Əsas Səhifə > Partiya > “MÜSAVAT HƏLƏ DƏ ÖZÜNƏ BAŞQAN AXTARIB TAPA BİLMİR”
“MÜSAVAT HƏLƏ DƏ ÖZÜNƏ BAŞQAN AXTARIB TAPA BİLMİR”14-09-2011, 11:45 |
“QALMAQAL YARATMAQLA GÜNDƏMDƏ QALMAĞA ÇALIŞIRLAR” Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müsahibəsi - İctimai Palatanın hazırladığı “Yol xəritəsi”ni necə qiymətləndirirsiniz? - Hesab edirəm ki, belə bir məsələnin ortaya atılması, ümumilikdə hər bir siyasi partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələridir. Bu gün partiyalar var ki, onların nə layihəsi, nə də proqramları var. Həmin partiyalar 1990-cı illərin əvvəllərində yarandığı kimi, bu gün də ətrafında kimsənin olmadığı, ancaq bir sədr, bir də möhürdən ibarət olan təşkilatlardır. Onların ortaya hansısa bir layihə qoymaq, hər hansı bir fikir söyləmək, ümumiyyətlə, nə isə etmək üçün həm qabiliyyət baxımından, həm savad baxımından heç bir potensialları yoxdur. Lakin 20 ildir ki, xalq bunların əməllərini görür, onları yaxşı tanıyır. Bu baxımdan onların masa üzərinə hansısa bir layihə təqdim etməsi mümkün deyil. Onlara öz qəzetlərindən başqa demək olar ki, heç bir mətbuat orqanı diqqət yetirmir. Yalnız bəzi qəzetlərdə təkrar müsahibələr dərc etdirməklə, qəzet səhifəsində qalmaqal yaratmaqla gündəmdə qalmağa çalışırlar. Çünki qəzet siyasətçiliyindən başqa heç bir peşənin sahibi deyillər. - Müsavat başqanı İsa Qəmbər tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ölkədə inqilab edəcəklərini bildirib. Bu fikir Azərbaycan Konstitusiyasına zidd və qanunlara qarşı çıxmaq deyilmi? - Təbii. Əslində, ciddi bir adamın belə fikir irəli sürməsi aidiyyəti qurumlar tərəfindən anti - konstitusion addım kimi qiymətləndirilə bilər. İsa Qəmbərovun bu fikirləri isə 20 ildən artıqdır ki, Azərbaycan cəmiyyətində eşidilir. İsa Qəmbərovun bütün fikriləri qeyri-ciddi qəbul edilir. Partiya daxilində hər hansı bir dəyişiklik etməyə, islahatlar aparmağa potensialı olmayan birisinin, 20 ildən artıq başqan vəzifəsində müqəvva kimi saxlanılan bir şəxsin Azərbaycanda inqilab etmək iddiası tamamilə gülünc bir məsələdir. Digər bir tərəfdən bu fikirlərin hər biri Müsavat başqanının müavinləri işləmiş insanların fikirləridir. İsa Qəmbər bir qrup insanın bu və ya digər xarici təşkilatlardan, ayrı-ayrı şəxslərdən aldığı maliyyənin quluna çevrilib. Tez-tez fikrini dəyişən bu cür insanların ideyalarını ciddi qəbul etmirəm və heç bir əhəmiyyət vermirəm. - Məlumata görə “Yol xəritəsi” ABŞ diplomatları ilə də müzakirə edilib. Sizcə, bu, xarici qüvvələrin alət kimi istifadə etdikləri radikal müxalifətə yenidən maraq göstərməsi deyilmi? - Qeyd edim ki, bəzi xarici dövlətlər Azərbaycanda güclü, imkanlı, inkişaf etmiş dövlətin olmasını istəmir. Ətrafımıza nəzər salsaq istər Cənubi Qafqazda, istərsə də Yaxın Şərqdə, o cümlədən postsovet məkanına daxil olan ölkələr arasında, Şərqi Avropada elə bir sistem yaratmağa çalışırlar ki, orda güclü dövlət olmasın və o dövlət orda yaşayan xalqın maraqlarını əks etdirməsin. Bu və ya digər şəkildə özlərinin maraqlarını həyata keçirsin və həmin dövlətlər də o ölkənin istər təbii sərvətlərindən, istərsə də digər resurslarından istədikləri şəkildə istifadə etsinlər. Keçmişdə belə bir üsul mövcud idi ki, ölkələrin daxilinə nüfuz etmək üçün oradakı müəyyən qüvvələri hərəkətə gətirirdilər. İndi bu qüvvələrdən ancaq pərdə kimi istifadə edirlər. Hal-hazırda istər Liviya, istər Misir və ya Suriyada baş verən hadisələrə baxdıqda görürük ki, orda xalq anlayışı yoxdur. Onların təqdim etdikləri “üsyançı xalq” anlayışı “Əl-Qaidə” döyüşçülərindən ibarətdir. Buna hər hansı bir demokratik don geyindirməkdən ötrü, o insanların ətrafına bir neçə siyasi partiyalar, bir neçə qeyri-hökumət təşkilatı, qurumlar cəlb edərək xalqın tələbi kimi qələmə verirlər. Bu baxımdan İctimai Palatanın da müzakirə üçün təqdim etdiyi “layihə” heç bir gerçəkliyi əks etdirmir, məntiqə sığmır. Bu gün Azərbaycan Avropa Şurasının üzvüdür, Azərbaycanda qəbul olunan qanunlar və həyata keçirilən islahatlar Avropa qurumları ilə məsləhətləşmələrdən sonra aparılır, onların tövsiyyəsi nəzərə alınır. İqtisadi sahədə isə həyata keçirilən islahatlar Dünya Bankı, Beynəlxalq Valyuta Fondu tərəfindən dəyərləndirilir. Azərbaycanda aparılan islahatlar, o cümlədən maliyyə-kredit sahəsində görülən işlər beynəlxalq təşkilatlar, maliyyə institutları tərəfindən həmişə təqdir olunub. Neftdən gələn gəlirlərin xərclənməsində şəffaflığın qorunması, Dövlət Neft Fondunun fəaliyyəti bu qurumlar tərəfindən nümunə kimi göstərilir. Azərbaycanda sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı problem yoxdur. Azərbaycanda qəbul olunan qanunların hər birində Venesiya Komissiyasının tövsiyyələri nəzərə alınır və Azərbaycan Parlamenti tərəfindən qəbul edilir. Bütün bunlar olduğu tərzdə Azərbaycanda demokratiyanın olmadığı haqda danışmaq qeyri-ciddilikdən xəbər verir. Azərbaycanda söz və mətbuat azadlığının boğulması və digər halların mövcud olması cəfəngiyyatdan başqa bir şey deyil. Bu gün müxalifət xalqla deyil, muzdla işlədikləri ağaları ilə birlikdədir. Azərbaycanda insanların öz yolu var və hakimiyyətin mənbəyi xalqdır. Xalq seçkilər yolu ilə hakimiyyətini formalaşdırır. Azərbaycanda azad, demokratik seçkilər keçirilir. Bu adamlar bir çox mühüm, əhəmiyyətli məsələləri əhaliyə düzgün formada çatdırmaq əvəzinə, başqa formada təqdim edirlər. Bununla da ölkənin mövqeyinə, nüfuzuna ləkə salmağa çalışırlar. Onların Azərbaycana münasibəti budur, onlar üçün yalnız hakimiyyət hərisliyi mövcuddur, nəyin bahasına olursa-olsun, hətta erməni ilə işbirliyinə getməyə də razı olarlar ki, təki hakimiyyətə gəlsinlər. - Sizcə, radikal müxalifəti ultimativ çağırışlar etməyə və hədələyici bəyanatlar verməyə həvəsləndirən nədir? - Təbii ki, onların bütün fəaliyyətləri mövsümi xarakter daşıyır. Hər mövsümdə də bunlar bir-iki bəyanat verir, hansısa məsələyə münasibət bildirərək ordan-burdan beş-on manat qazanır, özlərinin qış istirahətlərini təşkil etmək haqqında düşünürlər. Ümumilikdə götürsək, bunlar cəmiyyət tərəfindən qəbul olunmayan insanlardır. Müsavat Partiyası hələ də özünə başqan axtarıb tapa bilmir. Müsavat bu gün siyasi təşkilat deyil, dərnəyə çevrilib. Yəni sistematik olaraq, vaxtı-vaxtında, nizamnamədə göstərilən tələblərə uyğun şəkildə iş görmürlər. Bir qurum daxilində səmimi münasibət yarada bilməyən insanlar bütün Azərbaycanda hansı səmimiyyətdən və idarəçilikdən danışırlar. Azərbaycan cəmiyyəti bu insanları vaxtı ilə görüb. Artıq cəmiyyətə məlumdur ki, bu cür insanlarla möhkəm hakimiyyət, güclü dövlət, Azərbaycan xalqının maraqlarına xidmət edən bir sistem qurmaq mümkün deyil. Onların ancaq şəxsi maraqları ilə Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına aparıb çıxarmaq mümkün deyil. Bu gün Azərbaycanın mükəmməl strateji xətti var. Bu istiqamətdə Azərbaycan inkişaf edir, cənab Prezidentin rəhbərliyi altında ölkəmiz istər inkişaf etmiş Avropa dövlətləri arasında, istərsə də regional dövlətlər arasında ən öndə gedən lider dövlətdir. Bir də ki, Azərbaycanın bu naliyyətlərini gözü götürməyən qüvvələr var və onlar da daxili qüvvələrdən istifadə etməyə çalışırlar. Azərbaycanda mitinq keçirmək istəyən insanlara deyilir ki, onlar üçün yer ayrılıb və həmin ərazidə tədbirlərini keçirə bilərlər. Bu insanlar da istəyir ki, aksiyalarını başqa yerdə keçirsinlər, bunun da arxasında maliyyə vəsaiti durur. Kim özünü kameraya göstərcəksə, o da ikiqat pul alacaq. Burada hansısa ideologiyadan söhbət gedə bilməz. - Səhv, düşünülməmiş siyasətini davam etdirən radikal müxalifətin bununla hələ də küçə təfəkküründən və meydan eyforiyasından ayılmadıqlarını söyləmək mümkündürmü? - Hərdən iqtidarla müxalifət arasında dialoqdan danışırlar, fikirlər səsləndirirlər. Onların arasında elə bir potensiala malik adam yoxdur ki, dialoq aparılsın. İkincisi, cəmiyyət-vətəndaş dialoqu var. Bunlar isə kənarda qalmış insanlardır. Dövlət idarə olunur, vətəndaşların sosial-rifah halını yaxşılaşdırmaq üçün addımlar artılır, islahatlar həyata keçirilir. Kimsə kənarda öz evində və ofisində özünü siyasi partiya adlandırırsa onlarla hansısa formada dialoq aparmaq mənasız və əhəmiyyətsiz bir fikirdir. Təbii ki, onlar qanunsuz aksiyalarla xaricdən aldıqları tapşırıqları yerinə yetirməyə çalışırlar. Dəflələrlə müxalifətin keçirdikləri küçə yürüşlərini izləmişəm və görmüşəm ki, xarici vətəndaşlar, ayrı-ayrı ölkələrin kəşfiyyat orqanlarının nümayəndələri müxtəlif cihazlarla neçə nəfərin haradan gələcəyini əvvəlcədən müəyyənləşdirir. Aydındır ki, əvvəlcədən hansı küçədən kimlərin gəlməsinə dair məlumatlar xəritə şəkilində göstərilir. Sosial bazalarının olmaması səbəbindən insanlar onlara etimad göstərmir. Buna görə də Azərbaycan cəmiyyətində hörmətləri yoxdur, belə olan təqdirdə nə ağalarının, nə də özlərinin anti-Azərbaycan maraqları həyata keçmir. İkinci bir tərəfdən, Azərbaycanda xalqla Prezidentin vəhdətdə olması, cəmiyyətin aparılan siyasəti dəstəkləməsi bunları tamamilə kənara sıxışdırır. Onlar nə qədər qanunsuz aksiyalar keçirsələr də istəklərinə nail ola bilməyəcəklər. Azərbaycanın işğal olunmuş əraziləri yandırılır, azyaşlı uşaqlar erməni snayperləri tərəfindən vurulur, sərhəd suları ilə axıdılan müxtəlif oyuncaqlarla partladılır, bunların heç biri haqqında nə yazırlar, nə də göstərirlər, elə bil ki, belə bir hadisə baş verməyib. Amma şəhərin küçələrində, insanların toplaşdığı, istirahət etdiyi yerlərə xüsusi öyrədilmiş adamlar göndərirlər. Həmin şəxslər bəzi insanları televiziya kanallarında Azərbaycanın əleyhinə danışmağa təhrik edirlər və bunu xarici telekanallarda göstərirlər. Onların kim olduğunu beynəlxalq təşkilatlar da yaxşı tanıyırlar, bilirlər ki, onların potensialı nədən ibarətdir. SİA Geri qayıt |