Əsas Səhifə > Sosial, Manşet > İSMƏT ABBASOVDAN PREZİDENTƏ ŞOK ŞİKAYƏT MƏKTUBU
İSMƏT ABBASOVDAN PREZİDENTƏ ŞOK ŞİKAYƏT MƏKTUBU11-06-2013, 12:41 |
NARAZILIQ VAR: “KTN ŞEFİ KADRLARI KOSTYUMUNU DƏYİŞƏN KİMİ DƏYİŞİR” DİA.AZ: - Redaksiyamıza Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyindəki müəssisələrin keçmiş rəhbərlərinin bir qrupunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Milli Məclisin sədrinə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, milli təhlükəsizlik nazirinə ünvanlanmış müraciəti daxil olub. Müraciətdə nazir İsmət Abbasov qarşı ağır ittihamlar yer alıb. Müraciət müəllifləri Maşallah Hüseynov, Cahangir Xəlilov, Nəsib Mahmudov, Fəxrəddin İbrahimov, Sübhan Dadaşov, Hüseyn Paşayev, Fikrət Hüseynov və Aydın Məmmədovdur. Qeyd etdik ki, müraciətdə olduqca ağır ittihamlar yer alıb. Bu səbəbdən onu bəzi ixtisar və redaktələrlə təqdim edirik. Müraciətdə bildirilir ki, 2004-cü ildə nazir postuna təyin edilən İsmət Abbasov nazirliyin tabeçiliyindəki bütün müəssisə və obyektlərdə təftişə başlayıb: “Təftiş onunla yekunlaşdı ki, ölkədə mövcud olan 40-dan çox toxumçuluq, damazlıq və digər müəssisələrin rəhbərlərinin hərəsindən yeni naziri təbrik etmək adı ilə 10 min manat yığıldı. Elə həmin ildən etibarən hər il 40 müəssisənin hər birindən 10 min manat yığılır. Pulu ödəməkdən imtina edən müəssisə rəhbərləri dərhal işdən azad edilir, onların yerinə yeni təyin edilən şəxslərdən isə 20 min manat “şirinlik” alınır. Hazırda həmin pulların yığılmasına nazirliyin hüquqşünası, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənov nəzarət edir. Əvvəllər isə bu işlə kadrlar şöbəsinin rəisi Gülnisə Rəhimova və 1 saylı şərab zavodunun rəhbəri Sahib adlı şəxs məşğul olub”. Şikayətçilərin yazdığına görə, Baytarlıq Xidmətinə daxil olan idarələrin, ərazi kənd təsərrüfatı idarələrinin rəhbərlərindən, bir sözlə, nazirliyin tabeçiliyindəki bütün müəssisələrdən pul toplanır. Subsidiyaların, lisenziyaların verilməsində, texnikaların və iribuynuzlu mal-qara alınmasında hər il milyonlarla manat mənimsənilir. Müraciətdə qeyd edilir ki, 2004-cü ildən bəri İ.Abbasov nazirliyin tabeçiliyində olan müəssisələrin rəhbərlərini dəfələrlə dəyişib: “İsmət Abbasov kadrları kostyumunu dəyişdiyi kimi dəyişir. Nazir 9 sentyabr 2009-cu il tarixində keçirdiyi kollegiya iclasında 10 nəfər mütəxəssisi qanunsuz olaraq vəzifələrindən azad edib, 15 nəfərdən çox mütəxəssisə cəza verib. Belə hallar hər kollegiya iclasında baş verir. İndi onun oğlu Yunis Abbasov bu pullar hesabına Londonda firavan həyat sürür, elə danışır ki, guya “süddən çıxmış ağ qaşıqdır”. Yunis Abbasovdan çox-çox bacarıqlı oğlanlar isə Bakıda qul kimi işləyirlər. Bu əməllərinə görə, İsmət Abbasov, onun birinci müavini Aslan Aslanov barəsində lazımi tədbir görülməlidir...” Qeyd etdiyimiz kimi, müraciətdəki çox sərt ifadələri, ağır ittihamları nəzərə alaraq, dərc etməmişdən öncə məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənməyə cəhd etdik. Müraciətdə adı çəkilən nazirliyin hüquqşünası, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənov bildirdi ki, həmin müraciətdən biri onlara da göndərilib və orada deyilənlərin heç bir əsası yoxdur. Şöbə müdiri əlavə fikir bildirməkdən imtina etdi və nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət gördü. Uzun cəhdlərimizdən sonra qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlaya bildik. Həmkarımız isə müraciəti faksla ona göndərməyimizi xahiş etdi. Redaksiyada faks olmadığından həmkarımızın istəyi alınmadı. Sonrakı zənglərimiz isə cavabsız qaldı. Dövlət əhəmiyyətli tədbirlərin birində iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevlə görüşüb jurnalist araşdırmamıza yardımçı olmasını xahiş etdik. İlham müəllim xahişimizi məmnuniyyətlə qəbul edərək, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevə tapşıracağını söylədi. Ancaq çox təəssüf ki, mətbuat xidmətinə edilən zənglərimiz bundan sonra da cavabsız qaldı. Odur ki, müraciətdə adı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |