Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTƏ QARŞI YENİ QRUPLAŞMA

HAKİMİYYƏTƏ QARŞI YENİ QRUPLAŞMA


16-12-2011, 11:25
HAKİMİYYƏTƏ QARŞI YENİ QRUPLAŞMA

ƏLİ İNSANOVDAN GƏLƏN MESAJ QƏRBİ AZƏRBAYCANLILARI AYAĞA QALDIRDI

DİA.AZ: - Hakimiyyət daxilində qarşıdurma və ziddiyyətlər kəskinləşdikcə əvvəllər rejimin əsas dayaqları sayılan nöqtələr də əks cəbhələrdə yer almaqdadır. Bu proses daxilində daha çox müşahidə olunan qərbi azərbaycanlıların hakimiyyətdən üz çevirməsidir. Əli İnsanovun həbsi ilə tənəzzül dövrünə qədəm qoyan bu qrup artıq təşkilatlanaraq gücünü bərpa etmək üzrədir.

Hələ ki, açıq siyasi mövqeyə risq etməyən və başqa adlar altında təşkilatlanan qərbi azərbaycanlıların yeni bir cəmiyyəti də siyasi səhnəyə daxil olur. Ötən həftə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin (ADQC) İdarə Heyətinin toplantısı keçirilib. Qurumun bu dəfə ki, toplantısı hər cür iş şəraiti olan yeni ofisində keçirilib.

İdarə Heyətinin üzvləri bu ayın sonlarında nəşri bərpa ediləcək »İrəvan» qəzetinin yaradıcı kollektivi ilə tanış oldular. Cəmiyyətin fəaliyyəti, onun ölkə ictimaiyyəti ilə əlaqələrini daha səmərəli qurmaq yönündə müzakirələr aparılıb. Cəmiyyətə yeni üzvlər qəbul olunub. ADQC-nin qeydiyyata alınması üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunması qərara alınıb.

Aldığımız məlumata görə proses yalnız ayrı-ayrı cəmiyyətlərin yaranması ilə yekunlaşmayacaq. Artıq əvvəllər hakimiyyətdə təmsil olunan, sonradan »vurulan» ayrı-ayrı şəxslər də aktiv fəaliyyətə keçmək qərarını veriblər. Mənbəmizin bildirdiyinə gör qərbi azərbaycanlıların belə aktivləşməsinə əsas səbəb Əli İnsanovun həbsxanadan göndərdiyi mesajdır: »Hakimiyyət ağır günlər yaşayır. Yeni siyasi düzənin formalaşmasınqa hazırlıq gedir. Biz bu məqama hazır olmalı və elə bir gücdə olmalıyıq ki, haqqımız çatan payı alaraq əvvəlki mövqelərimizi bərpa edək.» Məlum bölgənin liderlərindən sakyılan sabiq nazirin bu çağırışına artıq bir çox həmyerliləri səs verib ki, onlar da ciddi kapital sahibi sayılırlar.

Nəzərə almaq lazımdır ki, hazırkı məqamda Qərbi Azərbaycandan olan soydaşlarımızı siyasi proseslərə cəlb edib, onları aktivləşdirmək kifayət qədər ciddi məsələdir. Bu kontingent uğrunda illərdən bəri mübarizə aparan istər hakimiyyət, istərsə də müxalifət hələ də real olaraq nəticələr əldə etməyiblər. Çünki narazı olan elektoratın bir araya gətirilməsi mümkün olmayıb. Həmçinin hadisələrin ölkənin gizli siyasi gərginlik yaşaması dövründə baş verməsi də sıradan bir hal deyil və belə düşünmək mümkündür ki, iqtidar bundan narahat olacaq. Çünki indiki həssas məqamda qərbi azərbaycanlıların siyasi partiya yaradaraq, onun ətrafında mübarizə aparmaları siyasi elitanı silkələyə bilər. Həm də hakimiyyətin içindəki eyni regionun nümayəndələrinin də onlarla əlbir işləmək ehtimalları risqləri bir qədər artırır.


Geri qayıt