Əsas Səhifə > Şou-biznes > "ELÇİLƏRİMİN SAYINI İTİRMİŞƏM"

"ELÇİLƏRİMİN SAYINI İTİRMİŞƏM"


13-06-2013, 12:17
"ELÇİLƏRİMİN SAYINI İTİRMİŞƏM"
Teleaparıcı Aytən Əlizadənin Milli.Az-a müsahibəsi.

- Aytən xanım, televiziyaya gəlişiniz necə oldu? İlk dəfə hansı televiziyada müəllif proqramı ilə çıxış etmisiniz?

- Televiziya məkanına gəlişim, ilk efirim, həyəcan dolu çıxışım "Space" telekanalından başlayıb. Daha sonra Lider TV-də “Ada” realiti-şousunda aparıcı oldum. Bu veriliş də çox gözəl, maraqlı idi. Hazırda isə ANS televiziyasında “Gəzək-görək” adlı verilişin aparıcısıyam.

- Nədənsə hər zaman səyahətlə bağlı əyləncəli verilişlərin aparıcısı olursunuz...

- Səyahət etməyi çox sevirəm. Mən, ümumiyyətlə, yay fəslini xoşlayıram. Fəsildən asılı olmayaraq çalışıram hər zaman istirahətimə vaxt ayırım. Onu da deyim ki, səyahət mənim həm də hobbimdir (gülür).

- Səhv etmirəmsə, aparıcısı olduğunuz verilişlərin həm də müəllifisiniz. Verilişin hazırlanması vaxtınızı çox alır?

- Nəinki verilişin, bir süjetin hazırlanması saatlarla vaxt aparır. Mən öz işimə çox ciddi yanaşan insanam. Aparıcısı olduğum bütün verilişlərin, demək olar ki, müəyyən işlərini özüm görmüşəm. “Gəzək-görək” reklam tipli veriliş olduğu üçün onun hazırlanması çox vaxt aparır. Həm aparıcı, həm redaktor, həm prodüser və s. Amma hər zaman gördüyüm işlərdən zövq almışam. Çünki işimə və sənətimə sonsuz həddə bağlıyam. Məncə, özünü peşəkar adlandıran hər bir aparıcı bu işləri bacarmalıdır.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- İncəsənət Universitetini bitirdikdən sonra radio və televiziya reklamlarının səslənməsində, dublyajda çalışmışam. Televiziya aparıcısı kimi beş ildir ki, fəaliyyət göstərirəm.

- Rejissorluq ixtisası üzrə fəaliyyət göstərməməyinizin səbəbi nə oldu?

- Əgər xatırlayırsınızsa, bir neçə il bundan əvvəl təkcə AzTV telekanalı fəaliyyət göstərirdi. Anamın söylədiyinə görə, ilk dəfə Roza Tağıyevanı efirdə görəndə “Mən də ondan olacağam” demişəm. Yadımdadır, həmişə uşaqlıqda güzgü qarşısında əlimdə qəzet çıxış etmişəm, “veriliş aparmışam” (gülür). İncəsənət Universitetinə daxil olmağı mənə diktor Ofeliya Sənani məsləhət bildi. Mən artıq 9-cu sinifdə oxuyanda anam məni o xanımın yanına apardı. Ofeliya xanım mənə baxdı, baxdı... Sonra oxumağa mətn verdi. O mənə söylədi ki, səndən diktor olar, amma bunun üçün sən İncəsənət Universitetinə daxil olsan, yaxşı olar, çünki orada səhnə danışığı, aktyorluq dərsləri keçərlər. Mən də elə etdim. Əslində peşəkar aparıcı həm rejissor, həm aktyor, həm də səlis nitq mədəniyyətinə malik olmalıdır. Aparıcılıq da incəsənətin bir sahəsi sayılır.

- Bu gün də sizə dəstək olan həmkarlarınız var?

- Bugünkü gündə yalnız özüm öz üzərimdə çalışıram. Hər zaman mütaliə edirəm, bilmədiklərimi öyrənməyə çalışıram. Saatlarla artikulyasiya məşqləri edirəm. Tam səlist, qüsursuz, ləhcəsiz, bir sözlə, sevdiyim və seçdiyim sənətin peşəkarı olmaq üçün çalışıram. Amma yaxın bir dostumun məsləhəti ilə çox güman ki, yaxın günlərdə yenidən çox savadlı bir xanım diktorumuza müraciət etməyi qərara almışam.

- Kimdir o diktor xanım?

- Sevda Ağazadə (gülür).

- Aytən xanım, qorxduğunuz sual hansıdır?

- Əslində qorxuduğum yox, sevmədiyim sual deyərdim (gülür). Deyirlər xanımdan yaşını və maaşını soruşmazlar. Mənim də sevmədiyim suallar bunlardır (gülür). Şəxsi həyatla bağlı ünvanlanan sualları da heç sevmirəm.

- İcazənizlə sizə sevmədiyiniz bir sualla müraciət edim… Yəqin ki, evlilik təklifləri almısınız...

- Yəni elə bir qız tapılar ki, ona evlilik təklifi gəlməsin? (gülür).

- Əlbəttə ki, yox… Sizin kimi gözəl xanıma isə saysız-hesabsız elçi düşənlər olub bəlkə də…

- Elçilərimin sayını artıq itirmişəm (gülür).

- O qədər çox olub ki?

- Bircə onu deyə bilərəm ki, evdə mənə ən çox verilən sual budur: “İndi nəyi və niyə bəyənmədin? (gülür).

- Aytən xanım, yayda harada istirahət etməyi planlaşdırırsınız?

- Keçən il bütün yayı gözəl istirahət etdim, bu yay da planlarım çoxdur.

- Yeni layihələriniz gözlənilirmi?

- İnşallah, payız ayına çox gözəl bir layihə nəzərdə tutulub. Yay fəslidir... Yalnız gözəl bir istirahətdən sonra üzərində bol enerji ilə işləmək olar.

- “Gəzək-görək” verilişindən sonra sizi reklamlarda görürük, yeni layihənizin isə payız aylarında olacağını deyirsiniz. Axı sizin də öz izləyiciləriniz var. Onları bu qədər intizarda saxlamaq olmaz...

- Mən bu sualı çox eşidirəm: “Niyə son zamanlar efirlərdə görünmürsüz?” Mən efirdə görünmək və reklam olmaq xatirinə hər deyilən təklifi və verilişi qəbul edə bilmərəm. Məncə, hər bir aparıcının öz üslubu olmalıdır. İnşallah, söz verdiyim kimi, yeni verilişim ilə payız ayından efirdə olacağam.

Geri qayıt