Əsas Səhifə > Sosial, Manşet > ŞƏMKİRDƏ ŞOK KORRUPSİYA

ŞƏMKİRDƏ ŞOK KORRUPSİYA


16-12-2011, 11:39
ŞƏMKİRDƏ ŞOK KORRUPSİYA

DÖVLƏTƏ MƏXSUS QUYULAR NƏDƏN SATIŞA ÇIXARILIB?

DİA.AZ: - Redaksiyamıza daxil olan digər şikəyət məktubunun müəllifi isə Şəmkir rayon Qılıncbəyli kənd sakini Hakim Məmmədovdur. O da yerli məmurların özbaşınalığından, kənddə mövcud olan sosial problemlərdən narazıdır. Redaksiyamıza ünvanladığı məktubunda Hakim Məmmədov yazır ki, 1999-cu ildə Qılıncbəyli kəndinin ərazisində yerləşən 202 reper saylı subartezian quyusunu müqavilə yolu ilə Su Quyularının İstismarı İdarəsindən 10 il müddətinə icarəyə götürüb təmir etdiriblər: "Dövlət aktı ilə verilmiş bu quyu vasitəsilə 10 il müddətində 20 ailənin 30 hektar əkin sahəsini suvarmağı nəzərdə tutmuşduq".

Hakim Məmmədovun sözlərinə görə, 2009-cu ildə onlar "AccessBank"ın Gəncə filialından 10000 manat məbləğində nəğd pul götürüb həmin quyunu idarənin baş mühəndisi İsmayıl Sarıyevin iştirakı ilə əsaslı təmir etdiriblər. Ancaq bundan bir il əvvəl - 2008-ci ildə Su Quyularını İstismarı İdarəsinin müdiri dəyişib. İdarəyə Nəriman Verdiyev rəis təyin olunub.

2009-cu ildə Nəriman Verdiyev quyunun yenidən icarəyə verilməsi ilə bağlı müqavilə imzalanmasına razılıq verməyib. Hakim Məmmədov yazır ki, Nəriman Verdiyev həmin quyunu 15 000 manata Saday Səfərov adlı Rusiya vətəndaşına nağd pula satıb. Saday Səfərov isə həmin quyunuy cuyunu şəxsi torpaq sahəsinə yönəldib. Hakim Məmmədov yazır ki, elə həmin vaxtdan onların qara günləri başlayıb: "Dəfələrlə rayonun aidiyyatı təşkilatlarına və Nəriman Verdiyevə müraciət etməyimizə baxmayaraq, şikayətlərimizə əhəmiyyət vermədilər. Nəriman Verdiyevin sözü o oldu ki, gedin, hara istəyirsiniz şikayət edin. Biz bu barədə aidiyyatı təşkilatlara, o cümlədən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə məktublar ünvanladıq. Cəmiyyətin mütəxəssisləri bizə və aidiyyatı təşkilatlara cavab verdilər ki, guya məsələ yerində, kənd camaatının, icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə araşdırılıb və aydın olub ki, sahələrdə su problemi yoxdur, bütün sahələr su ilə normal təmin olunur".

Lakin Hakim Məmmədov iddia edir ki, bütün bunlar hamısı ağ yalandır. Şikayətçinin bildirdiyinə görə, iki ildir onların sahələri su üzünə həsrət qalıb: "Əkin sahələrimiz gözümüzün qarşısında tamam yanıb külə dönüb. Bu heç kimi narahat etmir. Bütün aidiyyatı qurumlar susuzluqdan yanan sahələrə deyil, yoldaş Əhməd Əhmədzadənin quru kağızına inanırlar. Bizim əsas məşğuliyyətimiz əkinçilik və heyvandarlıqdır. Ancaq əkinçilik kimi heyvandarlıqla məşğul olmaqdan da tamamilə məhrum olunmuşuq. Nə yem toplaya, nə də mal-qaranı yaşıl yemlə təmin edə bilirik. Artıq bu vəziyyətə dözmək mümkün deyil, təsərrüfatımıza ciddi ziyan dəyib. Bilmirik hara gedək".

Hakim Məmmədovun bildirdiyinə görə, onun altı nəfər ailə üzvündən 5-i iş qabiliyyətlidir, yalnız anası pensiyaçıdır. Şikayətçi onu da bildirir ki, su problemindən təkcə onlar deyil, demək olar ki, kəndin bütün sakinləri əziyyət çəkirlər. Belə ki, Hakim Məmmədov Su Quyularının İstismarı İdarəsinin rəisi Nəriman Verdiyevin kənddə bir qrup adamla əlbir olub bütün quyuları nağd pulla onlara satdığını iddia edir: "Meliorasiya və Su Təsərrüfatı ASC-dən isə bizə yazırlar ki, sizinlə müqavilə bağlamaq imkanımız xaricindədir. Görəsən, bəs 202 reper saylı quyu, eləcə də digər quyular müqavilə ilə imkanlı adamlara necə satılır?"

Quyular ayrı-ayrı şəxslərə satıldığından onlar digər sakinlərin sudan istifadəsinə icazə vermir. Hakim Məmmədovun bildirdiyinə görə, kimsə pul ödəməsə, şəxsi mülkiyyətə verilən quyuların suyundan istifadə edə bilməz. Bunun üçün ödəniləcək məbləğə gəlincə, şikayətçi yazır ki, quyu sahibləri əkin sahəsinin hər hektarı üçün kənd sakinlərindən 20 manat pul tələb edir.

Hakim Məmmədovun yazdığına görə, kənddə təxminən 570 hektar əkinə yararlı torpaq sahəsi var. Su olmadığından həmin 570 hektar sahənin yalnız 5 hektarına buğda səpilib. Həmin 5 hektar sahəyə isə bu il dekabrın 5-ə kimi bir dəfə də olsun su verilməyib.

Beləliklə, Qılıncbəyli kəndində 100 hektarlara torpaq sahəsi suvarma problemi ucbatından əkilməmiş qalıb. Vəzifəsi kənddə əhalinin su problemini həll etmək olan Nəriman Verdiyev isə əhaliyə əsl problemlər yaradır və Hakim Məmmədovun dediklərinə inansaq, dövlətə məxsus quyuları ata malı kimi satışa çıxarıb. Maraqlıdır, bəs, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi niyə bu məsələyə göz yumur?

R.S.Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.


Geri qayıt