Əsas Səhifə > Partiya > "MİLLİ ŞURA VAHİD NAMİZƏDLƏ ÇIXIŞ ETSƏ BELƏ"...

"MİLLİ ŞURA VAHİD NAMİZƏDLƏ ÇIXIŞ ETSƏ BELƏ"...


5-06-2013, 10:01
"MİLLİ ŞURA VAHİD NAMİZƏDLƏ ÇIXIŞ ETSƏ BELƏ"...
..."QƏLƏBƏSİ MÜMKÜN DEYİL"

“Milli Şura yarandığı gündən məhvə məhkumdur və bu əslində ölü doğulmuş bir uşaqdır”.

Bu sözləri Milli.Az saytına açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, Milli Şura Azərbaycan xalqının sosial sifarişi deyil. Siyasi çəkiyə malik olmayan və kənardan gələn bir ideyadır.

F.Ağamalı hesab edir ki, indi müxalifətin yaratdığı Milli Şuranın əvvəlki milli şuralarla heç bir bağlılığı yoxdur.

“Əgər 1918 və 1991-ci illərdə yaradılmış milli şuralar Azərbaycanın müstəqilliyini elan etmək və müstəqilliyi bərpa etməyi qarşıya məqsəd qoymuşdusa, bu milli şuralar Azərbaycanın suverenliyinə qarşı mübarizə aparmağı, dövlət müstəqilliyinin məhdudlaşdırılması niyyəti daşıyır. Milli Şuranın mahiyyəti bundan ibarətdir”, - o vurğulayıb.

AVP sədri Müsavat funksioneri Arif Hacılının Milli Şura ilə bağlı fikirlərinə də münasibət bildirərkən qeyd edib ki, Arif Hacılının bu cür fikir irəli sürməsini Müsavat Partiyasının mövqeyi kimi qəbul etmək lazımdır.

Qeyd edək ki, Arif Hacılı bir nüçə gün öncə Milli Şuraya qatılmayacağını bəyan edib: “Mən bir müddətdir ki, Milli Şura ətrafında gedən müzakirələrdən uzaq qalmışam. Ancaq izlədiyim qədərilə deyə bilərəm ki, yaşanan proseslərlə bağlı nikbin deyiləm. Milli Şurada nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var və mən bu məsələlərdə iştirak etmək istəmirəm”.

Fəzail Ağamalı onu da qeyd edib ki, Milli Şura prezident seçkilərində vahid namizədlə çıxış etsə belə, onun qələbə qazanması mümkün deyil.

“Çünki Azərbaycan xalqı prezident İlham Əliyevi dəstəkləyir. Azərbaycanın inkişafını görən xalq amorf bir qurumun arxasınca getməyəcək”.

Geri qayıt