Əsas Səhifə > Partiya > "XALQIN VAHİD NAMİZƏDİ OLMAQ LAZIMDIR"
"XALQIN VAHİD NAMİZƏDİ OLMAQ LAZIMDIR"21-05-2013, 10:20 |
“Arif Hacılıya cavab vermək istəməsəm də, yeganə onu deyə bilərəm ki, hər hansı partiyanın namizədi olmaq heç də xalqın vahid namizədi olmaq anlamına gəlmir. Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq biz müxalifətin seçkilərdə vahid namizədlə iştirakına tərəfdarıq. Kimin ən güclü və vahid namizəd ola biləcəyini isə zaman göstərəcək”. Bu sözləri Editor.az-a açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev Müsavat başqanının müavini Arif Hacılının İsa Qəmbərin ən şanslı namizəd olmasına dair bəyanatını şərh edərkən belə söyləyib. Onun sözlərinə görə, indiki məqamda kimin daha şanslı namizəd olmasına dair müzakirələrin açılması yolverilməzdir: “Əsas məsələ seçkilərin demokratik keçirilməsinə və seçkilərdə şəffaflığın təmin olunmasına nail olmaqdır. Buna nail olmadan seçkilərdə iştirakın mənası yoxdur. AXCP seçkilərdə müxalifətin vahid namizədlə iştirakına çalışır. Hesab edirik ki, yalnız vahid namizədlə seçkilərdə iştirak edib uğur qazanmaq olar”. Milli Şura ilə bağlı müzakirələrin getdiyini deyən AXCP təmsilçisi bildirdi ki, müxalifətin bir araya gəlməsindən sonra daxili seçkilər yolu ilə vahid namizədi müəyyənləşdirmək çətin olmayacaq: “Hər bir müxalifət partiyasının və liderinin borucudur ki, ictimai rəylə hesablaşsın. Cəmiyyət kimi vahid namizəd olaraq görəcəksə, bizdə həmin namizədin ətrafında birləşməyə məhkumuq”. Geri qayıt |