Əsas Səhifə > Sosial, Manşet > «BAZAR STORE» FIRILDAĞI İLƏ BAĞLI YENİ SÜBUTLAR
«BAZAR STORE» FIRILDAĞI İLƏ BAĞLI YENİ SÜBUTLAR19-06-2013, 12:02 |
«AZERSUN» HOLDİNQ BU ŞƏBƏKƏSİ İLƏ YALNIZ ƏHALİNİN CİBİNİ TALAYIR DİA.AZ: - Keçən günlərdə ««Azersun»da vətəndaşlara necə fırıldaq gəlirlər» başlıqlı araşdırma-məqalə ilə çıxış etmişdik. Bildirək ki, bu məqaləmizdə yer alan faktlara da müxtəlif yerlərdən fərqli-fərqli reaksiyalar gəlməkdədir. Məsələn, DİA.AZ-a müraciət edən əksər vətəndaşlar həqiqətən də «Azersun» Holdinqə aid olan «Bazar Store» marketlər şəbəkəsində hökm sürən bahalaşmanın fakt olduğunu bildirməklə yanaşı, bu marketlərdə xidmətdən də narazılıq edir. Amma vətəndaşlardan fərqli olaraq redaksiyamıza telefon açan «Azersun» nümayəndəsi yazdığımız faktların həqiqətə uyğun olmadığını bildirsə də, bu «həqiqətə uyğun» olmayan yazıda hansı məqamın məhz yalan olduğunu söyləyə bilmədi. Və sonradan özünün bu mövqeyini ört-basdır etmək üçün «mən hələ araşdırmamışam» deyərək vəziyyətdən çıxmağa çalışdı. Amma fakt faktlığında qalır. Və biz də söz verdiyimiz kimi, araşdırmalarımızı davam etdiririk. Bəri başdan bildiririk ki, keçən yazımızda da «Bazar Store» marketlər şəbəkəsində endirimlər üçün nəzərdə tutulan «Super Kart»ın əslində fırıldaq vasitəsi olduğunu qeyd etmişdik və bildirmişdik ki, iqtisadi inkişaf nazirliyinin müvafiq qurumları üçün də əməlli-başlı araşdırma mövzusu var. Təbii ki, sözügedən nazirliyin «Azersun»da hər hansı təftiş apara biləcəyini zənn etmədiyimizi elə keçən yazıda da qeyd etmişdik. Və belə də oldu. Hələ də «Bazar Store» marketlərində vəziyyət eyni qaydada olsa da, onlardan ayın tarixini belə soruşan olmayıb. Biz isə «Bazar Store»də qiymətlərin endiriminə yox, məhz bahalaşmasına xidmət edən «Super Kart» fırıldağının ifşasını davam etdiririk. Bildirək ki, bu günlərdə «Bazar Store» «Super Kart» xidmətini alıcılara təqdim edərək onlara kəf gəlməyə başlayıb. Yəni iddia olunur ki, guya bu kartı olan alıcılar digər alıcılardan fərqliolaraq ucuz qiymətə mal ala bilərlər. Amma aydın olur ki, əslində «Bazar Store» rəhbərliyi köhnədən olan qiymətləri qaldırmaqla «Super Kart» sahiblərinə bu şəkildə köhnə qiyməti endirilmiş qiymət kimi təklif edir. Keçən yazımızda bir sıra məhsulların dəyişmiş qiymətlərini diqqətinizə çatdırdıq. İndi isə nəzərimizi cəlb edən digər qiymətləri də sizinlə bölüşürük. Beləliklə, iki ay əvvəl «Bazar Store» marketlərində alıcılara 2 manat 99 qəpiyə təklif olunan «Tariş Edremit» qara zeytununun kiloqrammı bu gün 3 manat 25 qəpiyədir. Və özü də «Super Kart»ı olan alıcılar üçün. Yəni digər alıcılar daha baha qiymətə ala bilərlər. 10 metrlik «Alfa» dartma plyonka iki ay əvvəl 29 qəpiyə idisə, bu gün 39 qəpikdir. Və eyni qaydada 10 metrlik «Alfa» alüminium folqa 75 qəpikdən 95 qəpiyə qədər bahalaşıb. DİA.AZ-ın apardığı araşdırmalar zamanı o da aydın oldu ki, bu gün «Bazar Store»də alıcılara təqdim olunan meyvə-tərəvəzin, səbzələrin, quru meyvələrin də qiyməti digər marketlərdən, bazarlardan olduqca bahadır ki, bu da «Azersun» Holdinq nümayəndələrinin ««Bazar Store» ucuzluq mənbəyidir» fikrini tamamən alt-üst edir. Belə ki, «Bazar Store»də olan quru meyvələrin hazırki qiymətini diqqətinizə çatdırırıq və bununla da müqayisə apararaq, özünüz də kimin haqlı olduğuna qərar verə bilərsiniz: Gavalı qurusu - 1 kiloqramı 10 manat 25 qəpik; Əncir qurusu - 1 kiloqramı 12 manat 25 qəpik; Qabıqlı antep fıstığı - 1 kiloqramı 16 manat 25 qəpik; Ərik qurusu - 1 kiloqramı 11 manat 55 qəpik… Bildirək ki, müxtəlif qramajlarla satışa çıxarılan bu məhsulların qiymətini çəkiyə uyğun şəkildə redaksiyamız tərəfindən hesablanaraq müəyyən etmişik. Və qeyd edək ki, digər məhsullarda da anoloji baha qiymətlər nəzərə gəlməkdədir. Araşdırmalarımız davam edir. Yenə də qarşı tərəfin cavab haqqı üçün qapılarımız açıqdır. Bizi izləyin… Geri qayıt |