Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İŞİNDƏN BEZƏN "AQROSERVİS" MÜDİRİ İNTİHARA CƏHD ETDİ

İŞİNDƏN BEZƏN "AQROSERVİS" MÜDİRİ İNTİHARA CƏHD ETDİ


17-06-2013, 11:49
İŞİNDƏN BEZƏN "AQROSERVİS" MÜDİRİ İNTİHARA CƏHD ETDİ
Hər il biçin vaxtı fermerlər eyni problemlə üzləşir- min bir zəhmətlə başa gələn taxıl zəmilərindəki məhsulu itkisiz toplamaq üçün texnika tapa bilmirlər. Qəribə vəziyyət yaranıb: dövlət bir tərəfdən fermerlərdə kənd təsərüfatı məhsulları, xüsusilə qida buğdası yetişdirməyə marağı artırmaq üçün subsidiyalar ayırır, digər tərəfdən isə hazır məhsulun toplanılması zamanı onları problemlə baş-başa buraxır. Əgər məhsulu sahədən toplamaq mümkün deyilsə, onu yetişdirməyə dəyərmi?

Biz xəbər portalı olaraq son bir həftə ərzində rayonlardakı movcud vəziyəti və onu doğuran səbəbləri öyrənməyə çalışırıq. Ümid edirdik ki, problemin həlli üçün mərkəzi və yerli icra hakimiyyəti orqanları hərəkətə keçəcək. Amma dünən axşam infom.az-a yerli mənbələrdən daxil olan məlumat vəziyyətin kritik həddə çatmağından xəbər verir.

Söhbət Salyan rayonundakı “Aqroservis” müəssisəsinin müdiri Fərid Sehranovdan gedir.

Dünən axşam bir qrup rayon sakini taxıl zəmilərini biçdirmək üçün Sarvan kəndində Fərid Sehranova məxsus restoranda onunla görüşüblər. Söhbət zamanı servis rəhbəri etiraf edib ki, artıq bu işdən bezib, nə edəcəyini bilmir. O, kombayn çatışmadığı ilə bağlı yaranmış problemə görə Salyan Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsinin müdiri Sabir Rəhmanovu günahlandırıb. Deyib ki, işə müdaxilə edir, faktiki olaraq kombaynı sahələrə o yox, Sabir göndərir. Özünün günahsiz və səlahiyyətsiz olduğunu, işə girəndə verdiyi 15 mini hələ çıxara bilmədiyini də gizlətməyib. Bu zaman əkinçilərdən biri deyib ki, səlahiyyətin, sözünün təpəri yoxdursa, niyə bu vəzifəni daşıyırsan? Adam kefli olduğundan bu söz onu tutub. Axşam xəbər gəlib ki, Fərid Sehranov restoranlarının yaxınlığındaki körpüdən özünü Baş Mil-Muğan kollektoruna atıb. Yaxınlıqdakı həvəskar balıqçılar onu xilas edə bilib.

Düzü, bu xəbəri eşidəndə adamın halına üzüldük. Son 18 saatda onun mobil nömrəsinə 9 dəfə zəng etdik, cavab verən olmadı. Sarvan bələdiyəsinin sədri Ələkbər Əliyev də bildirdi ki, son 24 saatda o da Fərid Sehranovdan xəbərsizdir. Salyan RİH-in aqrar məsələlər şöbəsinin müdiri Sabir Rəhmanovun da mobil nömrəsinə gün ərzində etdiyimiz davamlı zənglər cavabsız qaldı. Amma sonuncunun da intihara cəhd edib-etmədiyi bəlli deyil.

Məlumat üçün qeyd edək ki, rayonda arxalı məmurların taxıl zəmiləri hələ də biçilib qurtarmayıb. Odur ki, Dövlət Statistika Komitəsinin Salyanda qeydə aldığı (kasıbların sahəsi olan) 17500 hektar taxıl zəmisi olduğu kimi yerində durur. Artıq taxıl, el diliylə desək, vağama gedir (sünbül qırılıb sahələrə tökülür). Yerli əhali baş verənlərdən ciddi narahatdır.

Ən kritik vəziyyət rayonun Kürqaraqaşlı inzibatı ərazi dairəsində yaranıb. 5 kəndin daxil olduğu bu dairədə nəinki buğda, hətta arpa zəmiləri də başını yerə qoyub, dənini torpağa tökür. Yaxın vaxtlaradək burada sovetdən qalma iki kombayn olub, son günlər onlar da sıradan çıxıb. Hazırda kənd sakinləri Prezidentinə ediləcək müraciət üçün imza toplayır. Məsələdən icra başçısının inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Gülağa Salmanov da xəbərdardır. Amma nümayəndə əhalini sakitləşdirmək iqtidarında deyil: “Adamlar kombayn istəyir, buna isə mənim gücüm çatmır, qoy nə bilirlər eləsinlər.” Bələdiyə sədri Oruc Məmmədov da problemin onların səlahiyyətinə aid olmadığını dedi: “Bizim işimiz yer əkdirmək, taxıl biçdirmək deyil, ildə cəmi bir dəfə torpaq vergisi yığırıq ki, o da əmək haqqımıza güclə çatır.”

Geri qayıt