Əsas Səhifə > Partiya > "ABBAS ABBASOV RUSİYADA YAŞAYIR, ORDA ÖZ İŞİNİ GÖRSÜN"
"ABBAS ABBASOV RUSİYADA YAŞAYIR, ORDA ÖZ İŞİNİ GÖRSÜN"12-06-2013, 11:46 |
"Bu cür bəyanatlar Rusiyada Azərbaycana qarşı hansı siyasi platformanın olduğunun göstəricisidir. Bu da bizi düşündürməlidir". Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Rusiya-Azərbaycan Təşkilatları İttifaqının rəhbəri və AzerRos Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun son aylarda Azərbaycanda Rusiya əleyhinə aparılan yalan kampaniyası ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu bəyanat sırf siyasi bəyanatdır: “Bir siyasi lider özəlliyini qəbul etmiş şəxsin bəyanatıdır. Abbas Abbasovun bunu hansı niyyətlə etdiyini şərh etmək istəmirəm. Çünki bu bəyanatda Rusiyada yaşayan azərbaycanlıların taleyini düşünməyə sövq edən bir çağırış var. Digər tərəfdən isə bəyanatda Rusiya ilə Azərbaycan arasında dostluq tellərinin şişirdilməsi məsələsi var. Hamıya məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinə görə, iki dövlət arasındakı münasibətlər yaxşı deyil. Burada sətiraltı həm Azərbaycana, həm də Rusiyaya siyasi mesaj verilib. Bütün hallarda Azərbaycan hakimiyyəti Rusiyada yaşayan azərbaycanlılarla, həm də daxil də olan müxalif qüvvələrlə dialoqa başlamalıdır. Əgər dialoqdan imtina etsə, bunun yaxşı nəticələri olmayacaq. Bu cür bəyanatlar Rusiyada Azərbaycana qarşı hansı siyasi platformanın olduğunun göstəricisidir. Bu da bizi düşündürməlidir”. Abbas Abbasovun bəyanatına hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini , millət vəkili Mübariz Qurbanlı da münasibət bildirib. Millət vəkili “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, Abbas Abbasovun Azərbaycanla bağlı dediklərinin hamısı əfsanədir: “Onun Azərbaycandakı vəziyyətlə bağlı dedikləri həqiqəti əks etdirmir. Abbas Abbasov Rusiyada yaşayır. Orada öz işini görsün”. Geri qayıt |