Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİKAYIL CABBAROV ÜÇÜN DAHA BİR HƏDƏF

MİKAYIL CABBAROV ÜÇÜN DAHA BİR HƏDƏF


14-06-2013, 11:17
MİKAYIL CABBAROV ÜÇÜN DAHA BİR HƏDƏF
SUMQAYIT MUSİQİ KOLLECİNDƏ TAM ÖZBAŞINALIQDIR

DİA.AZ: - Bu günlərdə mətbuatda Sumqayıt Musiqi Kollecində yer almış çeşidli korrupsiya hallarından bəhs edən tənqidi materiallar dərc olunmuşdu. Həmin materiallarda kollecin direktoru Rasim Quliyevin törətdiyi özbaşnalıqlar, işində yol verdiyi ciddi nöqsan və qanun pozuntularına dair bir sıra faktlar öz əksini tapmışdı.

Yazıda iddia olunurdu ki, R.Quliyevin müxtəlif maxinasiyalar həyata keçirmək imkanları analoji müəssisə rəhbərləri ilə müqayisədə daha genişdir. Bu isə kollec direktorunun çox nüfuzlu himayədarlara malik olması ilə izah olunur. Xatırladaq ki, 1965-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbinin filialı kimi fəaliyyətə başlamış bu kollec sonradan müstəqil təhsil müəssisəsinə çevrilib. Hazırda kollecdə fortepiano, nəfəs alətləri, simli alətlər, zərb alətləri, xor dirijorluğu, musiqi nəzəriyyəsi, xanəndə və vokal şöbələri fəaliyyət göstərir.

DİA.AZ-a bununla bağlı daxil olan son məlumatlarda qeyd olunur ki, başqa texnikumlarda, kolleclərdə il ərzində 400-500 nəfər qəbul olursa, Sumqayıt Musiqi Kollecində bu göstəricilər 80-100 nəfərdən artıq olmur. Ona görə də burada cərəyan edən hadisələr hamının gözü qarşısında baş verir. Lakin bu şəffaflıq da Rasim Quliyevin nəfsinə sahib durmasına nədən ola bilmir. Buna görə də Sumqayıt Musiqi Kollecində uuzun müddətdən bəri təcrübə olunan qeyri-qanuni tələbə qəbulu, semestrlərdə yığılan pullar burada baş verən pozuntuların yalnız cüzi bir hissəsi kimi təqdim olunur.

Təsadüfi deyildir ki, Təhsil Nazirliyinin Akkreditasiya Şurası da Sumqayıt Musiqi Kollecində dəfələrlə apardığı araşdırmaların nəticəsini qeyri-kafi olaraq qiymətləndirib. Kollecdə ixtisaslar üzrə hazırlığın vəziyyəti, mövcud tədris şəraiti, maddi-texniki baza və burada çalışan pedaqoji heyətin ixtisas səviyyəsi dəməqbul hesab olunmayıb. Məhz bu səbəblərə görə də kollecin akkreditasiya məsələsi barədə bir neçə dəfə mənfi rəy verilib. Aşkar vurğulanıb ki, Sumqayıt Musiqi Kollecinin fəaliyyəti hələ də ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara cavab verə bilmir.

Əlbəttə, kollecin direktorunun başı sürəkli pul yığımlarına qarışıq olduqca bu təhsil müəssisəsində hansı meyarlara üstünlük veriləcəyini də təxmin etmək çətin olmayacaq. Qeyd olunduğu kimi bu yaxınlarda Maliyyə Nazirliyinin xüsusi komissiyası bu təhsil müəssisəsində yoxlama da keçirmişdir. Kollecdə olan mənbənin verdiyi məlumata görə təftiş zamanı müəssisənin fəaliyyətində bir sıra maliyyə maxinasiyalarının, büdcə vəsaitlərinin mənimsənilməsi hallarının yer aldığı müəyyən olunmuşdu. Təbii ki, bu təftişin nəticələri Rasim Quliyevin özbaşınalıqlarına son qoymaq üçün yetərli əsas ola bilərdi. Lakin bu dəfə də direktorun çoxillik təcrübəsi və əlbəttə ki, onun yuxarə instansiyalarda malik olduğu himayədarlarının səyləri təhlükəni sovuşdurmağa kifayət etmişdir.

Aldığımız məlumatlarda da bildirilir ki, ölkədə korrupsya və rüşvətxorluğa qarşı mübarizənin şiddətləndiyi dövrdə Rasim Quliyev öz fəaliyyətində yeganə bir dəyişiklik etmişdir. Bu dəyişiklik də ondan ibarətdir ki, indi artıq kollecdə pul yığımlarını bilavasitə həyata keçurən şəxs direktorun özü yox, onun müavini Yaşar Məmmədovdur. Bu dəyişiklik isə düşünürük ki, Akkreditasiya Şurasının müsbət rəyini almağa kifayət etməz. Amma Təhsil Nazirliyinin bu tədris müəssisəsində daha dərin araşdırmalar aparması üçün bu gün kifayət qədər əsas mövcuddur. Elə Sumqayıtın ziyalıları və musiqisevərləri də Təhsil Nazirliyinin yeni rəhbərliyindən bu istiqamətdə təcili və qəti tədbirlər gözləyirlər.

Geri qayıt