Əsas Səhifə > Partiya > AMİP MİLLİ ŞURAYA NİYƏ QOŞULMUR?
AMİP MİLLİ ŞURAYA NİYƏ QOŞULMUR?13-06-2013, 11:54 |
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Milli Şura ilə bağlı bir sıra ciddi sualları var. Bu barədə Trend-ə AMİP-in baş katibi Arzuxan Əlizadə deyib. O qeyd edib ki, Milli Şurada təmsilçilik AMİP-ə təklif olunmuşdu və partiya təmsilçiləri bir sıra danışıqlarda iştirak ediblər: "Bizim Milli Şura ilə bağlı ciddi məqamları özündə ehtifa edən suallarımız var idi. Bu, ilk növbədə Milli Şuranın gələcəkdə xarici siyasəti ilə bağlı məsələ idi. Biz Milli Şuranın gələcək fəaliyyətinin, xüsusilə də xarici siyasətinin hansı yöndə olacağını bilmək istəyirdik. İkinci, Milli Şurada idarəçiliklə bağlı ciddi suallarımız var idi, çünki əvvəldən razılaşdırılmışdı ki, Milli Şuranın təsisçiləri siyasi partiyalar olacaqlar və konkret olaraq beş partiyanın, AXCP, Müsavat, AMİP, ACP və ALP-nin və həmçinin "El" hərəkatının adı çəkilirdi". Əlizadənin sözlərinə görə, amma sonradan belə qərara gəlindi ki, təsisçilər olaraq ölkədə tanınmış həm siyasi partiyalar, həm ziyalılar, həm üzdə olan qeyri-hökumət təşkilatlarının nümayəndələri və hüquq müdafiəçiləri və s. olsun: "Bu da bizdə ciddi suallar yaratdı ki, gələcəkdə idarəçilik hansı formada olacaq? Bu idarəçilik forması ilə bağlı da sona qədər cavablarımızı almadıq". AMİP-in baş katibi vurğulayıb ki, əsas məsələlərdən biri də Milli Şuranın gələcəkdə vahid namizədlə çıxış edə bilmək imkanları idi: "Biz vahid namizəd olaraq kimin irəli sürüləcəyini təxmin edirdik və bunun əvvəlcədən bəlli olmasını və həmin namizədin özünün platformasını ortaya qoymaq məsələsini qaldırdıq. Təəssüflər olsun ki, sona qədər suallarımıza cavab almadıq və bu səbəbdən də AMİP-in Milli Şurada təmsilçiliyi ilə bağlı məsələ açıq saxlanıldı. Mən hesab edirəm ki, Milli Şurada təmsil olunan siyasi partiyaların böyük əksəriyyətinin həmin sualları var və bu suallara hələ sona qədər cavab tapılmayıb". Əlizadə onu da əlavə edib ki, Milli Şura ilə bağlı müzakirələrdə iştirak edən müəyyən təşkilatlar və şəxslər ilkin olaraq Rüstəm İbrahimbəyovun namizədliyi olacağı tədqirdə onu vahid namizəd qəbul etmiş kimi görsənirdilər: "Amma Milli Şurada təmsil olunan bir sıra partiyalar da tələb edir ki, əgər Rüstəm İbrahimbəyov namizəd olacaqsa, o öz platfomasını ortaya qoymalıdır. Amma doğrudan da namizəd Rüstəm İbrahimbəyov olacaq? Əgər olacaqsa, onda o, həmin platformasında Milli Şurada təmsil olunan və yaxud təmsil olunmayan siyasi qüvvələrin iradəsini ifadə edəcəkmi? Bu kimi suallar var". AMİP-in baş katibi digər hansısa siyasi təşkilatın liderinin Milli Şuranın vahid namizədi olacağına inanmadığını deyib: "Çünki bu, Azərbaycan müxalifətində bu vaxta qədər cox ciddi problemli bir məsələ olub, ortaq məxrəcə gəlmək mümkün olmayıb. Hətta eyni düşərgədə təmsil olunan siyasi təşkilatların liderləri bu məsələdə vahid mövqedən çıxış edə bilməyiblər. Bunlar təcrübədən görunur və mən bəri başdan deyə bilərəm ki, yenə də həmin hal təkrarlana bilər". Milli Şuranın tərkibinə gəlincə isə Əlizadə qeyd edib ki, təmsil etdiyi partiya o fikirdədir ki, Milli Şurada Rusiyayönümlü, İranyönümlü və digər müxtəlif siyasət yürüdən təşkilatlar, şəxslər təmsil olunurlar: "Şübhəsiz ki, bu cür bir təşkilatda xüsusilə xarici siyasətlə bağlı ortaya vahid mövqe qoymaq çox çətin olacaq". Geri qayıt |