƏLALOĞLUNUN TƏKLİFİ VAR


21-05-2013, 09:02
SƏRDAR CƏLALOĞLUNUN TƏKLİFİ VAR
"ADINI "MƏNİM ŞURAM" QOYSUNLAR"...

“Milli Şuranın məqsədi məramı bəlli deyil”.

Bu sözləri Milli.Az saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, Milli Şura ideyasını ortaya atan insanlar əslində müxalifətin birliyini istəmirlər.

“Çox maraqlı taktika seçirlər ki, müttəfiqləri parçalasınlar. Misal üçün, İctimai Palata yaradılanda ADP-ni ora dəvət etmişdilər. Ancaq ADP-nin “Qarabağ” bloku çərçivəsində müttəfiq olduğu Ümid Partiyasını dəvət etməmişdilər. Biz də öz müttəfiqimizin üstündən keçərək İctimai Palataya gedə bilməzdik və getmədik də. Nəticədə İctimai Palata iflasa uğradı”, - o əlavə edib.

ADP sədri deyib ki, indi də həmin şəxslər Milli Şuranı yaradarkən eyni taktikanı yürüdürlər.

“Bu dəfə İqbal Ağazadəni həmin Milli Şuraya dəvət edirlər, ancaq məni nədənsə dəvət etmirlər. Bilirlər ki, İqbal Ağazadə müttəfiqliyimizin üzərindən keçib ora getməz. Yəni, beləliklə, ya müttəfiqləri ayırmağa çalışırlar, ya da ki, birlik baş tutmadıqda günahı başqalarının üstünə atmaq istəyirlər. Bu, əslində birlik yaratmaq şousudur. Onların müxalifətin birliyini yaratmaq kimi bir niyyətləri olsaydı, belə etməzdilər. Ancaq mən İqbal Ağazadəyə demişəm ki, onların təklifini qəbul etsin və getsin Milli Şuraya ki, sonradan başqa bəhanələri qalmasın”, - Sərdar Cəlaloğlu vurğulayıb.

ADP sədrinin sözlərinə görə, Milli Şuranın yaradılmasında heç bir aşkarlıq prinsipi yoxdur. Bir qrup şəxs yığılır öz aralarında müzakirə aparır, adını da Milli Şura qoyur.

“Bilinmir ki, bu şuranın məqsədi, məramı nədir. Onlar özləri istəyən təşkilatları ora çağırırlar. Əgər belədirsə, həmin təşkilatın adını Milli Şura qoymasınlar. Adını “Mənim şuram” qoysunlar. Çünki həmin şurada milliyə aid heç nə yoxdur. Misal üçün, mənə maraqlıdır ki, bu şura, doğrudan da, milli olmaq üçün cəmiyyətin bütün kəsimlərini əhatə edirmi? Bu birlikdə, islamçılar, solçular və ya liberallar təmsil olunacaqmı? Əgər bunlar olmayacaqsa, onun adını necə Milli Şura qoymaq olar?”, - Sərdar Cəlaloğlu sual edib.

Geri qayıt