Əsas Səhifə > Güney Press, Araşdırma > FAİQ ŞAHBAZLININ AKTİVİNƏ YAZILMALI MİNUSLAR

FAİQ ŞAHBAZLININ AKTİVİNƏ YAZILMALI MİNUSLAR


11-06-2013, 10:41
FAİQ ŞAHBAZLININ AKTİVİNƏ YAZILMALI MİNUSLAR
HƏLƏLİK 18 DƏRSLİK YAYARSIZDIR...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələri haqqında məlumat yayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, Prezidentin 19 aprel tarixli fərmanına əsasən, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi Komissiyaya həvalə olunub. Fərmanın icrası olaraq, TQDK tərəfindən yeni təhsil proqramları üzrə (kurikulum) fənn standartları əsasında hazırlanan I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanan və istifadədə olan VII-X sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb.

İndiyədək TQDK tərəfindən dərslik müəllifi olmayan mütəxəssislər arasından ekspertlər hazırlanıb. Pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiya toplanıb. Bunun üçün [email protected] elektron ünvanı yaradılıb və pedaqoji ictimaiyyətə müraciət olunaraq onların qeyd, irad və təkliflərinin bu ünvana göndərilməsi xahiş olunub. İndiyədək bu ünvana I-XI sinif dərslikləri barədə 10 minə yaxın (9802) qeyd və təklif daxil olub.

İnternet vasitəsilə canlı yayımlanan dərslik müzakirələrində dərslik müəllifləri, Təhsil Nazirliyinin müvafiq sahə üzrə nümayəndələri, Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri, ekspertləri, Təhsil Problemləri İnstitutu və Kurikulum Mərkəzinin mütəxəssisləri, Respublika Təhsil Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetin, Bakı Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun müəllimləri iştirak ediblər. Ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunmuş, cavab olaraq müəlliflər hansı iradları qəbul etdiklərini, hansıları qəbul etmədiklərini bildiriblər.
I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.
V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib, bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.
Hazırda VII siniflər üzrə bütün dərsliklərin, VIII siniflər üzrə “Azərbaycan dili” (variativ dərsliklər), “Ədəbiyyat”, “Rus dili” (ana dili kimi), “Ədəbiyyat” (təlim rus dilində olan məktəblər üçün), “Rus dili” (xarici dil kimi), “Cəbr”, “Həndəsə”, “Fizika”, “Kimya”, “Azərbaycan Respublikasının fiziki coğrafiyası”, “Zoologiya” , “İngilis dili”, “Fransız dili”, “İnformatika”, “Musiqi”, “Rəsmxət”, IX siniflər üzrə “Rus dili” (ana dili kimi), “Ədəbiyyat” (təlim rus dilində olan məktəblər üçün), “Rus dili”(xarici dil kimi), “Cəbr”, “Biologiya (İnsan)”, “Kimya”, “Fizika”, “Musiqi”, “Rəsmxət”, X siniflər üzrə “Rus dili”(xarici dil kimi), “Fizika”, “Kimya”,” Ümumi biologiya” (variativ dərsliklər) dərsliklərinin elmi-metodiki monitorinqi başa çatıb və yuxarıda göstərilən prosedur qaydalara uyğun olaraq yekun rəylər üzərində iş aparılır. Yekun rəylər yaxın vaxtlarda Təhsil Nazirliyinə göndəriləcək.

Geri qayıt