Əsas Səhifə > Cəmiyyət, Manşet > TƏRTƏRDƏ İNSAN HƏYATINA DƏYƏR VERƏN YOXDUR

TƏRTƏRDƏ İNSAN HƏYATINA DƏYƏR VERƏN YOXDUR


25-05-2013, 13:43
TƏRTƏRDƏ İNSAN HƏYATINA DƏYƏR VERƏN YOXDUR
KİMLƏR SATIŞA ÖLÜ HEYVAN ƏTİ ÇIXARIR?

DİA.AZ: - Tərtərdə dəhşətli vəziyyət yaşanır. Bu yaxınlarda baş vermiş sel fəlakəti nəticəsində ölmüş heyvanların ətinin bazarda satılması müşahidə olunub. Hətta məsələdən xəbər tutan rayon sakinləri bununla əlaqədar ət satan şəxslərlə ciddi mübahisə ediblər. Elə həmin mübahisə nəticəsində əsil səbəbkarın kimliyi aşkarlanıb.

Rayondakı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatda deyilir ki, sel zamanı ölmüş xeyli sayda heyvanın ətini satışa çıxarılmasına rayonun baş baytarı Məhərrəm Əliyev icazə verib. Mənbə bildirir ki, həmin heyvanların heyif olmasını istəməyən kənd sakinləri onları realizə etmək istəyiblər. Potensial xəstəlik mənbəyi olan bu məhsullar isə baş baytar tərəfindən satışına icazə verilə bilərmiş. Elə Məhərrəm Əliyevə də yol tapan həmin işbazlar qısa müddətdə onunla anlaşmağı bacarıblar. Mənbə deyir ki, qarşılıqlı anlaşma şəraitində keçən görüşdən sonra baş baytar ölü heyvanların ətinin satışına razılıq verib və onları belə sənədləşdirib ki, guya, heç bir xəstəlik aşkarlanmayıb. Amma aydın məsələdir ki, ölü heyvanın ətinin yeyilməsi qadağandır və tibb mütəxəssisləri də bunu birmənalı olaraq vurğulayırlar.

Qeyd edək ki, pul qazanmaq həvəsində olan baş baytarın bu hərəkəti yüzlərlə tərtərlinin həyatını təhlükə qarşısında qoyub. Amma bazardakı vəziyyəti bilən sakinlər bütün rayona car çəkiblər ki, indiki məqamda diqqətli olsunlar. Bu azmış kimi, Məhərrəm Əliyev əksər yerlərdə deyib ki, guya, o belə bir sənəd və ya icazə verməyib. Lakin məsələdən xəbər tutan icra başçısı onu yanına çağıraraq, məsələni aydınlaşdırmaq istəyib. İcra başçısının qarşısında meydan oxuyan baş baytar onun diqqətinə çatdırıb ki, baş verənlərdən guya xəbəri yoxdur. Amma faktlar ortalığa qoyulandan və şahidlərin ifadələri üzə çıxdıqdan sonra Məhərrəm Əliyev nəinki geri çəkilib, üstəlik icra başçısının özünü haqsız çıxarıb. Görüş zamanı baş baytar bildirib ki, belə bir qərar verməkdə haqlı olub və məqsədi insanlara dəymiş zərərin azaldılması olub. Üstəlik, bu işə görə ona kimsənin bir söz deyə bilməyəcəyini vurğulayıb.

Mənbə DİA.AZ-a bildirir ki, Məhərrəm Əliyev xeyli müddətdir rayonda icra başçısı olmaq üçün çalışır. Elə buna görə də, əlinə fürsət düşən kimi, hazırkı icra başçısını vurmağa cəhd göstərir. İddialara görə, son belə addımın atılması da icra başçısını çətin vəziyyətdə qoymaq olub. Hətta o da deyilir ki, Məhərrəm Əliyev ölü heyvanların satışı ilə əlaqədar verdiyi qərarın icra başçısının göstərişi olduğuna dair məlumatı yuxarı dairələrə ötürüb. Gözlənilir ki, bununla əlaqədar Bakıdan komissiya gəlsin və icra başçısını da sorğuya çəksinlər.

Geri qayıt