Əsas Səhifə > Dünya > SƏNƏTÇİLƏRİN PUTİN SEVGİSİ
SƏNƏTÇİLƏRİN PUTİN SEVGİSİ24-09-2011, 13:00 |
RUS SƏNƏT ADAMLARININ SEÇİM SİRRİ Rusiya Dövlət Dumasına dekabrın 4-də keçiriləcək seçkilərə sentyabrın 24-də start veriləcək. Hakim «Vahid Rusiya» Partiyası ilkin seçki qurultayını keçirir. Siyasi elita prezident Dmitri Medvedev və Baş nazir Vladimir Putinin nitqini eşitmək üçün yığışacaq. Gözlənir ki, ölkənin aparıcı siyasətçiləri ilə yanaşı, qurultaya mədəni elitanın da nümayəndələri qatılacaqlar. Hakim partiya aktyor, musiqiçi və rəqqas üzvlərlə özünün siyasi rənginə rəng qatmağı bacarıb. ACI TƏCRÜBƏ Amma partiyanın sənətçi cəlb etmək təcrübəsində xəcalət verəsi anlar da var. Bu ilin əvvəlində keçmiş balerina Anastasiya Voloçkova partiya ilə əlaqəsini kəsdi. O bildirdi ki, onu aldadıb YUKOS-un həbsdə olan rəhbəri Mixail Xodorkovskinin əleyhinə olan ərizəyə imza atdırıblar. A.Voloçkova 2003-cü ildə «Vahid Rusiya» Partiyasına qoşulub. O, şəxsi bloqunda yazır ki, o vaxt bu addımı həyatını xilas etmək üçün atıb. KLİNTON ÜÇÜN ÇALAN CAZMEN DƏ PARTİYADADIR Uzun illər ABŞ-da yaşamış caz ustası, saksofonçu, Boris Yeltsin və Bill Klinton üçün ifa etmiş İqor Butman 2008-ci ildə hakim partiyanın üzvü olub: «Mən dostlarımla müzakirə elədim… Fikirləşdim ki, hakim partiya adamlar üçün incəsənətə ehtiyac duyursa, mən niyə onlara qoşulmayım». Aktrisa Larisa Luzina 1999-cu ildən siyasi həyatdadır. O, əvvəlcə Moskva meri Yuri Lujkov və keçmiş Baş nazir Yevgeni Primakov ilə birlikdə çalışıb. İndisə «Vahid Rusiyada»dır. O, AzadlıqRadiosuna müsahibəsində deyir ki, əvvəllər daha fəal olub: «Yakovlev, Primakov və Lujkov. Mən onların bizi ilk dəfə görüşə dəvət etdiklərini xatırlayıram. Yadımdadır, bu, Alimlər Evində idi. Onlar məni və aktyor Lev Durovu dəvət etdilər. Biz çatanda iclas başlamışdı, çox adam vardı. Onlar necə ilhamla danışırdılar. Xüsusilə Primakovu çox bəyəndim. O, intellektual adam idi və bəzi kəskin şeylər dedi. 3 il sonra mən «Vahid Rusiya»da fəaliyyətə başladım. İndi bir az passivəm, amma ona görə yox ki, getmək istəyirəm». Uzun illər partiyanın rəhbərliyində təmsil olunmuş Moskva meri Yuri Lujkov bu yaxınlarda «The New York Times»a bildirib ki, hakim partiya Kremlin xidmətçisinə çevrilib. PUTİNİN SƏLƏFLƏRİ KİMDİR? AzadlıqRadiosuna danışan sənətçilərin çoxu bildirdi ki, onlar hakim partiyaya şəxsən Putinə dəstək vermək üçün qoşulublar. Soruşanda ki, ««Vahid Rusiya»nın Putindən əvvəlki hansı rəhbərlərini tanıyırsınız», müğənni Boris Moiseyev küt-küt baxdı: «Mən onları tanımıram. Partiya məni maraqlandırmır, amma Putinlə maraqlanıram». PARTİYALAR ARASINDA FƏRQ YOXDUR Bəs partiyanın hansı baxışları onları cəlb edib? Aktyor Sergey Zuqanov deyir ki, nə «Vahid Rusiya»nın, nə də o biri partiyaların platforması var. Aktrisa Luzina da oxşar fikirləri bölüşür. Onun fikrincə, bütün partiyalar eyni şeyləri istəyir: «Onların hamısı daha yaxşı həyat istəyir. Fikrimcə, «Vahid Rusiya» da hamı üçün yaxşı həyat, ədalət istəyir... Bilirəm ki, mən partiyaya qoşulan vaxtlarda onlar qumar mərkəzləri, kazinolarla mübarizə aparırdılar. Mən də bunu dəstəklədim, çünki özüm də belə şeylərin qurbanıyam. Başa düşdüm ki, onlar hər şeyi dəqiq edirlər». Müsahibələrində aktyorlar onların partiyaya şəxsi mənfəət naminə qoşulmaları haqda ittihamları rədd etdilər. Saksofonçu Butman deyir ki, o, partiyadan «Regionda Caz» adlı layihəsini maliyyələşdirməsini istəyib, amma buna dəstək almayıb. Başqa layihədə isə «Vahid Rusiya» yalnız təşkilatçı kimi töhfə verib. ««VAHİD RUSİYA» HAQQINDA DANIŞMAQ İSTƏMİRƏM» 2009-cu ildə «Vahid Rusiya»nın mədəniyyət və yaradıcı şəxslərlə əlaqələndiricisi, aktyor və prodüser Aleksey Quskov partiyanı naməlum səbəblərdən tərk edib. AzadlıqRadiosu bunun səbəbini ondan soruşanda isə, cavabı belə oldu: «Bu barədə danışmaq istəməzdim. Mən aktyoram. Bundansa niyə problemlərimdən danışmayaq. Mən indi Avropada işləyirəm və hər şey yaxşıdır. Mən «Vahid Rusiya» haqqında danışmayacam. O tərəfdə, ya bu tərəfdə, ya hansısa, beşinci, onuncu tərəfdə iştirak etmək istəmirəm. Mən bunları rədd edirəm, anladınızmı?». Geri qayıt |