Əsas Səhifə > Sosial, Manşet > SAATLIDAN OLAN MİLYARDER RATİ-YƏ QOŞULDU
SAATLIDAN OLAN MİLYARDER RATİ-YƏ QOŞULDU15-06-2013, 12:14 |
“PUTİNİN ADAMI” KİMİ TANINAN ƏLİZAMAN RƏHİMOV NƏLƏRƏ QADİRDİR? Bir neçə gün əvvəl Saatlı rayonunda baş verən məmur özbaşınalığı ilə bağlı ilginc faktları diqqətinizə təqdim etmişdik. Aydın olurdu ki, icra başçısı Siraqəddin Cabbarov rayonda bir sıra mühüm obyektləri və hətta dövlət vəzifələrini belə Rusiyayada yaşayan iş adamı Əlizaman Rəhimova rəsmən satıb. Hətta bu alqı-satqı nəticəsində Saatlıda bir neçə obyektə sahiblənən Əlizaman Rəhimov, eyni zamanda bacısı oğlunu rayon icra hakimiyyətində şöbə müdiri vəzifəsinə belə təyin etdirib. DİA.AZ olaraq onu da bildirmişdik ki, iş adamının Saatlı İH-də çalışan bacısı oğlu bir neçə gün əvvəl redaksiyamıza telefon açaraq, özü və dayısı barədə bir daha yazmamağımız haqqında bizlərə xəbərdarlıq da etmişdi. DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, Əlizaman Rəhimovun bacısı oğlu əbəs yerə narahat olmayıb. Belə ki, onun dayıları haqqında yerli mətbuatda heç də bugünkü mövqeyinə möhkəmlik gətirməyən yetərincə faktlar yer alıb. Məsələn, bu günlərdə qəzetlərin birində yer alan xəbərdə bildirilir ki, Əlizaman Rəhimovun bir qardaşı - Xəqani Rəhimov 1993-cü ilə qədər məhkəmə hakimi vəzifəsində çalışsa da, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycandan qaçaq düşüb. Onun mərhum prezidentə qarşı məhkəmə işində fəallıq etməsi səbəbindən bu addımı atmaq zorunda qaldığı deyilir. Digər bir mətbu orqan isə Siraqəddin Cabbarovla Xəqani Rəhimovun dostluq əlaqələrindən yazmaqla yanaşı, Siraqəddin Cabbarovun qardaşının zamanında AXC iqtidarının spikeri - o zamanlar Ali Sovetin sədri olan İsa Qəmbərin mühafizə xidmətinin rəisi olduğunu yazır. Hər halda, bu kimi əlaqələr bu gün redaksiyamızın əldə etdiyi ilginc bir faktın da kifayət qədər əsaslı olmasını ortaya çıxarır. DİA.AZ-a daxil olan məlumatlara görə, bacısı oğlu Saatlı İH-də vəzifə tutan, özü isə icra başçısı Siraqəddin Cəbbərovla yaxın dost olan Əlizaman Rəhimov da artıq Azərbaycan hakimiyyətinə qarşı təzyiq mexanizmi kimi düşünülmüş Rusiya Azərbaycan Təşkilatları ittifaqına qoşulub. Xatırladaq ki, dünən daha bir keçmiş məmurun - Masallı rayon icra hakimiyyətinin başçısı olmuş Teymur Yəhyayevin «Milyarderlər İttifaqı» kimi tanınan RATİ-yə cəlb olunduğunu xəbərləmişdik. İndi isə Saatlıda xeyli sayda obyektləri olan daha bir nüfuzlu iş adamının RATİ-yə qoşulduğu söylənilir. Rusiyadakı mənbələrimiz bildirir ki, bu kimi əlaqələrə və imkanlara malik şəxslərin gücü ilə Kreml Azərbaycanda çox işlərə nail ola bilər. DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, Əlizaman Rəhimov Rusiyada əsasən inşaat sektorunda ad çıxarıb. Və 2012-ci ildə Moskva şəhər bələdiyyəsinin deputatı seçilib. Xatırladaq ki, sözügedən ildə Rusiyada martın 4-ü tarixində preizdent seçkiləri ilə yanaşı şəhər bələdiyyələrinə də seçkilər keçirilib. Seçkilərin nəticələrinə görə, azərbaycanlı inşaatçı Əlizaman Rəhimov Domodedovo şəhər dairəsi deputatlar sovetinin üzvü seçilib. O, “Vahid Rusiya” (“Yedinnaya Rossiya”) Partiyasının siyahısı ilə deputat olub. Qeyd edək ki, Ə. Rəhimov Domodedovo şəhərində xeyriyyəçilik fəaliyyətinə görə də tanınır. O, öz vəsaiti hesabına yaşadığı və fəaliyyət göstərdiyi şəhərdə məktəb, xəstəxana və bağça tikdirib. Fəaliyyətinə görə Rusiya rəhbərliyi tərəfindən mükafatlandırılan Ə. Rəhimov 2011-ci ildə isə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. O, həm də Moskva ətrafında yerləşən Domodedovo şəhərindəki “Kaspi” diaspor təşkilatının rəhbəridir. Hər halda belə bir simanın Azərbaycanda nələrə qadir olduğunu təxmin etmək o qədər də çətin deyil. Geri qayıt |