Əsas Səhifə > Sosial, Manşet > ŞƏKİDƏ BAZAR MAFİYASI

ŞƏKİDƏ BAZAR MAFİYASI


17-12-2011, 11:55
ŞƏKİDƏ BAZAR MAFİYASI

ŞİKAYƏTLƏRDƏN SONRA BAZARIN RƏHBƏRİ HƏBS OLUNUB

DİA.AZ: - Bir qrup Şəki sakini adından redaksiyamıza müraciət daxil olub. Bildirək ki, sözügedən müraciət bir neçə instansiyaya da ünvanlanıb. Həmin müraciəti diqqətinizə çatdırırıq:

“Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarına

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri cənab F.Ələsgərova.

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova

Ombudsman xanım Elmira Süleymanovaya

Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab K. Heydərova Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab O.Şirəliyevə

Azərbaycan Respublikasının Vergilər Naziri cənab F.Məmmədova
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab R. Usubova
“Şəkinin səsi” “İpəkçi” qəzetinin baş redaktoru A.Məmmədova.

Surəti: Şəki Rayon Prokuroru cənab A.Rəhimova

Surəti: Şəki ŞRPŞ rəisi cənab E.İlyasova

Müraciət

Möhtərəm Prezident İlham Əliyev cənabları. Hörmətli Mehriban xanım. Hörmətli cənablar, hörmətli xanım E.Süleymanova.

Bizlər 2010-cu ilin may ayından etibarən Sizlərə çox sayda müraciət ünvanlayaraq, Şəki şəhər İcra Hakimiyyətinin keçmiş başçısı M.Cabbarlının da işlədiyi müddətdə dəstəklədiyi “Şəki-Bazar” ASC-nin Abdullayev Vahid Vaqif oğlunun rəhbərliyi altında vəzifəli şəxslərinin özbaşınalıqları, dələduzluqları, vergi ödəmələri və maliyyə işlərində törətdikləri cinayətlər, o cümlədən bizlərə məxsus daşınmaz əmlakları zəbt etmələri, hətta söküb talamaqları barədə məlumatlar verib tədbir görülməsini xahiş etmişdik.

Lakin bəzi vəzifəli şəxslərin havadarlığı sayəsində V.Abdullayev və onun dəstə üzvləri barəsində cinayət işi açılmamış və sənədlər mülki qaydada araşdırılması üçün Məhkəməyə göndərilmişdir. M.Cabbarlının dövründə “Şəki-Bazar” ASC-nin ərazisində bir neçə dəfə müxtəlif insidentlər baş versə də, bazar rəhbərliyi tərəfindən ört-basdır edilmişdir. Lakin Cabbarlının bədnam rəhbərliyi sona çatdıqdan sonra da “Şəki-Bazar” ASC rəhbəri V.Abdullayev, onun dəstəsinin üzvləri-Eldəniz, Elxan və Eldar qardaşları, hər ikisinin adı Anar olan iki şəxs və Qurbanın özbaşınalıqları bu günə qədər davam edir.

Heç bir qanunun işləmədiyi “Şəki-Bazar” ASC-nin ərazisində dəhşətli antisanitariya, hərcmərclik, heç bir standarta uyğun olmayan alış-veriş şəraiti, vergi ödəmələrinin gizlədilməsi, yanğın təhlükəsizliyinə riayət olunmaması, kənar şəxslərə məxsus obyektlər zəbt olunaraq, heç bir müqavilə və sənədləşmə olmadan öz yaxın adamlarına qanunsuz icarəyə verilib.

Əldə edilən pulların mənimsənilməsi, sahibkarların incidilərək onlardan 2010-cu ilin may ayına qədər ödədikləri rüsumlardan 3-5 qat artıq tələb etmələri, hətta sahibkarların zorla iş yerindən çıxarılması bu gün də davam edir. Onların bu alçaqlığından cana doyan sahibkarlardan biri (Əlövsət adlı şəxs) 15.12.2011-ci il tarixdə “Şəki-Bazar” ASC inzibati binasının önündə üstünə benzin tökərək yandırmaq yolu ilə intihara cəhd etmişdir. Ətrafdakıların və deyilənlərə görə hətta polis işçisi (işçilərinin) köməyilə bu faciənin qarşısı alınmışdır.

Möhtərəm Prezident İ.Əliyev cənabları.

Hörmətli Mehriban xanım.

Hörmətli cənablar, hörmətli xanım E. Süleymanova.

Bu dəstə, xüsusilə də V.Abdullayev və onun bazar mafiyası nəzarətsiz qaldıqca günü-gündən azğınlaşır. Bu mafiyanı kimin qoruduğunu bilmirik, amma bir o məlumdur ki, heç kim istər antisanitariyaya, istər dələduzluğa, istər yanğın təhlükəsizliyinə, istər vergi-maliyyə cinayətkarlığına, istər yanğın təhlükəsizliyinə riayət olunmamasına, istər rekertlik hərəkətlərinə nəzarət edən təşkilatların əməkdaşları onların bu özbaşınalıqlarını araşdırıb tədbir görmələrinə kimlər tərəfindənsə maneçilik törədilir.

Yuxarıda göstərdiklərimizi nəzərə alaraq, “Şəki-Bazar” ASC-nin rəhbəri V.Abdullayev, Eldəniz, Elxan və Eldar qardaşları, hər birinin adı Anar olan iki şəxs və Qurbanın vətəndaşların başına açdığı oyunların nəticəsində onlara, o cümlədən bizlərə vurduqları maddi və mənəvi zərərə görə onlar haqqında ciddi tədbir görülməsi, onlara vətəndaşı özünü öldürmək həddinə çatdırmasına görə cinayət işinin açılması, onların məsuliyyətə cəlb olunması, vergi, maliyyə sahəsində saxtakarlıqlarının ifşa olunmasının təmin olunması, bu proseslərin obyektiv aparılması üçün müvafiq göstərişlər verilməsini Sizdən xahiş edirik.

Əvvəlcədən Sizlərə öz təşəkkürümüzü bildiririk.



Hörmətlə: Q.C.Tağıyev. Şəki, Bağbanlar 67/31

S.O.Qarayev. Şəki, Çexov 99

M.H.Hüseynov. Şəki, M. Quliyev 22

N. M.Hüseynbəyli. Şəki, M. F. Axundov 3 B

N. M.Əhmədov. Şəki, M. Ə. Rəsulzadə 168/33

S.M.Kərimov. Şəki, Nizami 59

U.A.İbrahimov. Şəki, M. Əfəndiyev 5
və digərləri”.

Əldə etdiyimiz məlumata görə “Şəki-Bazar” ASC rəhbəri V.Abdullayev və digər 2 əməkdaş həbs edilib!


Vəfa Əliyeva - DİA.AZ
Geri qayıt