Əsas Səhifə > Sosial > JURNALİSTİ QULAĞINI KƏSMƏKLƏ HƏDƏLƏYİBLƏR
JURNALİSTİ QULAĞINI KƏSMƏKLƏ HƏDƏLƏYİBLƏR24-09-2011, 11:30 |
BAŞ REDAKTOR RAMİL USUBOVLA GÖRÜŞMƏK İSTƏYİR Dünən axşam, sentyabrın 23-də axşam saat 21.00 radələrində 20 AA 414 dövlət nömrə nişanlı UAZ markalı avtomobillə “Ayna” və “Zerkalo” qəzetlərinin, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovun ailəsinin yaşadığı həyətə yenidən basqın olub. “Qafqazinfo”nun məlumatına görə, sözügedən avtomobillə gələn şəxslərdən biri İ.Abbasovun qohumlarını hədələyərək bildirib: “İdraka deyin ağıllı olsun, elə eləməsin ki, onun qulağını kəsək”. Jurnalistin bildirdiyinə görə ona və ailəsinə qarşı hədələr və təhqirlər davam edir, baxmayaraq ki, o, şəxsi və ailəsinin təhlükəsizliyinin təmin olunması ilə bağlı sentyabrın 22-də prezident İlham Əliyevə müraciət edib. Sentyabrın 23-də isə İ. Abbasov tərəfindən problemlə bağlı Mətbuat Şurasına müraciət olunub. Bu gün isə, sentyabrın 24-də “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı jurnalistin başına gələn hadisənin araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması, habelə onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Hadisədən öncə isə, sentyabrın 21-də səhər saatlarında “Niva” markalı 90 AE 764 dövlət nömrə nişanlı avtomobillə 4 nəfər idmançı görkəmli şəxs jurnalistin ailə üzvlərinin yaşadığı həyətə növbəti dəfə qanunsuz soxulublar. Onlar heç bir məsuliyyət hissi keçirmədən jurnalistin ailə üzvlərini təhqir ediblər. “Deyiblər ki, bizə heç nə edə bilməzsiniz. Adam kimi dil başa düşmürsünüz. Elə eləməyin ki, sizi daha betər günə qoyaq”,- deyə qeyd edən jurnalistin sözlərinə görə, basqınçılar baş verənlərin ictimailəşdirilməsi ilə Abbasovların heç nəyə nail ola bilməyəcəklərini və növbəti dəfə İ. Abbasovun “ağıllı olmağa” dəvət edilməsini qohumlarından tələb ediblər. Sentyabrın 20-dən 21-ə keçən gecə isə saat 22.30 radələrində Binəqədi rayon Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində işdən evə gedərkən yaşadığı evin yaxınlığında ağ rəngli “Niva” markalı 90 AX 171 dövlət nömrə nişanlı avtomobildəki iki idmançı cüssəli şəxs İdrak Abbasovun qarşısını kəsərək onu hədələyiblər. Buna qədərsə onun qardaşı Raman Abbasovun qarşısı kəsilmişdi və o da hədələnmişdi. Xatırladaq ki, sentyabrın 9-da saat 10 radələrində “Binəqədi OİL”un 30-50 nəfərlik “xüsusi təyinatlı”sı ağır texnika ilə Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə daxil olaraq İ.Abbasovun qohumlarını döyüblər. Basqınçılar həyətə ekskavatorla darvazanı sındırmaqla daxil olublar. Daha sonra qara və mavi geyimli idmançı cüssəli şəxslər ağır ifadələrlə təhqir etməklə bərabər qohumlarını ayaq və əl zərbələri, habelə rezin dəyənəklərlə döyüblər. Habelə İ.Abbasovun qardaşı Ədalət Abbasova məxsus evin bir qismi ekskavatorla uçurulub. Baş verən hadisə ilə bağlı İ.Abbasovun atası Telman Abbasov 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Kliniki Mərkəzə çatdırılıblar. Geri qayıt |