Əsas Səhifə > Gündəm, Manşet > ELMAN RÜSTƏMOVDAN DAHA BİR SENSASSİYA

ELMAN RÜSTƏMOVDAN DAHA BİR SENSASSİYA


13-12-2011, 13:59
ELMAN RÜSTƏMOVDAN DAHA BİR SENSASSİYA

MƏRKƏZİ BANK RƏHBƏRİ ERMƏNİLƏRƏ DƏSTƏK VERİR

DİA.AZ: - Son zamanlar bank sistemində baş verən elə olaylar var ki, bunun əsl səbəblərini aydınlaşdırmaq qeyri-mümkündür. Bu cür anlaşılmaz olaylardan biri də beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıqdır.

Belə qurumlardan biri də «MİGOM» şirkətidir. Əsasən pulköçürmə əməliyyatları aparan və Rusiyaya məxsus olan bu şirkətin fəaliyyətinə bir müddət öncə qadağa qoyulmuşdu və buna görə az qala diplomatik gərginlik yaranmışdı. Amma... Adıçəkilən şirkət bu gün Mərkəzi Bankın etibar etdiyi bir quruma çevrilməklə yanaşı, fəaliyyətini də genişləndirməyə başlayıb. Öncə şirkətin son durumuna diqqət yetirək.

Bu ilin aprel ayından Azərbaycanda fəaliyyətini bərpa edən «MİGOM» pulköçürmələri sistemi ölkə bankları ilə əməkdaşlığı yenidən canlandırmağa çalışır. Bu məqsədlə şirkətin rəhbərliyi Bakıda ölkə banklarının nümayəndələri ilə görüş keçirib. «MİGOM»un pul köçürmələri departamentinin direktoru Azad Taktarov bildirib ki, 2010-cu ildə fəaliyyətini dayandıranda sistem ölkənin 34 bankı ilə əməkdaşlıq edirdi, ödəmə məntəqələrinin sayı isə 900 idi: «Hazırda 8-10 bankla əməkdaşlıq edirik ki, bunlardan da yalnız 4-ü ilə əməkdaşlıq tam bərpa olunub, ödəmə məntəqələrinin sayı isə 200-ə düşüb».

Qeyd edək ki, fəaliyyətini dayandırana qədər rusiya ilə Azərbaycan arasında pul köçürmələrinin 25%-i «MİGOM» şirkətinin payına düşüb. 2008-ci ildə «MİGOM»un xətti ilə 250 mln. dollar, 2009-cu ildə 200 mln., 2010-cu ilin ilk 5 ayında isə (fəaliyyətini dayandırana qədər) 80 mln. dollar həcmində pul köçürmələri edilib.

Aprel ayından etibarən fəaliyyətini bərpa edən şirkət ikinci rüb ərzində (aprel-iyun ayları) 6 mln. dollarlıq pul köçürmələri həyata keçirib. A.Taktarovun proqnozlarına görə, artıq 3-cü rübdə şirkətin həyata keçirdiyi pul köçürmələrinin həcmi 15-17 mln. dollara çata bilər.

Bu, məsələnin bir tərəfidir. Amma başqa bir tərəfi də var ki, bu da adıçəkilən şirkətin bir zamanlar erməni separatçılarının istəyi ilə Qarabağda da fəaliyyət göstərməsidir. Xəbərdarlıqlar edilsə də, şirkət bir müddət fəaliyyətini orda davam etdirdi və nəticədə onların Azərbaycanda fəaliyyətinə icazə verildi. Sistemin vaxtilə işğal olunmuş ərazilərdə fəaliyyət göstərməsinin səbəbləri ilə bağlı suala cavab verən A.Taktarovun sözlərinə görə, şirkət indi bu məsələni ciddi nəzarətdə saxlamağı qərara alıb: «Çünki bu, nə Azərbaycan banklarının, nə də bizim sistemin maraqlarına cavab vermir. Biz bununla bağlı öhdəlik götürmüşük ki, Azərbaycan banklarının da biznesi ziyan çəkməsin».

A.Taktarov iddia edir ki, «MİGOM»un Azərbaycanın işğal olunmuş ərazilərində pul köçürmələri ilə məşğul olması şirkətin həmin ərazilərdəki yaşayış məntəqələrinin adlarını səhv salması və ya dəqiq bilməməsinin nəticəsi olub: «Biz Dağlıq Qarabağ ərazisini yaxşı tanıyırıq, amma orada digər yaşayış məntəqələri də varmış. Əgər bu məsələdə Azərbaycan tərəfi bizə kömək etsə, yaxşı olar. Çünki həmin ərazilərdəki coğrafi və yaşayış məntəqələrinin adlarını dəqiq təsəvvür etmək çətindir».

Amma mənbə bildirir ki, bu, sadəcə vəziyyətdən çıxmaq üçün bəhanədir. Bildirilir ki, Dağlıq Qarabağda çirkli pulların yuyulmasına maraq göstərən bu qurumun rəhbərləri ora gedib reallıqla rastlaşanda görüblər ki, hər şey düşündükləri kimi deyil. Məhz bundan sonra şirkət Qarabağda fəaliyyətini dayandıraraq Azərbaycanda iri çaplı bir oliqarx-məmurun vasitəsi ilə yenidən fəaliyyətini bərpa edib. Hətta bu da bildirilir ki, şirkətin keçirdiyi əməliyyatlardan azərbaycanlı oliqarx öz faizini də alır. Çox maraqlıdır ki, bu işdə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da adı hallanır. Hətta bildirilir ki, artıq bu şirkətdə onun da payı var. E.Rüstəmovla bu qurum arasında hansı gizli bağlılıqların olduğunu deyə bilməsək də, gəlin, bir incə məqama diqqət yetirək. Bu gün şirkətin nümayəndəsi bildirir ki, Dağlıq Qarabağda səhvən fəaliyyət göstəriblər və bu aydınlaşandan sonra geri çəkiliblər. Mərkəzi Bank da bu açıqlamanın qarşısında susur. Bir il öncə isə Mərkəzi Bankın rəsmi açıqlamasında konkret mövqe ifadə olunurdu: «Mərkəzi Bank işğal altında olan ərazilərdə «MİGOM» sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyini müəyyən edib. Fakt ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı aşkarlanıb.

Mərkəzi Bank əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pul köçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edib, onlardan işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb olunub, əks təqdirdə Azərbaycanda fəaliyyət göstərən bütün banklara həmin pul köçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib.

«MİGOM» pul köçürmə sistemi xəbərdarlıqlara baxmayaraq Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz fəaliyyətin davam etdirib. Mərkəzi Bank 2010-cu il iyunun 8-dən Azərbaycanda fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb».

Gördüyünüz kimi, xəbərdə bildirilir ki, şirkətə xəbərdarlıq edilsə də, nəticəsi olmayıb. Bu isə aydın şəkildə göstərir ki, heç bir şey təsadüfi olmayıb. Sadəcə olaraq, bu qurum qısa müddət ərzində Dağlıq Qarabağdan çirkli pulların çıxarılması ilə məşğul olub və vəzifəsini sona çatdırandan sonra yenidən Azərbaycanda kimlərinsə vasitəsi ilə fəaliyyətini bərpa edib. Amma bu günə qədər aydınlaşdırılmayıb ki, «MİGOM» şirkəti Dağlıq Qarabağda hansı əməliyyatları həyata keçirib və nə qədər pul çıxarılıb. Bir daha qeyd edək ki, Dağlıq Qarabağda hazırda narkotikdən, ərazidəki təbii sərvətlərin talan edilməsindən yüz milyonlarla pul gəlir və bu pullar bu gün Bakının göbəyində oturan «MİGOM» kimi şirkətlər vasitəsi ilə leqallaşdırılır.


Geri qayıt