Əsas Səhifə > Partiya > NAZİR QARDAŞINDAN MİLLİ ŞURA AÇIQLAMASI

NAZİR QARDAŞINDAN MİLLİ ŞURA AÇIQLAMASI


4-06-2013, 11:21
NAZİR QARDAŞINDAN MİLLİ ŞURA AÇIQLAMASI
“Azərbaycan cəmiyyəti Milli Şuraları çox görüb. XXI əsrdə insanları bəsit və bayağı ideyalarla aldadıb, onları təxribatlara sürükləmək mümkün olmayacaq”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov söyləyib.
Xatırladaq ki, mayın 28-də Müsavat, AXCP, ALP, ACP, KXCP və “EL” Hərəkatı liderlərinin iştirakı ilə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması haqqında razılıq əldə olunub. Təsisçilər qurumun yaradılmasını müxalifətin inteqrasiyası istiqamətində həlledici addım kimi cəmiyyətə təqdim etsələr də, müstəqil siyasi icmalçılar bunun Rusiyanın sifarişi ilə baş tutduğunu bəyan edirlər. Hətta bir çox müxalifət liderləri, Müsavat funksioneri Arif Hacılı, AXP sədri Pənah Hüseyn, Ümid Partiyasının sədri İqbal Ağazadə, VİP sədri Əli Əliyev və digərləri Milli Şuranın rusmeylli siyasət yürütdüyünü açıq şəkildə bəyan ediblər.
Millət vəkili Elton Məmmədov bildirdi ki, Milli Şuranın müxalifətin vahid namizədlə seçkilərə qatılmaq üçün yaradıldığı deyilsə də, çox keçməyəcək ki, biz Şuranın radikal düşərgədə yeni parçalanmaların əsasını qoyacağına şahidlik edəcəyik: “Azərbaycan regionun ən güclü və qüdrətli dövlətidir. Biz Ermənistan deyilik ki, hansısa dövlətin forporstu rolunda çıxış edək. Bu gün Azərbaycan iqtidarının bir çox dövlətlərlə, o cümlədən Rusiya ilə normal münasibətləri var. Sadəcə hər seçkiöncəsi aldığı qrantların sayını artırmağa çalışan müxalif düşərgə bu dəfə də fürsəti əldən vermək istəmir və Milli Şura ideyasının kökündə onların kapital toplamaq maraqları dayanır. Reallıq hissini itirməyən hər kəs bilir ki, qarşıdakı seçkilərin nəticəsi necə olacaq. Azərbaycan xalqı bundan öncəki seçkilərdə olduğu kimi, qarşıdakı seçkilərdə də Heydər Əliyev siyasi kursuna və bu kursun layiqli davamçısı cənab Prezident İlham Əliyevə səs verəcək”.

Geri qayıt