Əsas Səhifə > Siyasət, Manşet > RAFİQ ƏLİYEV DƏ ƏFV OLUNA BİLƏR

RAFİQ ƏLİYEV DƏ ƏFV OLUNA BİLƏR


12-12-2011, 12:44
RAFİQ ƏLİYEV DƏ ƏFV OLUNA BİLƏR

SABİQ NAZİRİN QARDAŞI İLƏ BAĞLI FİKİR AYRILIĞI VAR

DİA.AZ: - Hal-hazırda həbsdə saxlanılan «Azpetrol» Neft Şirkətinin keçmiş prezidenti, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin də əfv olunacağı haqda məlumatlar almışıq. Xatırladaq ki, ilk dəfə məhz «Dünya» İnformasiya Agentliyi olaraq bizlər növbəti əfv fərmanının imzalanacağı haqda məlumat vermişdik. Və bildirmişdik ki, yeni il ərəfəsində belə bir addımı atmaqla rəsmi Bakı «Arvoviziya-2012»-yə qədər müəyyən mənada siyasi müstəvidə də həyəcanı azaltmağı düşünür.

Məlumatımızda onu da bildirmişdi ki, sayca 50-ci əfv fərmanı olan bu addımla çoxlu sayda siyasi motivlərlə həbs olunmuş şəxsin azadlığa çıxacağı gözlənilir. Onların arasında 2 aprel məhbusları da var, keçmiş OMON-çular da. Hicab məhbuslarının, «Yeni Fikir» Gənclər Hərəkatının sədri Ruslan Bəşirliyinin, müxalif fəal Cabbar Savalanın və eləcə də adları siyasi məhbus siyahısında olan onlarla məhbusun da bu fərmanla azadlığa çıxacağı söylənilir.

Bu arada isə redaksiyamıza ilginc faktlar daxil olub. Mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, Rafiq Əliyev də azadlığa çıxa bilər: «Keçmiş «Azpetrol» şefi ilə bağlı buna qədər də bir neçə dəfə qaldırılsa da, amma hakimiyyət içində hələ də möhkəm mövqedə olan və 2005-ci ilin məlum 17 Oktyabr hadisələrinin memarları kimi diqqətə gələn qüvvələr belə bir addımın atılmasını əngəlləyiblər. Amma bu dəfə fərqli bir atmosfer var. Hakimiyyət demokratik imicin yaradılması ehtiyacındadır və ona səs-küy yarada biləcək bir əfv qərarı bərk lazımdır».

Mənbə bildirir ki, əslində əsas gərginlik «Avroviziya-2012» ilə bağlıdır. Məlumdur ki, rəsmi Bakı bu beynəlxalq mahnı yarışması istiqamətində çox ciddi şəkildə köklənib. Milyonlarla vəsait bu gün məhz həmin müsabiqənin tədarükünə yönəldilib. Və belə olan şəraitdə inandırıcı deyil ki, Azərbaycan hakimiyyəti problemlərlə üz-üzə qalmaqdan məmnun qalsın.

Çünki bildirilənə görə, «Avroviziya» mahnı yarışmasının təşkilatçılarının da Azərbaycan hakimiyyətinə sürprizləri var. Bu barədə Qərb mətbuatında yer alan məlumatlarda bildirilir ki, sözügedən beynəlxalq müsabiqənin təşkilatçıları rəsmi Bakı qarşısında «AZAD MUSİQİ AZAD ÖLKƏDƏ» tələbini irəli sürə bilərlər. Qeyd edək ki, eyni adlı tələb altında azərbaycanda da müəyyən hərəkətlənmələr var.

Və belə bir şəraitdə rəsmi Bakının bəri başdan qınaq obyektinə çevrilməsini əngəlləyən addımlar atması daha məntiqəuyğundur. Buna əsaslanan mənbəmiz vurğulayır ki, ona görə də Rafiq Əliyevlə bağlı hakimiyyətə edilən təkliflər artıq müzakirə mövzusuna çevrilib: «Lakin bir daha vurğulayırıq ki, əks qütbdə dayananlar çox ciddi şəkildə maneə rolunu oynamaqdadırlar».


Geri qayıt