Əsas Səhifə > Partiya > ƏLİ KƏRİMLİ MİLLİ ŞURADAN GİLEYLƏNDİ
ƏLİ KƏRİMLİ MİLLİ ŞURADAN GİLEYLƏNDİ17-06-2013, 14:06 |
DİA.AZ: - AXCP sədri Əli Kərimli özünün "Facebook" səhifəsində Milli Şuradakı daxili narazılıqlardan giley-güzar edən firikrlərini bölüşüb. DİA.AZ olaraq həmin yazını olduğu kimi diqqətinizə təqdim edirik: "Milli Şuranı yaratdıq, amma hələ də bəzi dostlar Milli Şurada fərqli qüvvələrin birləşməsinin pozitiv hadisə olduğunu qəbul edə bilmirlər. Şəxsi və partiya maraqları hələ də tam olaraq arxa plana keçmir. Görünür, siyasi proses və hadisələrin həqiqi qiymətini alması üçün doğrudan da müəyyən vaxt keçməlidir. Bu gün hamımız İstiqlal Bəyannaməsini qəbul etmiş 1-ci Milli Şuramızla fəxr edirik. Amma çoxumuz unutmuşuq ki, həmin Milli Şurada Musavat fraksiyasından əlavə daha 4 fraksiya təmsil olunurdu. Bu fraksiyaların da münasibəti heç də rəvan deyildi. Məsələn, İttihad fraksiyası Fətəli xan Xoyskinin və Nəsib bəy Yusifbəylinin qurduğu hökumətlərə etimad göstərməmiş, Musavatın kəskin tənqidçisi olmuşdu. Bu fraksiya “Qərb imperializminə” qarşı mübarizədə kommunistlərlə ittifaqa çağırırdı və s. Görürsünüzmü, Milli Şurada təmsil olunan qurucu babalarımız hələ o zaman hansı çətin kompromislər nəticəsində dövlətimizi qurublar? Sonradan Milli Şura genişlənərək 11 fraksiyanın təmsil olunduğu Parlamentə çevrildi. Azərbaycan parlamentində isə artıq nəinki müxtəlif ideologiyalı azərbaycanlıların qurduğu partiyalar, hətta ayrıca Milli azlıqlar, Slavyan-Rus ittifaqı və Daşnaksütyun fraksiyaları da təmsil olunurdu. O illər Azərbaycanın da daxil olduğu coğrafiyada beynəlxalq şərtlər indiki ilə müqayisəyəgəlməz dərəcədə çətin idi. Birinci Dünya Müharibəsində məğlub olmuş Türkiyə qoşunları Azərbaycanı tərk etməyə məcbur olmuşdu. Azərbaycanı Antanta adından ingilis qoşunları işğal etmişdi. Paris sülh konfransında da böyük Qərb dövlətləri Azərbaycanın müstəqilliyini tanımağa meylli deyildilər. Onlar Rusiyanı Bolşeviklərdən təmizləyəcəklərinə ümid edirdilər. Şərtlər fövqəladə ağır olduğu üçün Azərbaycan parlamentinin açılışı zamanı M.Ə.Rəsulzadə təbrik nitqində siyasətçi həmkarlarını firqə ehtiraslarını, şəxsi qərəzləri atıb, vətən qayğısı və millət duyğusunu hər şeydən yüksək tutmağa çağırmışdı. Bax, belə çətin şəraitdə o zamankı Milli Şura (sonradan parlament) məhz demokratik, sivil idarəçiliyinə, qarşılıqlı güzəştlər siyasətinə görə nail ola bildi ki, əvvəlcə Bakıdakı işğal qoşunlarının komandanı general Tomson onların hakimiyyətini de-fakto tanısın, sonra da 1920-ci il yanvarın 11-də Paris konfransının ali şurasında Azərbaycan istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olunsun. Tarix təkrar olunur. İndi də bütün dünyaya demokratik idarəetməyə tam hazır olduğumuzu, beynəlxalq aləmlə etibarlı və məsuliyyətli münasibətlər qura biləcəyimizi sübut etməliyik. Sübut etməliyik ki, xalqımızın həqiqi qurtuluşu naminə bir-birimizə güzəştə gedə bilərik, səlahiyyətləri də, məsuliyyəti də öz aramızda bölə bilərik. Ölkəmizdə köklü demokratik islahatlar aparmaq iqtidarındayıq. Keçid dövründə Azərbaycanda sabitliyə birlikdə təminat verə bilərik. Böyük M.Ə.Rəsulzadənin yuxarıda istinad etdiyim çağırışı bu gün də aktualdır". Geri qayıt |