Əsas Səhifə > Siyasət, Manşet > MOLLA REJİMİ ŞEYXƏ NƏYİ ŞƏRT KİMİ QOYUB?
MOLLA REJİMİ ŞEYXƏ NƏYİ ŞƏRT KİMİ QOYUB?22-05-2013, 10:22 |
FARS-MOLLA REJİMİNİN AZADLIQ TƏLƏBİNƏ BAKI NECƏ REAKSİYA VERƏCƏK? DİA.AZ: - Hələ Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfəri zamanı azərbaycanlı xanım alim Xalidə Xalidin həbs edilməsi faktı bir daha təsdiqləmiş oldu ki, fars-molla rejimi Azərbaycanla münasibətlərini sırf olaraq öz maraqlarına uyğun çərçivədə tənzimləməyi düşünür. Bunun ardından da Şeyxin İrana səfər zərurətinin yaranması bir daha təsdiqlədi ki, rəsmi Bakı hətta bu halda belə prezident seçkiləri öncəsi Tehranla münasibətlərini qaydaya salmaqda maraqlıdır. DİA.AZ bildirir ki, artıq Tehran Bakıdan nələri istədiyini bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin diqqətinə çatdırıb. Elə bu barədə «AranNews» portalında da geniş məlumat verilib ki, DİA.AZ olaraq həmin məlumatı olduğu kimi təqdim edirik: «Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi bazar ertəsi günü Bütün Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allaşükür Paşazadə ilə görüşündə İran İslam Respublikasının Azərbaycan və Qafqaz regionu ilə qonşuluğuna işarə edərək vurğulayıb: "İslamda qonşular və onlarla yaxşı münasibət çoxlu sifariş olunmuşdur. Belə ki, Əmir əl-mömininin (ə) kəlamında gəlmişdir ki, Peyğəmbər (s) qonşular barədə o qədər tövsiyə edirdi ki, elə bil qonşular bir-birlərinə qohumdurlar". Təqlid mərcəsi qonşuların düşmən hiylələri qarşısında ayıqlıq göstərmələrinə də işarə edərək deyib: "Düşmənlərin bizim aramızda ayrılıq salmasına, sui-zənn və anlaşılmazlıq yaratmalarına icazə verməməliyik". O, müsəlmanlar arasında hər növ ixtilaf və təfriqəni düşmən meydanında hərəkət adlandıraraq deyib: "İslamın düşmənləri müxtəlif hiylələrlə müsəlmanları bir-birinin canına salmaq və onlar arasında təfriqə yaratmaq istəyirlər. Hal-hazırda bir neçə İslam ölkəsində müsəlmanlar düşmən hiylələri nəticəsində bir-birini öldürür və bu durumdan yalnız düşmən xeyir götürür". Təqlid mərcəsi Şeyxül-İslam Allaşükür Paşazadəyə xitab edərək deyib: "Bizim eşitdiklərimizə əsasən, sizin Azərbaycan və Qafqaz regionunda nüfuzunuz vardır. Öz nüfuz və təsirli olmağınızdan düşmənin hiylələrini məhv etmək və mövcud problemlərin həlli üçün istifadə edin. Sizin bu səfəriniz mütləq bizimlə Azərbaycan və Qafqaz regionu arasında dostluğun daha da dərinləşməsinə səbəb olacaq". Ayətullah Məkarim Şirazi artırıb: "Öz mövqeinizdən istifadə edərək müsəlman xalqın azad olmasına, öz dini mərasimlərini icra edə bilmələrinə çalışın. Çünki onlar öz dini mərasimlərinin keçirilməsində nə qədər azad olsalar, hökumətlə xalqın bağlantısı bir o qədər möhkəm olar". O daha sonra deyib: "Mən Azərbaycan Prezidentinə təklif etdim ki, xalqla asan rəftar etsin və zindanda olan bəzi dini şəxsiyyətləri azad etsin. Bunun həm ölkə xalqı, həm də qonşu ölkələrin xalqı arasında yaxşı təsiri vardır". Təqlid mərcəsi deyib: "Lap qədim dövrlərdən bizim azərbaycanlılarla yaxşı münasibətlərimiz vardır və indi də bu münasibətlər öz qüvvəsində qalır. Biz onları qeyrətli, şücaətli, məhəbbətli insanlar kimi tanıyırıq. Arzu edirik ki, yaxından sizin aranızda olmaq və sizin dəvətinizi qəbul etmək üçün müvəffəq olaq". O həmçinin Azərbaycan və İran alimlərinin daha artıq münasibət yaratmalarına, elmi-mədəni əlaqələr qurmalarına təkid edərək, dostluq bağlantılarının daha da möhkəmləndirilməsini istədi və bunu hər iki ölkənin xeyrindən əlavə bütün müsəlmanlaın xeyri adlandırıb. Qeyd edək ki, bu görüşün əvvəlində Şeyxül-İslam Paşazadə Qafqaz və Azərbaycan xalqının səmimi salamlarını həzrət Ayətullah Məkarim Şiraziyə çatdırmış və bu təqlid mərcəsini Azərbaycana və Qafqaza səfər etməsini dəvət etmişdir». Geri qayıt |