Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OLİQARXLAR BİLƏSUVARDA AT OYNADIR

OLİQARXLAR BİLƏSUVARDA AT OYNADIR


7-06-2013, 11:24
OLİQARXLAR BİLƏSUVARDA AT OYNADIR
"SUVARMA SİSTEMLƏRİ" PULSOVURMA SİSTEMİ ROLUNDA

DİA.AZ: - Biləsuvardan daxil olmuş şikayət məktubunu olduğu kimi təqdim edirik. Qeyd edək ki, şikayət məktubundakı bəzi xüsusatlarla əlaqədar adı çəkilən idarənin rəhbərliyi ilə dəfələrlə danışıq aparılsa da, şikayətin araşdırılmasına maneçilik törədilib. Odur ki, aşağıda şikayətçi Müstafayev Maqsud Tarverdi oğlunun(Biləsuvar rayonu, Xırmandalı kənd sakini, II qrup hərbi xidmət əlili) Baş Prokuror Zakir Qaralova ünvanlı müraciətini DİA.AZ olaraq olduğu kimi təqdim edirik:

Hörmətli cənab Baş Prokuror!

Yazıb Sizi məlum edirəm ki, Biləsuvar rayon Suvarma Sistemləri İdarəsində məmur özbaşınalığı son həddə çatıb. Suvarma sistemləri idarəsinin müdiri Ədalət Babayev son vaxtlar daha da sərt mövqe tutub və qanunsuz hərəkətlərini davam etdirir. O, nə Allahı tanıyır, nə də ki, bəndəni.

Qanunsuz əməllərini pik həddə çatdıran Ədalət Babayev rayonda at oynadır. İdarəyə verilən yanacaq və sürtkü materiallarını bir ucdan dədə malı kimi satışa çıxaran bu şəxs hər gün 1000 manat, bəzən isə daha çox alver edərək, ayda 30-50 min arası xalis qazanc əldə edir. Ədalət Babayevin idarədən 300 metr aralı tikdirmiş olduğu topdağıtmaz mülkü isə şah İsmayıl Sarayı kimi uzaqdan bərq vurur, insanı heyran edir. XXI əsr memarlığının bariz nümunəsi olan bu sarayın qiyməti müasir bazar qiymətləri ilə 1.000 000 manatdan artıqdır. Bir pəncərəsi 3000, bir qapısı 5000 manat olan və tikintisində Zaqataladan gətirilmiş qoz ağaclarından istifadə edilmiş bu "mədəniyyət incisi" haram pullarla tikilib ərsəyə gəlib.

Bu idarənin tikintisində "qul" əməyindən, yəni Biləsuvar Suvarma Sistemləri İdarəsinin işçilərinin əməyindən istifadə olunub. Qapıdakı nökər-qaravaşlar da bu idarənin əməkdaşlarıdır.

Keçək Ədalət Babayevin qanunsuz əməllərinə. Ədalət Babayev ilk olaraq idarənin nəzdində olan qoyunçuluq və camışçılıq fermalarına əl qoyub, onları satdırıb və pulunu da qoyub cibinə. Ə.Babayev çox vaxt siyasət işlədərək, bəzi əməllərini idarənin digər əməkdaşlarının əli ilə həyata keçirir. Ən çox da (qaynı) olan yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun əli ilə. Nizami Rəsulov idarənin gizli satış nöqtələrində dizel, benzin və sürtkü materiallarını dövlət qiymətindən aşağı satdıraraq qaz-vurub, qazan doldurur. İdarənin kadrlar şöbəsinin rəisi Kazım İbişov da öz kolleqasından geri qalmır. O, işə gəlməyən 30-40 fəhlənin maaşını kartla bankomatdan çıxaranda şəxsən öz gözlərimlə görmüşəm. Digər fəhlələr də Kazım İbişova patent (rüşvət) verirlər. Şübhəsiz ki, bu pullar da Ədalət müəllimin cibinə axır.

Ədalət Babayevin, daha doğrusu, idarənin su nasosları qarlı günlərdə də "işləyir", onların adına yanacaq silinir. İdarəyə məxsus fəhlə paltar və ayaqqabıları, elektrod, sement də açıq şəikildə satışa çıxarılır.

Köhnə sovet nömrəsi ilə (41-21-AFQ) reysə çıxan maşın da (sürücüsü Telman adlı şəxsdir) idarədəki eybəcərliyin canlı şahididir. İdarədə fəaliyyətsiz maşınların hesabına da pul silinir.

Biləsuvar Suvarma Sistemləri İdarəsində yaşı 65-i keçmiş şəxs də çalışır. Bu adam kadrlar şöbəsinin rəisi Kazım İbişovun həmkəndlisi Yəhya Qarayev adlı şəxsdir.

Qanunvericiliyin bəndlərini əsas gətirərək məni işə götürməkdən qəti şəkildə imtina edən Ədalət Babayevin idarəsində bir çox əlil çalışır. Mən isə həmin əlillərin adlarını deyirəm: İqbal adlı II qrup əlil- Kadrlar Şöbəsində köməkçi vəzifəsində çalışır. Eynulla adlı digər əlil isə "Hyundai" markalı traktorun sürücüsüdür.

Mən yuxarıda Biləsuvar Suvarma Sistemləri İdarəsində baş verən bir çox qanunsuzluqlardan bəhs etdim. Amma bu tam siyahı deyil. Araşdırmaq və tədbir görmək isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ixtiyarındadır.

Hörmətləə.

Müstafayev Maqsud Tarverdi oğlu,

Biləsuvar rayonu Xırmandalı kənd sakini, II qrup hərbi xidmət əlili.

Geri qayıt