Əsas Səhifə > Partiya > "REAL" MİLLİ ŞURANIN QƏRB MODELİDİR

"REAL" MİLLİ ŞURANIN QƏRB MODELİDİR


19-06-2013, 12:05
"REAL" MİLLİ ŞURANIN QƏRB MODELİDİR
ONUN ÖZ NAMİZƏDİ VAR

İsmayıllı hadisələrinə görə bu ilin fevralında həbs olunan REAL hərəkatının sədri İlqar Məmmədovun vəkili, REAL-ın İdarə Heyətinin üzvü Xalid Bağırov “Media forum” saytına danışıb.

- Ötən həftə İlqar Məmmədovun həbsi Azərbaycanın siyasi gündəmində yenə əsas məsələlərdən biri oldu. Necə hesab edirsiniz, prezident seçkisinə qədər İlqar Məmmədov həbsdən azad olunacaqmı?

- Son hadisələrdən sonra düşünürük ki, hakimiyyət daşı ətəyindən töküb, nəhayət, İlqar Məmmədovun həbsinə son verəcək. Normal və reallıq hissini itirməyən hakimiyyət belə rəftar edər.

- İyunun 13-də Avropa Parlamentində “Azərbaycan: İlqar Məmmədov məsələsi” adlı qətnamə qəbul edildi və REAL sədrinin təcili azadlığa buraxılması tələb olundu. Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu qətnaməni pisləyən bəyanatla çıxış etdi...

- Xarici İşlər Nazirliyinin Avropa Parlamentinə demokratik dəyərlərdən və prinsiplərdən dərs keçmək istəməsi istehza doğuran hərəkətdir. Avropa Parlamentində qərarların qəbulu qaydası qurumun reqlamenti ilə nizamlanır. Qəbul edilən qətnamə reqlamentə tam uyğun olub.

- Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov bu qətnamədən sonra REAL sədrini Qərbin kadrı olmaqda ittiham etdi. Bildirdi ki, İlqar Məmmədovun “Qərbin adamı” olması ilə bağlı kifayət qədər fakt var.

- Novruz Məmmədov gah İlham Əliyevin üçüncü dəfə prezident olmasını böyük dövlətlərlə razılaşdırdıqlarından, gah Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsindən danışır, gah Avropa Birliyinin Dağlıq Qarabağla bağlı mövqeyini alqışlayır və qurumu problemin həllində aktiv iştiraka səsləyir, gah da Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı ədalətli mövqe tutmadığını bildirir.

İlqar Məmmədovun Qərbin kadrı olmasını bildirməsinə gəldikdə, təəccüblü heç nə yoxdur. REAL-ın sədri bir sıra beynəlxalq təşkilatda idarə heyətinin üzvüdür. Amma Qərbin adamı roluna həmişə prezident İlham Əliyev iddialı olub. Görünür, bu rolu onun əlindən alıblar.

- Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov ötən həftə deyib ki, İlqar Məmmədovu tənqidi fikirlərinə və prezident olmaq iddiasına görə həbs ediblər. Doğrudanmı İlqar Məmmədov prezident olmaq iddiasında idi?

- REAL hərəkatı siyasi iddiaları olan təşkilatdır və onun sədrinin prezident olmaq iddiası da təbiidir.

- Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov bildirib ki, Avropa Parlamentinin deputatları Avropa İnsan Hüquqları Məhkəməsində İlqar Məmmədovun şikayətinə baxıldığını bildikləri üçün qətnamə qəbul etməyə tələsiblər. O hətta bu qətnaməni Avropa Məhkəməsinə təzyiq cəhdi kimi xarakterizə edib.

- Avropa Parlamenti Avropa Birliyinin orqanıdır, Avropa İnsan Hüquqları Məhkəməsi isə Avropa Şurasının. Avropada məhkəmələrin müstəqil olması faktını kənara qoyaq, bir qurumun orqanı digər qurumun orqanına necə təsir edə bilər? Bu qətnamənin qəbul edilməsində heç bir tələskənlik və hakimiyyətin mövqeyini nəzərə almamaq yoxdur. Novruz Məmmədov özü açıqlanmasında qeyd edib ki, görüşdükləri hər kəs onların qarşısında İlqar Məmmədovun məsələsini qaldırıb. Görünən odur ki, Avropa Parlamentinin bu qətnaməsi həmin müzakirələrin nəticəsiz qalmasından doğub.

- REAL Milli Şurada təmsil olunmur...

- REAL seçkiyə öz namizədi ilə qatılır. Bunun səbəbləri də cəmiyyətə açıq ifadə edilib. Prosesin fərqli inkişafının mümkün variantları da cəmiyyətə bildirilib, o cümlədən REAL-ın Milli Şuranın vahid namizədini dəstəkləyə biləcəyi də. Yəni sabah REAL Milli Şuraya da gedə bilər, Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləyə bilər. Məntiqimiz də hər kəsə çoxdan aydındır.

Geri qayıt