Əsas Səhifə > Cəmiyyət, Manşet > QƏRİB MƏMMƏDOVUN İŞÇİSİNDƏN ŞOK MAXİNASİYALAR
QƏRİB MƏMMƏDOVUN İŞÇİSİNDƏN ŞOK MAXİNASİYALAR19-06-2013, 15:07 |
XAÇMAZDA TORPAQ TALANI DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində özbaşınalıqların, saxtakarlığın və digər korrupsiya hallarının baş alıb getdiyi barədə DİA.AZ-a çoxsaylı şikayət məktubları daxil olmaqdadır. Qeyd edək ki, sözü gedən şöbənin müdiri Adıgözəl Tağıyevin yarıtmaz fəaliyyətinə dair çeşidli faktlar dəfələrlə ölkənin ən müxtəlif kütləvi informasiya vasitələrində də dərc olunub. Bu faktların əsasında isə ilk növbədə Adıgözəl müəllimin kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur. Dərc olunan materiallarda irəli sürülən iddialara görə, torpaq şöbəsinin müdiri A.Tağıyev şöbənin mütəxəssisi Sabir Məmmədovla birlikdə rüşvət alaraq fermer təsərrüfatlarına və digər hüquqi və fiziki şəxslərə məxsus olan ərazilərə dair dövlət aktlarını qanunsuz dəyişdirib. Həmçinin məlumatlarda qeyd olunur ki, Xaçmaz rayonundan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gələn şikayətlərin 60 faizi məhz yerli torpaq şöbəsinin müdiri A.Tağıyevin korrupsiya əməlləri barədədir. Məlumatlı mənbələrin DİA.AZ-a bildirdiyinə görə, rayonun bir çox kəndlərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb. Həm də məhz 2007-2008-ci illərdə torpaq sahələrinin satışı daha çox intensivliyi ilə fərqlənib. Maraqlıdır ki, bu intensivlik 2007-ci il dekabrın 12-də Ölkə Prezidentinin sərəncamı ilə torpaq satışının dayandırılmasından sonrakı dövrə təsadüf edib. Bəs görəsən necə olub ki, sərəncamdan sonra torpaqların şıdırğı satışına başlanılıb? Məlum olur ki, Adıgözəl Tağıyevin xeyir-duası ilə “hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilirlər. Məsələn, 2008-ci ilin mayında alınan torpaq sahələri 2006-cı ilin oktyabr ayına sənədləşdirilib. Belə faktlar saysız-hesabsızdır. Digər tərəfdən isə mətbuata təqdsim olunan məlumatlarda A.Tağıyevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə qarşı sürəkli intriqalar qurduğundan da bəhs olunur. Bir müddət əvvəl isə bəzi kütləvi informasiya vasitələrində hətta Şəmsəddin Xanbabayevin tutduğu vəzifədən alınaraq onun yerinə Adıgözəl Tağıyevin təyin olunacağı barədə xəbərlər də yayımlanmışdı.. Məlumatlarda bu da qeyd olunurdu ki, Şəmsəddin Xanbabayevlə Adıgözəl Tağıyev arasında uzun müddətdir ki, Xaçmazda nüfuz savaşı gedir. Vaxtilə Adıgözəl Tağıyev vəzifəsində buraxdığı kobud səhvlərə görə Şəmsəddin Xanbabayev tərəfindən işdən çıxarılsa da, sonradan millət vəkili İlham Əliyevlə olan münasibətilərin hesabına öz vəzifəsinə yenidən bərpa ola bilib. Mənbələr isə torpaq şöbəsi müdirinin yeni-yeni maxinasiyalarına dair məlumatlar təqdim etməkdədirlər. DİA.AZ-a daxil olan həmin məlumatlarda bildirilir ki, Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması hallarına da tez-tez rast gəlinir. Belə ki, Adıgözəl Tağıyev və onun rəhbərliyi altında işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verir və həmin torpaqların digər sakinlərə icarəyə verilməsinə şərait yaradırlar. Həmçinin məlumatlarda iddia olunur ki, bu cür rəyi vermək üçün onlar bu maxinasiyanın müqabilində vətəndaşlardan külli-miqdarda rüşvət alırlar. Ən acınacaqlısı isə budur ki, bütün bu qanun pozuntularına dair Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyinə vətəndaşlar tərəfindən dəfələrlə müraciət olunsa da, Adıgözəl Tağıyevin özbaşınalıqlarının qarşısının alınması üçün hələ də heç bir tədbir görülməyib. Və bu barədə danışan mənbə iddia edir ki, əslində Şəmsəddin Xanbabayev Adıgözəl Tağıyevdən haqqını vaxtlı-vaxtında ala bildiyindən onunla bağlı heç bir narazılığı yoxdur. Adları keçən bütün şəxslərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |