Əsas Səhifə > Cəmiyyət, Manşet > SABUNÇU SAKİNLƏRİ AYAĞA QALXDI
SABUNÇU SAKİNLƏRİ AYAĞA QALXDI14-12-2011, 17:13 |
ƏHALİYƏ 500-1000 MANAT MƏBLƏĞINDƏ İŞIQ PULU BORCU YAZILIB DİA.AZ: - Bu gün Sabunçu rayonun bir qrup sakini İşıq İdarəsinin qarşısında etiraz aksiyası keçirib. Buna səbəb onların adına külli miqdarda işıq pulu borcu yazılmasıdır. Sakinlərin "Dünya" İnformasiya Agentliyinə (dia-az.life) bildirdiyinə görə, Sabunçu, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin sakinləri işıq pulunu vaxtı-vaxtında ödəsələr də, İşıq İdarəsi onlara 400-500 manat köhnə işıq pulu borclarının olması barədə qəbz göndərib. Sakinlərin bildirdiyinə görə, ümumiyyətlə, Sabunçu rayonunda əhalinin 70 faizinə qeyri-qanuni olaraq, borc yazıblar. Məsələ ilə bağlı Maştağa qəsəbə sakini, İnsan Haqları və Azadlıqlarını Müdafiə Təşkilatının sədr müavini Tahir Poladzadə ilə əlaqə saxladıq. Tahir Poladzadə Sabunçu rayonu və ona aid qəsəbələrdə belə bir halın olduğunu təsdiqləməklə yanaşı bildirdi ki, olmayan borca görə, ötən ay onun da işığını kəsiblər: "Bakıelektrikşəbəkə"nin əməkdaşları xuliqanlıq edirlər. Zorla gəlib mənim işığımı kəsdilər. Açmamışdan qabaq dedilər ki, köhnə borcun var. Dedim, mənim borcum ola bilməz, mən həmişə işıq plunu ödəmişəm. Dedilər, get, idarədə aydınlaşdır. Mən İdarəyə gedəndən sonra bunlar mənim işığımı kəsiblər. İdarədə Şahin Qədimli mənə dedi ki, 200 manat müqabilində sənin borcunu silə bilərik. Mən də sual etdim ki, əgər bu borc dövlətin borcudursa, sən kimsən ki, 200 manatın müqabilində 500-1000 manat borcu silirsən. Qeyd edək ki, Maştağa kəndində yaşayan Nəbiyev Mirzəağa Ağanəbi oğluna da 300 manata yaxın işıq pulu borcu yazılıb. Digər sakin Osman Bağırov keçən ay üçün 6 manat 85 qəpik borcunu ödəsə də, ona verilən qəbzdə ödəniləcək məbləğin 258 manat 50 qəpik olduğu göstərilib. Sakinlərin bildirdiyinə görə, Sabunçu rayonunda bəzi işıq nəzarətçiləri camaata fırıldaq gəlirlər. Onlar xüsusən də Cavanşir və Rasim adlı işıq nəzarətçilərinin "köhnə borc" adı altında camaatdan pul yığdıqlarını, lakin bunu rəsmiləşdirmədiklərini, həmin pulları isə mənimsədiklərini bildirdilər. "Köhnə borc"un necə yaranmasına gəlincə isə, sakinlər işıq idarəsinin müxtəlif obyektlərin sərf etdiyi enerjinin pulunun camaatdan almaq istədiklərini bildirdilər. Zöhrab DİA.AZ Geri qayıt |