Əsas Səhifə > Sosial, Manşet > ZAKİR FƏRƏCOVUN 30 MİNLİK «ABADLIĞI»
ZAKİR FƏRƏCOVUN 30 MİNLİK «ABADLIĞI»14-12-2011, 12:08 |
24 MİN MANATA TİKİLƏN GİRİŞ QAPISI 3800 MANATA SÖKÜLDÜ DİA.AZ: - İcra başçılarının «abadlıq və yenidənqurma» tədbirləri adı altında korrupsiya fəaliyyətinə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov yeni faktla imza atıb. Bu dəfə də söhbət büdcədən ayrılan böyük məbləğdə vəsaitin havaya savrulmasından gedir. Artıq bir müddətdir ki, masazır qəsəbəsinin girəcəyindəki giriş qapısı sökülüb. Giriş qapısının sökülməsi ilə bağlı apardığımız araşdırmalar isə ortaya maraqlı mənzərə çıxarır. Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev mətbuata verdiyi açıqlamasında bildirib ki, giriş qapısının sökülməsi həmin ərazidə aparılacaq yenidənqurma işləri ilə əlaqədardır: «Həmin ərazidə monitorinq aparıldı və qərara alındı ki, Masazıra giriş yolu genişləndirilsin. Hazırda 8-9 metr olan yolun eni 14 metrə çatdırılacaq. Bu tədbirlər həmin yolda əmələ gələn tıxacların qarşısını alacaq». A. Əliyev deyib ki, yol genişləndiriləndən sonra Masazırın girəcəyindəki giriş qapısı bərpa edilməyəcək: «Yolun bir tərəfinə üzərinə «Masazır» yazılmış lövhə qoyulacaq». Şöbə müdirinin sözlərinə görə, ərazidə mövcud olan bir sıra obyektlərdə də rekonstruksiya işlərinin aparılması nəzərdə tutulur. A.Əliyev qeyd edib ki, ərazidə aparılacaq yenidənqurma işləri 2012-ci ilin 2-ci rübünün sonunadək başa çatdırılacaq. A. Əliyev 5 il əvvəl ərazidə inşa edilən giriş qapısının tikintisi və sökülməsi üçün xərclənən vəsait haqqında deyilənlərə də aydınlıq gətirib. O deyib ki, giriş qapısının tikintisinə 24 min manat vəsait sərf olunub, sökülməsi isə 3800 manata başa gəlib. Qeyd edək ki, qəsəbəyə giriş yolunun üzərində 5 il əvvəl də «Masazır» yazılan böyük lövhə qoyulub. Amma bu lövhə az keçməmiş üzəri milli ornamentlərlə bəzədilən böyük giriş qapısı ilə əvəz edilib. İndi isə tamamilə əks proses həyata keçirilir və bu anlaşılmazlıq ümumilikdə 30 min manata başa gəlib. Geri qayıt |