Əsas Səhifə > Güney Press, Üçüncü sektor > LERİKDƏ XƏRAC YIĞIMI
LERİKDƏ XƏRAC YIĞIMI31-05-2013, 09:32 |
MÜBARİZ AĞAYEV KİMİN ÇƏTİRİ ALTINDADIR? “Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev dövlət xəstəxanasını özünün şəxsi əmlakına çevirib. Artıq burda çalışan həkimlər də dözülməz vəziyyətdən şikayətlənirlər”. Bu sözlər Editor.az-ın elektron ünvanına daxil olan Lerik rayon Mərkəzi Xəstəxanasındakı vəziyyətlə bağlı şikayət məktubunda əksini tapıb. Məktubu olduğu kimi təqdim edirik: “Baş həkim bütün həkimlərdən aylıq «xərac» toplayır: Artıq hər şey o həddə çatıb ki, həkimlər xəstələrə açıq şəkildə baş həkimin onlara üzərinə qoyduğu «haqqı» hər ay qaldırdığından şikayətlənirlər. Ona görə də həkimlər də məcburi şəkildə xəstələri müayinə etmək üçün aldıqları «bəxşişlərin» miqdarını artırmaq zorunda qalırlar. Yaranmış vəziyyətlə bağlı dəfələrlə rayon icra hakimiyyətinə və Səhiyyə Nazirliyinə müraciət etsək də, heç bir reaksiya olmayıb. Mübariz Ağayevi Səhiyyə Nazirliyinin rəhbərliyində təmsil olunan məmurlardan biri ciddi cəhdlə himayə etdiyi üçün baş həkim nə istəyirsə edir. Xahiş edirəm, bu mövzunu işıqlandırıb, dərdimizə çarə qılın!” Qeyd edək ki, Editor.az olaraq, ünvanına səslənən ittihamlarla bağlı Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayevin də mövqeyini öyrənmək istərdik. Ancaq son zamanlar xırda yerli məmurlar jurnalistlərin öz peşə borclarını yerinə yetirib, hansısa məsələylə bağlı onların münasibətini öyrənməsini “reketçilik” fəaliyyəti kimi qələmə verdiklərindən buna lüzum duymadıq. Əgər, Mübariz Ağayev arzulayarsa, onun da mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |