Əsas Səhifə > Sosial, Manşet > ZIYA MƏMMƏDOVUN “LONDON” DƏRDİ
ZIYA MƏMMƏDOVUN “LONDON” DƏRDİ13-12-2011, 11:15 |
SÜRÜCÜLƏRIN QİYAMI NƏQLİYYAT NAZİRİNİ ÇƏTİN DURUMA SALIB DİA.AZ: - Nəqliyyat Nazirliyinin xəttiylə Azərbaycana gətirilmiş və artıq paytaxt küçələrində şütüyən »London» taksilərinin fəaliyyəti elə ilk gündən problemlərlə müşayyiət olundu. Səs-küylü reklamın ardından ölkəyə gətirilən »London» taksiləri hələ xəttə çıxmamış bəlli oldu ki, avtomobillərin alınmasında ciddi korrupsiyaya yol verilib. Başa gəlmə xərcləri qəsdən və məqsədli şəkildə artırılan »London» taksiləri ilə bağlı qalmaqal bununla da bitmədi, az keçməmiş bəlli oldu ki, sən demə, bu avtomobillər Çin istehsalı imiş. Nəqliyyat naziri Ziya Məmmədov hətta məcburiyyət qarşısında qalaraq, açıqlama verdi və maşınların həqiqətən də »Kitayski» olduğunu təsdiqlədi. Bütün bu qalmaqallardan sonra fəaliyyətə başlayan »London» taksilərinin ətrafında cərəyan hadisələr isə bir-birini əvəz etməkdəydi. Bu dəfə vətəndaşlar həmin taksilərin həddən artıq baha olmasından gileylənir, Nəqliyyat Nazirliyinin rəsmiləri isə bunun əksini iddia edirdi. Məlumat üçün bildirək ki, hazırdakı taariflərə görə »London» taksilərində qiymətlər hər kilometrə görə 70 qəpik həcmində müəyyənləşdirilib. Məsafə artdıqca qiymətlərdə müəyyən enmələr nəzərdə tutulub. »Bənövşəyi» taksilərin sürücülərinə 240 manat məbləğində maaş nəzərdə tutulub ki, bu da sürücülərin haqlı narazılıqlarına səbəb olub. Şəxsi maşınları ilə taksiçilik fəaliyyəti ilə məşğul olanların daha ucuz qiymətlər təklif etməsi isə »London» taksilərinə tələbatı minimuma endirib. Hökumət bunun qarşısını almaq məqsədilə alternativ taksi xidmətlərinə qarşı kəskin mübarizəyə başlamasına baxmayaraq, vəziyyət yenə də acınacaqlı olaraq qalır. Əldə etdiyimiz məlumata görə, artıq günlük planı belə verə bilməyən »London» taksilərinin bir qrup sürücüsü ötən həftə etiraz əlaməti olaraq maşınlardan imtina edərək işə çıxmayıb. Digər sürücülər də yoldaşları ilə həmrəylik nümayiş etdirib və rəhbərlik qarşısında planın azaldılması ilə bağlı konkret tələblər qoyublar. Sürücülərlə danışığa girməyə məcbur olan rəhbərlik isə onların tələblərinin yaxın günlərdə nəzərə alınacağını deyərək, onların yenidən işə qayıtmasına nail olub. DİA.AZ olaraq nəzərdə tutulan dəyişikliklərin mahiyyəti ilə bağlı da dəqiq informasiyalar əldə etmişik və onları diqqətinizə çatdırırıq. Hazırda sürücülərə özündə dəyişiklikləri ehtiva edən üç paket təqdim olunur. Birinci təklif bundan ibarətdir ki, »London» taksilərində gediş haqqı 20 qəpikdən hesablanır (bu sürücülərin verdikləri planla bağlı belədir, sərnişinlər isə yenə əvvəlki qaydada kilometrə görə 70 qəpik ödəyəcəklər-red) və onların qarşısında 220 kilometr məsafəlik öhdəlik qoyulur. Başqa sözlə, »London» taksilərində işləyən sürücü hər gün idarəyə 44 manat (220km 20 qəpiyə vurulur-red) ödəməlidir. Amma sürücülər bu təkliflər paketiylə razılaşmaq niyyətində deyil, səbəb isə günlük plan kimi qoyulan 220 kilometr məsafənin reallığı əks etdirməməsidir. İkinci təklif ondan ibarətdir ki, avtomobilin sərf etdiyi yanacaq da qarşılanmaqla və yenə də müəyyən kiolometraj tələbi yerində qalmaqla sürücüülər günlük plan olaraq 40 manat ödəməlidirlər. Müzakirə edilən sonuncu dəyişiklik planında isə taksilərin tam olaraq sürücülərin ixtiyarına verilməsi öz əksini tapıb. Bunun qarşılığında sürücü hər ay Nəqliyyat Nazirliyinə 100 (min) manat pul ödəməlidir. Hansı dəyişiklik paketinin tətbiq olunacağı məlum olmasa da bilinən odur ki, Nəqliyyat Nazirliyi sürücülərin »bənövşəyi inqilabının» qarşısını almaq üçün nələrsə etməlidir. Çünki durum həqiqətən kritikdir. Bunu təsdiqləyən daha bir fakt isə Bakıya sonuncu partiyada gətirilən 300 »London» taksisinin hələ də xəttə çıxmamasıdır. Sürücülər şərtlərin ağırlığını əsas gətirərək işləməkdən imtina edirlər. Redaksiyamıza daxil olan məlumatda o da bildirilir ki, son durum şəxsən Ziya Məmmədova bildirilib və o baş verənlərdən ciddi şəkildə narahatdır. İndi onun əsas qayğısı »bənövşəyi üsyanı» yatırtmaqdan və yeni şərtlərlə işə start verməkdən ibarətdir. Geri qayıt |