Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QƏZƏNFƏR AĞAYEVİN ÇƏTİN ANLARI
QƏZƏNFƏR AĞAYEVİN ÇƏTİN ANLARI27-05-2013, 09:11 |
Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev icra başçısı Qəzənfər Ağayevin kənd sakinləri ilə mayın 23-nə planlaşdırılan görüşü yerli əhalidən gizli saxlayıb. Tədbirə yalnız qohum-əqrabasını, büdcə təşkilatında işləyənləri dəvət edib. Amma tədbir barədə qəfil xəbər tutub gələnlər, icra başçısından ciddi məsələlərin həllini tələb ediblər. Qeyd edək ki, Şiyəkəran kəndi rayonun ən böyük yaşayış məntəqələrindən sayılır. 5130 nəfər əhalisi olan bu kənddə 1820 təsərrüfat, 2 tam orta məktəb, 1 körpələr evi-uşaq bağçası, 6 fermer təsərrüfatı, 600 hektar əkin sahəsi var. Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev həmin görüşdə çıxış edərək, ərazidə son aylarda aparılan geniş quruculuq və abadlıq işləri, Şiyəkəran kəndində əhalinin sıx yerləşdiyi məhəllədə, 1 saylı tam orta məktəbə gedən 6 km yolun yarsının asfaltlaşdırılması barədə uzun-uzadı məlumat verib. Kənd sakinlərindən Məmmədşah Məcidov, Yaşar Əliyev, Tarif Həsənov, Hacı Əsgər Zeynalov çıxış edərək son aylarda Şiyəkəran kəndində görülən işlərindən qismən razılıq etsələr də, ciddi irad və təkliflərini icra başçısının nəzərinə çatdırıblar. Bildiriblər ki, uzun illərdir ərazidə sıradan çıxmış elektrik dirəkləri dəyişdirilməli, kəndin ikinci hissəsinə telefon xətti çəkilməli, vaxtilə Pensər çayının üzərində salınmış, hazırda dağılmış vəziyyətdə olan körpü yenidən bərpa edilməli və çayın ətrafı zibillikdən təmizlənməli, 1saylı tam orta məktəb və uşaq baxçası əsaslı təmir edilib yenidən qurulmalı, məhəllə yolları asfaltlaşdırılmalı, kənd mədəniyyət evinin əhalinin istifadəsinə verilməsi problemi qısa zamanda həll olunmalıdır. Əməkdaşımız kiçik bir araşdırma nəticəsində maraqlı məlumat əldə edib. Məlum olub ki, qeyd olunan bərbad obyeklərlə yanaşı, qapı və pəncərəsi olmayan uşaq baxçası, əslində sənəd üzərində ötən illərdə bir neçə dəfə təmir olunub və kifayət qədər vəsait mənimsənilib. Təkcə bu il kənd mədəniyyət evinin cari təmirinə mart ayının əvvəlində “Ruhin-M” MMC-yə 13 min manat pul ayrılıb. Digər nümayəndəlik həmin müəssisəyə Kakalos kənd mədəniyət evinin carı təmirinə görə 15 min, Ovala və Xiçəso kənd məktəbinin təmirinə görə 18 min manat vəsait ödəyib. İşlərə nə vaxt başlanacağı isə bilinmir. Yarımçıq qalan yolların əsaslı təmirinə 600 min manatdan çox vəsait 52 saylı yol istisimar idarəsinə köçürülüb. Qeyd olunan rəqəmlər haqqında məlumat icra başçısına çatdırılıb və ondan görüləcək işlərə ciddi nəzarət olunması xahiş edilib. Əməkdaşəmız uzun illərdən bəri yığılıb qalan problemlərlə, onların həllli ilə bağlı Astara RİH başçısının Şiyəkaranda inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tofiq Əliyevə telfon açaraq, mövqeyini öyrənməyə çalışıb. Adam cavab verməkdən boyun qaçırıb: “Rəhbərliyin göstərişi var, onlardan icazəsiz mətbuata açıqlama verə bilmərik. Sizi nə maraqlandırırsa, İcra Hakimiyyətinə gedib, onlardan soruşun.” P.S. Yaxın vaxtlarda Astara rayon Məşğulluq Mərkəzinin rəhbəri Zeynulla Şükürovun işsizlərlə bazarlığından, göndəriş vərəqələrinə aldığı pullardan, idarə və müəssisələrdə işə qəbul edilmək üçün müəyyən etdiyi nırxdan və başqa əməllərindən yazacağıq. Bizi izləyin. infom.az Geri qayıt |