Əsas Səhifə > Güney Press, Üçüncü sektor > POLİS RƏİSİNDƏN NARAZI VƏTƏNDAŞ PROKURORA ÜZ TUTDU
POLİS RƏİSİNDƏN NARAZI VƏTƏNDAŞ PROKURORA ÜZ TUTDU21-05-2013, 11:37 |
Saatlı rayon prokuroru Tariyel Ələkbərova üz tutan Saatlı şəhəri, Mətləb Kərimov küçəsi-51 ünvanda yaşayan, Qarabağ müharibəsi veteranı, II qrup hərbi əlil, rayon Veteranlar Şurasının sədri Qurbanov Əliağa Əsədulla oğlu Saatlı rayon Polis Şöbəsinin rəisinin son hərəkətlərindən yazıb... “Təzadlar”a Ə.Qurbanovun müraciəti daxil olub. Müraciət Saatlı rayon prokuroru T.Ələkbərova ünvan edilib. DİA.AZ olaraq həmin müraciəti kiçik ixtisarla təqdim edirik: Hörmətli cənab Prokuror! Yazaraq Sizə bildirirəm ki, 07 aprel 2013-cü il tarixdə Saatlı rayon Polis Şöbəsindəki bəzi nöqsanlar barədə keçmiş zabitin iradları kimi DİN Daxili Təhqiqatlar İdarəsinə ünvanladığım məktub araşdırılmaq üçün Saatlı rayon Polis Şöbəsinə göndərilmişdir. Məktubda qeyd olunurdu ki, iki şəhid ailəsindən pul alınması faktları araşdırılarkən polis əməkdaşları tərəfindən Mehbalıyevlər ailəsinə və Mirvari Babayevaya təzyiq və təsir göstərilmişdir, hətta M.Babayevadan guya ona böhtan atmağım barədə ərizə alınmışdır və s. Polis rəisinin göstərişi ilə bir çox məmurlardan tutmuş digər şəxslərə qədər, bir çox insanlar tərəfindən həmin məktubun bağlanması üçün məndən xahişlər olunmuşdur. Polis şöbəsində izahat verərkən isə mən həmin məktubda yazdıqlarımı təsdiqləməklə, onun şikayət kimi yox, zabit iradları kimi yazdığımı etiraf etmişəm. Bundan sonra Saatlı rayon Polis Şöbəsinin rəisi Cəbrayıl Vəliyevin göstərişi və onun müavini Hacı Əhmədovun icrası ilə mənə qarşı “qara piar” kampaniyasına başlanmışdır. Bir çox insanlar Saatlı rayon Polis Şöbəsinə çağrılmış, onlara guya oğlumun icarəyə götürüb işlətdiyi kafedə mənim müxalifətlə, “demaqoq”larla dövlətin əleyhinə söhbətlər apardığım barədə hüquq-mühafizə orqanlarına ünvanlanmış “hazır” teleqram mətnləri təqdim olunmuşdur. Şöbəyə çağrılanlardan yalnız rayonun Çolpu kənd sakini, belə işlərdə daim polislərlə “yaxınlıq” edən, mənim üzdən tanıdığım Ehtiram Ehtibar oğlu Qasımov “hazır” teleqramı vurmağa razılaşmışdır. Səhəri gün isə Ehtiram Qasımov bu teleqramı polisin təzyiqi altında vurduğunu, teleqramdakı “Əliağanın başqa Əliağa olduğunu düşünərək” buna razılışdığını söyləmiş və kiril əlifbası ilə polis rəisinin adına yazdığı ərizəni şöbəyə göndərmişdir. Ehtiram Qasımov özü mənə yalvararaq səhv etdiyinə görə onu bağışlamağımı onlarla adamın yanında dəfələrlə söyləmişdir. Çox təəssüf ki, məktub polis rəisi Cəbrayıl Vəliyevə çatandan sonra E.Qasımov əvvəlcə rəis müavini Hacı Əhmədovun, sonra birlikdə rəis C.Vəliyevin, daha sonra isə birlikdə rəis C.Vəliyevin yanına aparılmışdır. Bu dəfə E.Qasımovdan latın qrafikası ilə yazılmış izahat alınmışdır. E.Qasımov kiril qrafikası ilə yazıb rəisə göndərdiyi ərizəni mənim “təzyiqim” altında yazdığını, mənim onu ölümlə hədələyərək yazdırdığım barədə izahat vermişdir. O, digər izahatında ümumiyyətlə, kiril qarafikası ilə yazılmış izahatın ona məxsus olmadığını, həmin izahatı mənim kiməsə yazdıraraq rəisə göndərdiyimi belə yazmışdır. Cənab Prokuror! Odur ki, Sizdən E.Qasımovun rayon prokurorunun köməkçisi H.Hüseynovun icraatında olan materiallardakı izahatlarındakı təzadlı olan qərəzli fikirlərinin araşdırılması üçün bütün izahatlardakı xəttin ona məxsus olub-olmadığının araşdırılması üçün ekspert təyin olunmasını xahiş edirəm. Əlavə edirəm ki, Ehtiram Qasımovun Saatlı rayonunun sabiq hərbi komissarı İlqar Atayevlə ilişgili cinayət tərkibli əməlləri ilə bağlı Respublika Hərbi Prokurorluğunun müstəntiqi, polkovnik-leytenant Rəsul Hüseynova sorğu göndərməyinizi xahiş edirəm! Ehtiram Qasımovun şəxsiyyətinin araşdırılması üçün isə Çolpu kənd icra nümayəndəliyinə, 13 saylı TSEK-ə, Respublika Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Saatlı rayon İcra Hakimiyyətinə, DSMF-yə, Saatlı rayon Mərkəzi Xəstəxanasına sorğular göndərməyinizi xahiş edirəm! E.Qasımovun cinayət tərkibli əməlləri barədə Sizə kifayət qədər ətraflı məlumatlar verəcəyəm və polis rəisinin “yaxın” dostu olan E.Qasımovu yaxından tanıyacaqsınız! Saatlı rayon prokurorunun köməkçisi H.Hüseynov məndən izahat alarkən bir neçə maraqlı faktlar üzə çıxdı. Şəhər sakinləri-Abdullayev Sədulla Rəhim oğlunun və Abdilli Emil Fəxrəddin oğlunun Respublika Baş Prokurorluğuna, DİN-ə, Saatlı rayon Prokurorluğuna, Saatlı rayon İcra Hakimiyyəti başçısına teleqramlarla müraciət etdikləri məlum oldu. Prokuror köməkçisinin “Siz bu adamları tanıyırsınızmı?”-sualına təbii ki, “xeyr” cavabını verdim. Teleqramların mətni barədə yazmaq istəmirəm, çünki onlar polisin “toplanmış materiallarında” vardır. Cənab Prokuror! Təsəvvür edirsinizmi, Abdullayev Sədulla Rəhim oğlu uzun müddətdir ki, Rusiyada yaşayır və sonuncu dəfə Azərbaycanda nə vaxt olub, heç rəis Cəbrayıl Vəliyev də bilməz. Amma onun adından mənə qarşı teleqram vurulur. Emil Abdilli isə bir neçə il əvvəl atasının vəfatından sonra ailə həyatı qurub və Bakıda yaşayır. Emil Abdilli 18 may 2013-cü il tarixdə saat 16:03-də 070-266-91-88 nömrəli telefondan (sonra öyrəndim ki, özünə məxsusdur) mənə zəng etmişdi. Mən onu telefonda sakitləşdirə bilmirdim. Bu teleqramı təşkil edənlər, onu vuranlar, bu işin başında dayananlar barədə nələr demədi?! Şübhəsiz ki, o, rayon prokurorluğuna gəlib izahatı ilə bu saxta teleqrama aydınlıq gətirəcək. Sədulla Abdullayev isə Moskvadan yeznəsi Ələddin Abdiyevə zəng edib, yaxın günlərdə təyyarə ilə uçub gələcəyini və bəzi məsələlərə aydınlıq gətirəcəyini bildib. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur? Belə lazımsız və polis rəhbərinə yaraşmayan variantlara əl atan polis rəisindən və onun bəzi əməkdaşlarından nə desən gözləmək olar. Amma mən bilirəm ki, bu məsələlər nazir Ramil Usubovun diqqətinə çatsa, rəisə qarşı olduqca sərt tədbir görəcək. Mən başa düşmürəm, polisin Saatlıda görməli olduğu başqa iş yoxdurmu? Sizdən həmin teleqramların kimlər tərəfindən vurulduğunu, bu işin arxasında kimlərin dayandığının araşdırılması üçün göstəriş vermənizi xahiş edirəm. Teleqramda onun yola salınması tarixi və saatı vardır. Rabitə evinin təhlükəsizlik kameralarında həmin teleqramları vuran şəxslər və onların başının üstündə dayanan paqonlu şəxs və ya şəxslər yəqindir ki, yaddaşa düşmüşdür. Bundan əlavə, E.Qasımovun kirillə yazılmış ərizəsində icra hakimiyyətinin işçisi Nurəddin Abdiyevin qardaşının adı hallanır. N.Abdiyevin bir qardaşı Telman Abdiyev polisin “UAZ” markalı avtomobilinin sürücüsüdür. Onun digər qardaşı Çingiz Abdiyev şəhər icra nümayəndəliyində kargüzarlıqla məşğuldur. Həm Sədulla Abdullayevin və həm də Emil Abdillinin Abdiyevlərlə çox yaxın qohumluq əlaqələri vardır. Yəqin ki, bütün bunlar “saxta” teleqramları vuranları aşkar etməkdə “ipucu” ola biləcək! Polis rəisinin əqidəli, vicdanlı, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq olan bir adamı ləkələmək üçün əl atdığı bu ucuz variant onun bu işdə səriştəsizliyindən xəbər verir. Gün ərzində məni açıq-aşkar izlətdirmək, oturub durduğum adamlara sifariş göndərmək, əyləşdiyim çayxananı bağlatdıracağı ilə hədələmək, hər halda, rəisin məsələləri ağılla yox, zorla həll etmək cəhdi kimi qiymətləndirilməlidir. Ən azından, son günlər rayon polisi barədə olduqca mənfi rəy formalaşır. Çünki polis rəisi doğru addımlara könül verməyib. 19 may 2013-cü il tarixdə saat 12 radələrində bazar ətrafındakı “Muğan” parkının polislər tərəfindən mühasirəyə alınması da C.Vəliyevin bu işdə tam səriştəsizliyinin bariz nümunəsidir. Həmin vaxt mən C.Vəliyevin mənə “xahiş-minnətə” göndərdiyi hacı Mirabbas Abbasovun və hacı Seyidrza Kazımovun telefonla məndən görüşmək istədikləri ilə bağlı ricasını nəzərə alıb həmin parka gəlmişdim. Hacılar məndən rəislə “barışmağı” çox xahiş etdilər və mən çox yumşaq, sülhsevər adam olduğum üçün xırda şərtlə razılıq verdim. Dedim ki, oğlumun icarəyə götürdüyü çayxananın sahibini qorxudub, çayxananı bağlatdıran rəisə deyin, olan-olub, böyüklük eləsin, bir neçə ailənin yeganə çörək ağacı-iş və məşğulluq yeri olan bu obyektin açılmasına icazə versin. Hansı ki, çayxana polis rəisinin özəl obyekti deyil ki, sərəncam vermək hüququ da olsun. Sadəcə, rəis vəzifəsindən sui-istifadə edərək obyekt sahibinə qanunsuz göstəriş verib. Və mən çox hörmət bəslədiyim hacılara da bildirdim ki, bu çayxana insanların baş-başa verib dərdləşdiyi bir iaşə yeridir. Bakının Bulvarında yüzlərlə çayxana var. İndi Bakı şəhər Baş Polis İdarəsinin rəisi Hacıbala Abutalıbova tapşırıq versin ki, görün o çayxanalara kimlər gəlir, nə danışır, nədən söhbət edirlər? Bu absurd məsələdir! Amma bizim rəis insanların daha bir istirahət yerindən-sayxanadan qaçmasına, deməli, daha pis işlərlə məşğul olmasına şərait yaradır. Bu insanlar çayxanaya gəlməsin, bəs hara getsin: bara, restorana, əxlaqsızlıq və narkotikləşdirilmə yerlərinə? Bəlkə oğurluqla məşğul olma barədə düşünsünlər? Dünyanın harasında olub ki, insanları çayxanada güdürlər? Və güddürən polis şefi olur! Beləliklə, mən parkın həyətində oturub hacılarla çay içərkən park polislə doldu. Mən zarafatla hacılara dedim ki, görürsünüz, rəis C.Vəliyev Sizi mənim üstümə xahişə göndərib, ardınca da məni həbs etdirmək üçün polisləri göndərib... Axşam saat 19 radələrində isə futbol yarışları keçirdiyim Peşə Liseyinin idman meydançasında zarafatımın çin olduğu aşkarlandı. Sən demə, polis məni tutmağa gəlibmiş, guya mən “Muğan” parkında aksiya (?!) keçirəcəyəm! Cənab Prokuror! Cəbrayıl Vəliyevin polis rəisi kimi fəaliyyətində Azərbaycan Respublikasının qanunlarının yox, başqa cür idarə etmənin simptomları açıq-aşkar görünür. O, rəis kimi Saatlı rayonunu “oğru” qanunları ilə idarə etməyə çalışır. Mən DİN naziri, çox hörmətli Ramil Usubova C.Vəliyevin polis sıralarına necə düşməsinin, xüsusən də belə mötəbər posta necə təyin edilməsinin araşdırılması barədə də müraciət edəcəyəm. Bu müştəbeh və özündən çox razı olan rəis barədə bütün instansiyalara məlumat verəcəyəm. “Mərdi qova-qova namərd etmək”, öz nöqsanlarını görmək və bundan çəkinmək əvəzinə, Güzgünü sındırmaq yolverilməzdir! Deyəsən, rəis həqiqətən də unudub ki, Azərbaycan hüquqi, demokratik bir dövlətdir! Bu ölkənin İlham Əliyev kimi demokratik prezidenti, dövlət başçısı var. Onu qəzetdə tənqid etdiyinə görə jurnalisti müxtəlif iyrənc vasitələrlə qorxutmaq, həbs etməyə çalışmaq, şantaj etmək, özü kimilərinin əli ilə böhtan atmaq nəinki məmura, heç kimə yaraşan iş deyil! Polis rəisi C.Vəliyevin idarəetmə metodu adamları, şübhəsiz ki, hökumətdən narazı salır. Bu gün çox yüksək inkişaf etmiş və gözəl istirahət guşələri olan Saatlı çayxanalarında insanlar çox az gözə dəyir. Polis xofu, nahaqdan “işə düşmək” qorxusu adamların canından çıxmır. Cənab Prokuror! Sizdən ərizəmin qeydiyyata alınaraq rayon prokurorluğunda Saatlı rayon polis şöbəsi tərəfindən göndərilmiş materiallara əlavə edilməsi və ərizəmdə göstərilən xüsusatların ciddi və obyektiv araşdırılması barədə müvafiq göstəriş verməyinizi xahiş edirəm. Geri qayıt |