Əsas Səhifə > Cəmiyyət > DEPUTAT KOMİTƏ SƏDRİNİ TƏKZİB ETDİ
DEPUTAT KOMİTƏ SƏDRİNİ TƏKZİB ETDİ14-12-2011, 12:41 |
PARLAMENTİN KOMİTƏ ÜZVÜ: "BU MƏSƏLƏYƏ MANE OLANLAR VAR" Dövlət Torpaq və Xəritəçəmə Komitəsinin sədri Qərib Məmmədov mətbuata bir neçə gün öncəki açıqlamasında qanunsuz tikililərlə bağlı qanun layihəsi hazırlandığını və Milli Məclisə təqdim olunduğunu deyib. Onun sözlərinə görə, qanun layihəsi qəbul olunarsa, komitə də onun əsasında müvafiq iş aparacaq. Lakin Modern.az saytının araşdırmaları zamanı məlum olub ki, parlamentə belə bir sənəd daxil olmayıb. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev saytımıza bildirib ki, hələlik Milli Məclisə komitə sədrinin bəhs etdiyi sənəd daxil olmayıb: “Mən bu məsələ ilə bağlı dəfələrlə münasibət bildirmişəm. Hesab edirəm ki, bu, çox vacib bir məsələdir. Mənə seçicilər müraciət edirlər. Baxın, adam doğulub Bakıda, valideynləri Bakıda yaşayır, o, məktəbi də Bakıda bitirib. Ancaq Ağcabədinin qeydiyyatındadır. Əsgərliyə də Ağcabədi Hərbi Komissiarlığından çağrılır. Məncə, belə şey düzgün deyil. Bu, necə ola bilər”. T.Rzayevin sözlərinə görə, Bakıdakı sənədsiz evlər sənədləşdirilmədiyindən bir çox sakinlər qeydiyyat problemi yaşayırlar. “Bu məsələ cənab Prezidenti də narahat edir. Odur ki, bu ilin əvvəlindən Bakıdakı sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı göstəriş verib. Bu məsələ parlamentin illik gündəliyinə salınıb”. Deputat deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində bu məsələ ilə bağlı ciddi işlərın görüldüyü ilə bağlı onda məlumat var. Ancaq prosesə mane olanlar da var. Hər halda inanıram ki, sözügedən sənəd yanvardan sonra bizə təqdim olunacaq. Milli Məclisin İqtisadi Siyasət Komitəsi isə bu gün “Şəhərsalma və Mənzil Tikintisi haqqında” Qanun layihəsini müzakirə edəcək. Bu layihədə Bakı şəhərində sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı heç bir maddə yoxdur. Modern.az xatırladır ki, ölkə ərazisində, o cümlədən paytaxtda çoxlu icazəsiz tikililər var ki, onların əksəriyyəti vətəndaşların yaşadığı fərdi evlərdir. Hələ 2008-ci ilin sonlarında heç bir qanuni sənədi olmayan belə evlərin siyahılaşdırılmasına başlanılmışdı. Amma iş yarımçıq qaldı. Nəhayət bu ilin əvvəlində Prezident İlham Əliyevin keçirdiyi iclasda məsələ yenidən gündəmə gətirildi. Ölkə başçısının Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq müvafiq tədbirlərə yenidən start verildi. Prezidentin göstərişinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti sənədsiz evlərin məsələsiylə bağlı mexanizm hazırlamalı və layihə razılaşdırılmaq üçün Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmalıdır. Bundan sonra yekun variant qəbul edilə bilər. Geri qayıt |