Əsas Səhifə > Güney Press, Araşdırma > XƏBƏRLƏRDƏN XƏBƏRSİZ FAİQ ŞAHBAZLI...

XƏBƏRLƏRDƏN XƏBƏRSİZ FAİQ ŞAHBAZLI...


30-05-2013, 09:13
XƏBƏRLƏRDƏN XƏBƏRSİZ FAİQ ŞAHBAZLI...
ŞÜKÜR! DƏRSLİK BİZNESİNİN KRALI ÖZ YERİNDƏDİR..

Xeyli vaxtdır sükuta dalmış Faiq Şahbazlının axır ki, səsi çıxdı…

Əcəba, xeyir ola?! Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri haqqında danışıram. Bəli, bəli, həmin Şahbazlıdan - 40 gün öncəyədək gur-gur guruldayan Şahbazlıdan...

Vallah, bu adamın üç gün öncə “Mövqe” qəzetinə dediklərini oxuyub da susmaq olmur: “Mətbuatda mənim haqqımda nə yazdıqlarından xəbərim yoxdur. Güya məni işdən çıxarıblar, yaxud çıxaracaqlar. Mən yerimdəyəm, işimin başındayam...”. Burada qıcıqlandırıcı nə var ki?! Balam, mətbuat da

elə bunu deyir də - “Faiq Şahbazlı hələ də yerində, işinin başındadır!”. Gördünüzmü, burada fərq təkcə şoğərib “hələ də” sözündədir...

O ki, qaldı Faiq müəllimin xəbərlərdən xəbərinin olub-olmaması məsələsinə, şəxsən mən inanmıram ki, o, mətbuatda barəsində yazılanları oxumamış və ya eşitməmiş olsun! Məsələn, doğrudanmı onun dia-az.life saytında yer almış bu sözlərdən xəbəri yoxdur: “Faiq Şahbazlı dərslik siyasətinin biznesə çevrilməsində əsas aparıcı fiqur olmaqla yanaşı, dərslik nəşrinin inhisara alınmasını təşkil edən şəxs kimi ciddi məsuliyyət daşıyır. Eyni zamanda, Faiq Şahbazlı dərsliklərin biabırçı duruma salınmasında da birbaşa cavabdeh şəxsdir”. Hələ bu harasıdır, davamına diqqət yetirin: “Ona qarşı hətta cinayət işi də açıla bilər. Burada söhbət ciddi ittihamlardan gedir” və sair və ilaxır...

Əksinə, Faiq müəllimin indi təbii olaraq, hər səsə, hər şıqqıltıya qulaq verən vaxtıdır! Bəlkə də nazirin daxili telefonunun zəngini hər dəfə eşidəndə o, azı üç dəfə “bismillah!” – deyir. Zarafat iş deyil, təzə nazir qurumda səssiz-küysüz ciddi təmizləmə işlərinə başlayıb. Şahrza Əliyev, Həbib Zərbəliyev, Təranə Hacıyeva kimi “ağır toplar” taxtdan salınırsa, Şahbazlı niyə də narahat olmasın?! Təəccüblənəcək nə var, bütün canlı varlıqlar kimi, insan da özünü, öz mövqeyini qoruma instinktinə, istənilən təsirə əks reaksiya vermək keyfiyyətinə malikdir. Bəzən, hətta bunun üçün ölüm-dirim savaşına çıxanlar da olur. Düşünəcəksiniz ki, nə mövqe, nə savaş, nə ölüm-dirim, adama deyəcəklər ərizəni yaz, cınqırını çıxarmadan yazıb gətirəcək. Ola bilər, bəlkə elə ordaca da yazacaq. Sözüm yox, amma yazana qədər hələ çox naqis işlər tutacaq axı! Baxın, hazırda VI sinif dərsliklərinin nəşri ilə bağlı məsələlərin həll olunduğu məqamdır. Məsələn, nəyə görə ölkənin pedaqoji ictimaiyyəti Misir Mərdanov və Faiq Şahbazlıdan qalma Dərslikləri Qiymətləndirmə Şurasının, onun ekspertlərinin bu dəfə düzgün dərslik seçimi edəcəyinə inanmalıdır? Bu həmin qurum deyilmi ki, əliyül-əla deyib, bəh-bəhlə müsabiqə qalibi elan

elədiyi dərsliklərin nə az, nə çox, düz 18-ni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ekspertləri “yararsız” elan ediblər?! Necə oldu ki, onlar indi tövbə eləmək qərarına gəldilər?! İnanan lap daşa dönsün! Bir qədər də dözək - bir neçə gündən sonra tender qaliblərinin siyahısına baxanda hər şeyi aydın görəcəyik. Axı bu sahənin bir nömrəli “başbiləni” Faiq müəllim “hələ də yerində, işinin başındadır!”

Bu gün onun başı öz “işinə” o qədər qarışıb ki, hətta TQDK-da dərsliklərin müzakirəsinin davam etdiyini də “yadından çıxarıb”, onun deməyinə görə, hətta mətbuatda yazılanlardan da “xəbəri” yoxdur. Orada isə az qala hər gün onun “işinin” nəticələrini sözün bütün mənalarında, yıxıb sürüyürlər…

Ey gidi dünya! İki ay bundan öncə Faiq müəllimin səsi TQDK-nın iclas zalını tir-tir titrədirdi. Nə yazıq, indi oradakı dərslik müzakirələrinə qatılmaq bir yana, heç “dərslik” kəlməsinin ilk hərfi olan “d”-ni dilinə gətirməyə də “vaxtı yoxdur”...

P.S. Mətbuatın yazdığına görə, 2010-cu ildə “40 pilləkən”dən “Gülüstan” sarayı istiqamətində hərəkət edən “Hyundai Santafe” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən BMW markalı maşınla toqquşub. Nəticədə “Hyundai” dərəyə yuvarlanaraq “Gülüstan” Sarayının arxasına çırpılıb. Avtomobilin sürücüsü ağır yaralanıb. Söylənilənlərə görə, səhərisi gün dərslik naşirlərindən biri həmin şəxsi xəstəxanada ziyarət edib, “əmin ölməyib ki!” deyərək, ona təzə, daha bahalı avtomobilin açarını təqdim edib. Dərslik nəşri işinin belə “sehrli” tərəfləri də var...


Mirzə AĞ - DİA.AZ
Geri qayıt