Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BİR HƏKİMİN QƏTLİNİN ŞOK MƏQAMLARI
BİR HƏKİMİN QƏTLİNİN ŞOK MƏQAMLARI29-05-2013, 11:05 |
Tibb elmləri namizədi, ürək-damar cərrahı, həkim-kardioloq Cavid Həmişəyevin amansızlıqla qətlə yetirilməsi xəbərini qızım mənə dedikdə inanmadım. Bir yanlışlıq-filan olmasın deyib tez xəbər portallarını araşdırdım. Dönə-dönə oxusam da, gözlərimə inanmadım. Bəlkə də inanmaq istəmədim... Onunla iki il öncə tanışmışdıq. Rayonda yaşayan yaxın qohumlarımdan birinin ürəyində ciddi problemləri yaranmışdı. İranda müalicə alsa da, xeyri olmamışdı. Məhz Cavid həkimin sayəsində tam sağalıb normal həyata dönmüşdü... Qətl hadisəsi barədə rəsmi məlumatda deyilirdi: Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilirdi: Bakı sakini, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında meyiti aşkarlanıb. Meyitin üzərində 19 bıçaq xəsarəti aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb, Aparılan ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində Cavid Həmişəyevə məxsus 90 NU-363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobil və həmçinin şəxsi əşyalarının olmadığı müəyyən edilib. Gecə saat 2.00 rədələrində həkimə məxsus avtomaşın Daxili İşlər və prokurorluq orqanları əməkdaşları tərəfindən 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb. Bu alın yazısıdırmı? Cavid Həmişəyevə məxsus avtomaşında olan Bağırlı Türkan Sudef qızı, Ərəbov Yasin Mərkəz oğlu və Məmmədov Koroğlu Yusif oğlu tutularaq istintaqa cəlb ediliblər. Onlar ilkin ifadələrində həkimi tamah məqsədilə qətlə yetirdiklərini deyiblər. Avtomobilə baxış keçirilərkən oradan mərhumun şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarları, maşında olan 600 manat, şalvarının cibində olan 70 manat pul K.Məmmədov və Y.Ərəbovdan aşkar edilərək götürülüb. Həkimin qətlə yetirilməsində istifadə olunan iki ədəd bıçaq isə Buzovna qəsəbəsindəki zibillikdən tapılıb. Dostlarının dedikləri Cavid Həmişəyev Tibb universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra təhsilini Türkiyədə davam etdirib. İki ildən artıqdır ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Angioqrafiya şöbəsinin müdiri işləyib. İş yoldaşı, yaxın dostu həkim-kardioloq Elnur İsayev dəfn mərasimindən bu səhər qayıtdığını (Xatırladaq ki, mərhumun cənazəsi ata-baba yurdunda – Qazax rayonunda torpağa tapşırılıb) dedi: “Bu haqda danışmaq inanın ki, mənim üçün çox ağırdır. Altı il olardı ki, gəlmişdi Azərbaycana. Əvvəlcə Mərkəzi Klinikada işləsə də, 2011-ci ildə ATU-nun Tədris-Terapevtik Klinikası açılandan sonra buraya gəldi. Hər şeyi sıfırdan başlamışdı. Cavid gözəl həkim olmaqla yanaşı, həm də gözəl insan idi. Səmimiyyəti, mehribançılığı ilə bütün kollektivin hörmətini qazanmışdı. İki övlad atası idi. Kiçik qızının cəmi iki yaşı var. Altıncı gün işdən sonra həmişə olduğu kimi bizimlə sağollaşıb getdi. Söhbət əsnasında mənə ailə üzvləri ilə birlikdə bağa gedəcəklərini demişdi. Amma həmin gün yaxınları onunla əlaqə saxlaya bilməyiblər. Telefonuna zəng çatmadıqda polisə müraciət ediblər. Axşam saatlarında isə qətlə yetirildiyi məlum oldu. Onun haqqında haqsız şeylər yazıblar. Hadisəyə başqa don geyindirirlər. Amma versiyalardan biri də budur ki, onu xəstə üstünə çağırıb aparıblar və bu hadisə baş verib”. “Onunla bağlı heç bir neqativ söz deyə bilməzlər” Türkiyədə işləyən dostu, ürək-damar cərrahı Fərid Qasımzadənin dediklərindən: “Onun barəsində fantastik versiyalar yazılmağı mənə çox pis təsir edir. Ölkədə neçə-neçə insanın həyatını qurtarmış bir kardioloq idi. Cavidin arxasından ona yaraşmayan yazılar yazılır. Azərbaycanda cərrahi korpusu olmayan bir klinikada, yəni ki hər hansı bir təhlükəli halda acil əməliyyatxana ehtiyacı olmağına baxmayaraq, o riskli xəstələri cəsurca tədavi etdi, universitetdə təmənnasız işlədi. Onunla əlaqədar tək bir neqativ söz deyə bilməz heç kim. Uzmanlıq illəri Cavid Türkiyənin 19 Mayıs Universiteti kardiologiya şöbəsində uzmanlıq keçən illərində digər xarici həkimlər kimi maaş almamağına baxmayaraq, həmişə tələbələrə maddi-mənəvi dəstək olub. O illərdə könüllü şəkildə Samsun Azərbaycan Kültür Dayanışma dərnəyi üzvü olaraq diaspora fəaliyyətlərində aktiv iştirak etmişdi. Elmi müvəffəqiyyəti, Türkiyədə işlədiyi klinikalarda hörməti sayəsində Azərbaycana qayıtdıqdan sonra da onun xahişi, şəxsi hörməti ilə bir çox azərbaycanlı həkim 19 Mayıs Universitetində Kardiologiya sahəsində kurs keçmişdir”. “Üzərimdə böyük əməyi olan bir insandı” Hal-hazırda İsraildə həkim işləyən yaxın dostu Əhməd Namazovun dediklərindən: “2000-2007-ci illər arasında Türkiyənin Samsun şəhərində tələbə idim. Cavid həkim bizim universitetə kardiologiya üzrə uzmanlıq təhsili almağa gəlmişdi. 2003-2008-ci illər arasında uzmanlıq təhsili aldıqdan sonra vətənə döndü. Biz tələbə idik, o isə artıq həkim idi. Bizdən yaşca böyük olduğu üçün, həm də hörmət əlaməti olaraq ona “abi” deyirdik. Çox dəyərli bir insan idi. Samsunda qaldığım 2007-ci ilə qədər çox gözəl günlərimiz birlikdə keçdi. Üzərimdə böyük əməyi olan bir insandır. Özü həkim olduğu üçün, bizdən böyük olduğu üçün həmişə tələbələrə maddi və mənəvi cəhətdən kömək etməyi özünə borc bilirdi. Halbuki Uzmanlıq təhsili zamanı xəstəxanadan maaş almırdı”. P.S. Bir həkimin canına qıymaq, yüzlərlə, minlərlə insanın canına qəsd etmək deməkdir. Gözünü qan örtmüş zavallı qatillər... Bu məmləkətə harınlamış, rüşvətxor, yetim malına göz dikən onlarca özünüz kimi şərəfsiz olduğu halda, yüzlərlə insana həyat bəxş edən bir həkiməmi gücünüz çatdı? Geri qayıt |