Əsas Səhifə > Güney Press, Araşdırma > AĞCABƏDİ TƏHSİLİ İSƏ BATIR...

AĞCABƏDİ TƏHSİLİ İSƏ BATIR...


31-05-2013, 11:33
AĞCABƏDİ TƏHSİLİ İSƏ BATIR...
YENİ NAZİRİN MÜDAXİLƏSİ VACİBDİR

Azərbaycan ictimaiyyətinin xatirində işgüzar obrazı ilə gələn yadda qalan Mikayıl Cabbarovun Təhsil naziri təyinatı birmənalı olaraq ölkəmizdə təhsil sahəsində yeni dövrün başlanğıcı kimi dəyərləndirildi. Gənc, qərb təhsilli və eyni zamanda bundan əvvəl çalışdığı sahələrdə balansına yalnız müsbət xallar yığmış M.Cabbarov da işə başlar başlamaz olduqca mühüm açıqlamaları və qərarları ilə yadda qaldı. Yeni nazir bütün çıxışlarında təhsil sahəsindəki neqativ halların aradan qaldırılmasının vacibliyini vurğulayaraq, yalnız işinin öhdəsindən layiqincə gələ bilənlərin bu sahədə çalışa biləcəyini qeyd etdi. Ancaq hər kəsin böyük təqdiri ilə qarşılanan bu açıqlamalardan özünəməxsus nəticələr çıxarıb, yeni nazirin işgüzar nüfuzunu zərbə altına qoymağa çalışan məmurlar da olmamış deyil.Bəlli səbəblərdən adının çəkilməsini istəməyən ağcabədili müəllimlərin dediyinə görə, Ağcabədi rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov yeni təhsil nazirinin təyinatından dərhal sonra məktəb direktorları vasitəsilə rayon təhsil işçilərindən kütləvi pul yığımına başlayıb. Müdir, Mikayıl Cabbarovun yalnız işinin öhdəsindən layiqincə gələ bilənlərin təhsil sahəsində çalışa biləcəyi ilə bağlı açıqlamasından özünəməxsus şəkildə nəticə çıxararaq, bunu yeni nazirin təhsil məmurlarından rüşvət tələbi kimi təqdim edib. Mehdi Əhmədov direktorları toplayaraq deyib ki, ona nazirlikdən gələn tapşırığa əsasən kim vəzifəsini itirmək istəmirsə indidən “haqq-hesabı” çatdırmalıdır.
Ağcabədili müəllimlər qeyd edirlər ki, onlar bütün Azərbaycanın müsbət sima kimi xarakterizə etdiyi Mikayıl Cabbarovun qətiyyən belə tələbdə bulunduğuna inanmırlar və bunun təhsil şöbəsi müdirinin özfəaliyyəti olduğuna əmindirlər. Ağcabədini təmsil edən təhsil işçiləri inanırlar ki, nazir rayon təhsilində yaranmış bu biabırçı durumla bağlı qəti qərarlar qəbul etməlidir.

Geri qayıt