Əsas Səhifə > Güney Press, Araşdırma > MƏMUR UŞAQLARI BAKIDA QUMARI HARDA OYNAYIR?

MƏMUR UŞAQLARI BAKIDA QUMARI HARDA OYNAYIR?


12-06-2013, 11:43
MƏMUR UŞAQLARI BAKIDA QUMARI HARDA OYNAYIR?
"MAMOUNİA" MÜƏMMASI DAVAM EDİR

Bu gün paytaxtda açıq-aşkar, həmçinin gizlin fəaliyyət göstərən kifayət qədər əxlaqsızlıq yuvaları, eləcə də qumarxanalar var. Ki, onlardan biri də «Mamounia Lounge» adlı gecə klubudur. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Bakının mərkəzində, daha dəqiq desək, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən sözügedən klubda qumarxana və fahişəxana fəaliyyət göstərirmiş.

Məhz elə bu səbəbdən də bu ilin aprel ayının 10-da gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən «Mamounia» adlı klubda xüsusi əməliyyat həyata keçirilib. Nəticədə isə adıçəkilən obyektin sökülməsinə qərar verilib.

Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin iddiasına görə, «Mamounia»da olub-bitənlər barədə hələ bir müddət əvvəl ölkənin hüquq-mühafizə orqanlarında kifayət qədər informasiya vardı: «Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları əlverişli məqamı gözlədikləri üçün həmin gecə klubunun bir qədər də fəaliyyət göstərməsinə göz yumurdular. Bununla bərabər, gecə klubu daim nəzarətdə saxlanılırdı. Orada nələrin baş verdiyi, kimlərin hansı oyunlardan çıxdığı çoxlarına, eləcə də aidiyyəti qurumlara bəlli idi. Beləcə, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əlverişli məqam yetişən kimi «Mamounia»da xüsusi əməliyyat keçirib klubun yerləşdiyi binanın qarşısındakı küçədə əlavə olunmuş hissədə fəaliyyət göstərən «Terrace» adlı bölməsinin dağıdılmasına nail oldular. Nəzərinizə çatdırım ki, aprelin 10-da baş tutmuş əməliyyat zamanı klubda fəaliyyət göstərən qumarxanada və fahişəxanada bir neçə nəfər «iş başında» yaxalanıb». Düzdür, klubun xanım inzibatçısı hadisədən dərhal sonra deyilənləri təkzib edib «Mamounia»da heç bir əxlaqsız hərəkətlərin baş vermədiyini vurğulasa da, məsələyə dair əldə etdiyimiz informasiyalarda bunun tam əksi qeyd olunur.

Belə ki, adıçəkilən məkana əsasən imkanlı şəxslərin baş çəkdiyini deyən məlumatlı şəxsin sözlərinə görə, həqiqətən də klubda qeyri-qanuni olaraq qumar oyunları və fahişəxana təşkil edilirmiş: «Təbii ki, «Mamounia»nın şəhərin ən sayılıb-seçilən ərazisində yerləşməsi və uzun müddət bir sıra qanunsuz əməllərə şərait yaratması onu deməyə əsas verir ki, gecə klubunun sahiblərinin arxasında hansısa nüfuzlu şəxs, məmur dayanır. Artıq həmin şəxsin kimliyi də bəlli olub. Əldə etdiyim bilgilərə görə, gecə klubunun Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsinin rəisi Ədnan Əhmədzadə ilə bu və digər formada bağlılığı var. Məhz elə bu səbəbdən də hüquq-mühafizə orqanları «Mamounia»da olub-bitənləri ətraflı şəkildə araşdıra, geniş klubunun fəaliyyətinə müdaxilə edə bilmirdi. Lakin bir müddət öncə Ədnan Əhmədzadənin buraxdığı kobud səhv gecə klubunun işini əməlli-başlı cəncələ salıb. Nəticədə isə klubun «Terrace» adlı bölməsi yerlə-yeksan edilib».

«Mamounia»nın həm də striptiz klub kimi fəaliyyət göstərdiyini qeyd edən mənbə iddia edir ki, hüquq-mühafizə orqanlarının müdaxiləsinə baxmayaraq, hazırda klubda eyni əməllər davam etməkdədir: «Mamounia» bu gün də öz çirkin əməllərinə davam edir. Əgər gecə saatlarında onun yerləşdiyi məkana baş çəksəniz, o zaman görəcəksiniz ki, imkanlı şəxslər, biznesmenlər, bəzi məmur övladları yenə də həmin kluba baş çəkir, orada qumar oynayır və yüngül həyat tərzi keçirən qadınlarla min cür oyundan çıxırlar. Görünür, «Mamounia»nın sahibləri himayədarlarına arxalandıqları üçün nə ölkə qanunlarına, nə də ki, hüquq-mühafizə orqanlarına hörmət edirlər. Əks halda, gecə klubunun sahibləri aprel ayında baş vermiş məlum olaydan nəticə çıxarar, «Mamounia»nı mədəni, elit insanların baş çəkə biləcəyi məkan halına gətirərdilər». Maraqlıdır, görəsən, kim(lər) restoran, otel, disko və gecə klublarının sahiblərinə bu cür əməllərə əl atmalarına imkan yaradır? Ümid edirik ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi qeyd olunan sual ətrafında zəruri addımlar atmaqla yanaşı, «Mamounia»da olub-bitənləri diqqət mərkəzində saxlayacaq.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işhıqlandırmağa hazırıq.

Geri qayıt