Əsas Səhifə > Cəmiyyət, Manşet > EKSPERT İNSTİTUT DİREKTORUNU İTTİHAM ETDİ

EKSPERT İNSTİTUT DİREKTORUNU İTTİHAM ETDİ


27-05-2013, 11:52
EKSPERT İNSTİTUT DİREKTORUNU İTTİHAM ETDİ
ƏLÖVSƏT OSMANLI MƏTBUAT KONFRANSINA HAZIRLAŞIR

DİA.AZ: - Ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı ilə Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Abdulla Mehrabov arasındakı ziddiyyət kulminasiya həddinə yaxınlaşır. Belə ki, birinci tərəf riyaziyyat kurikulumlarında minlərlə ciddi səhvin olduğunu bildirir və israrla tələb edir ki, onlar Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasovun və ya Abdulla Mehrabovun iştirakı ilə müzakirə olunsun, əks tərəfsə bu tələbə qarşı biganəlik göstərir. Ona görə də Əlövsət Osmanlı Abdulla müəllimə davamlı surətdə məktublar ünvanlayır. Bu seriyadan növbəti məktubunu o, dünən göndərib. Əlövsət müəllim məktubun mətnini DİA.AZ-a da yollayıb. Maraqlı olacağını nəzərə alaraq onu oxucuların diqqətinə çatdırırıq.

“Hörmətli Abdulla müəllim! Keçən ilin sentyabrından bəri sizə və tabeçiliyinizdə olan Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasova bir neçə məktub ünvanlamışam. Məktublarımın əsas qayəsi bu olub ki, təhsil proqramlarımız (kurikulumlar) biabırçı gündədir, gəlin onları müzakirə edək. Təəssüflər olsun ki, təklifimi süngü ilə qarşıladınız, hər şeyi qulaqardına vuraraq mənimlə danışmaq istəmədiniz, hətta rəsmi məktublarıma cavab verməyi belə özünüzə “rəva” bilmədiniz. Yalnız yeni nazirin gəlişindən sonra sizdə bir az “yumşalma” əmələ gəldi və nəhayət, müzakirənin keçirilməsinə razılıq verdiniz. Mayın 16-sına nəzərdə tutulmuş bu tədbirdə, mən də daxil, mərkəzin rəhbəri Ənvər Abbasov və 12 nəfərdən ibarət işçi qrupu iştirak etməli idi. Lakin Ənvər Abbasovun olmaması səbəbindən tədbir baş tutmadı. Onun iştirakı isə 3 səbəbdən çox vacib idi:

1) Abbasov Kurikulum Mərkəzinin direktoru olmaq¬la, kurikulumların hazırlanmasına rəhbərlik etmiş (əsas cavabdeh) şəxsdir;

2) Müzakirə prosesində yalnız əks tərəflərin (mən və işçi qrupun) iştirakı problemin həllinə yox, ziddiyyətə gətirib çıxara bilərdi;

3) Mayın 14-də telefon danışığı zamanı qəbul etdiyimiz əsas şərtlərdən biri də məhz Abbasovun müzakirədə iştirakı idi.

Hətta onda sizdən xahiş etmişdim ki, Ənvər müəllimin gəlməyəcəyi təqdirdə köməkçiniz vasitəsi ilə bunu mənə bildirin, mən də gəlməyim. Lakin sayğısızlıq göstərərək bunu etmədiniz və belə bir arzuolunmaz vəziyyət yarandı, yəni tədbir alınmadı. İndi də bəzi əməkdaşlarınız birbaşa sizə aid olan günahı mətbuatda hər vəchlə mənim üzərimə yıxmağa çalışırlar. Heç olmazsa, özünüzdə güc taparaq onları başa salın ki, müzakirənin alınmamasının səbəbkarı Əlövsət Osmanlı yox, Abdulla Mehrabov idi...

Əslində, dövlətin strateji məsələsi olan təhsilin məzmununun əsas daşıyıcılarından birinin – təhsil proqramlarının (kurikulumların) müzakirəsini “qapalı” şəraitdə keçirmək anormal haldır. Hesab edirəm ki, siz bunu bircə məqsədlə edirsiniz: “Kurikulum” adlandırdığınız yaramaz nəsnələrdəki paxırlar üzə çıxmasın! Məhz ona görə də bu prosesə “kənar” şəxslərin qatılmasını istəmirsiniz.

Bir daha bəyan edirəm: Yalnız riyaziyyat kurikulumlarında (əgər kurikulum demək mümkünsə!) minlərlə ciddi səhv var! Çox ağır iddiadır, deyilmi?! Bunun qarşısında susmağınızın səbəbi isə hələ də mənə aydın deyil. Axı siz təhsilin məzmunu ilə bağlı aparıcı institutun rəhbəri, nazirliyin kollegiya üzvüsünüz, yüksək ad və titullar daşıyan bir şəxssiniz! Mənə görə, təhsilimiz ətrafında belə məsələlər ortaya çıxanda birinci reaksiya verən siz olmalısınız! Amma heç nə sizin vecinizə deyil, bu dəhşətli ortamda kənarda dayanırsınız, əvəzi¬ni¬zə isə bəzi üzdəniraq əməkdaşlarınız özlərini ortalığa atırlar və cid¬di bir işə hədəflənmiş məsələni “şou” müstəvisinə endirmək is¬təyirlər. Onlar bununla məni qaralamağa çalışırlar, sonucda isə özlərini komik vəziyyətə salırlar, guya bu qaralamalarla kurikulumlarınız düzələcək. Görün “alovlu” müdafiəçilərinizdən biri usanmadan so¬sial şəbəkələrdə mənim barəmdə nə yazır: “Osmanlı ürəyiyanan və düzəlişlər etmək istəyən adam idisə riyaziyyat mütəxəssislərinin qarşısında niyə söz deyə bilmədi? Qoy tənqidlərini, təkliflərini verəydi də. Amma əsl mütəxəssisləri, riyaziyyatçıları görən kimi, yalnız ixtisasca dilçi olan Ənvər müəllimin olmasını tələb elədi. Çox gülünc bir olay idi. Əlövsət Osmanlı riyaziyyat fənn kurikulumunu hazırlayan işçi qrupunun qarşısında 5 dəqiqə belə otura bilməyib otağı tərk etdi”...

İxtisasca bioloq olan bu əməkdaşınızın “riyaziyyat kurikulumlarında minlərlə ciddi səhv var” iddiası ilə çıxış edən şəxsə qarşı işlətdiyi mənasız və məntiqsiz fikirlərə diqqət yetirdinizmi?! Onları oxuyarkən bir alim, bir direktor olaraq öz-özünüzə nə düşündünüz? Heç olmazsa, demədinizmi, balam, sən hara, riyaziyyat(çılar) hara, get öz işinlə məşğul ol?! Nə isə...

Hörmətli Abdulla müəllim! Mənim mövqeyim dəyişməzdir. Bir daha diqqətinizə çatdırıram: Riyaziyyat kurikulumları haqqında iddialarım Ənvər Abbasovun və ya sizin iştirakınızla müzakirə olunmalıdır! Əgər bu formatda müzakirədən yenə imtina edəcəksinizsə, onda məcbur olub iradlarımı yaxın günlərdə keçirmək istədiyim mətbuat konfransında açıqlayacam”.


Geri qayıt