Əsas Səhifə > Partiya > "BİZ NƏ ABŞ-A, NƏ DƏ RUSİYAYA İŞLƏMİRİK"

"BİZ NƏ ABŞ-A, NƏ DƏ RUSİYAYA İŞLƏMİRİK"


20-06-2013, 13:04
"BİZ NƏ ABŞ-A, NƏ DƏ RUSİYAYA İŞLƏMİRİK"
“Bəziləri üçün həqiqi müxalifətçilik hansısa dövlətin emissarı olmaq, digərləri üçün isə milli maraqların əleyhinə fəaliyyətdən ibarətdir. Böyük Quruluş Partiyası olaraq biz milli maraqları əsas tutaraq fəaliyyət göstəririk və kimin necə qəbul etməsindən asılı olmayaraq öz ənənəmizə sadiqik”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa söyləyib.
Xatırladaq ki, yenicə fəaliyyətə başlayan və müxalifətin vahid koalisiyası kimi təqdim olunan Milli Şuranın Mərkəzi Aparatının rəhbəri, “El” Hərəkatının təsisçisi Eldar Namazov ölkədə fəaliyyət göstərən müxalifət partiyalarına müraciət edərək, onları hamılıqla Milli Şuraya qoşulmağa dəvət edib. Həqiqi və səmimi müxalif qüvvələrin Milli Şurada təmsil olunduğunu deyən E.Namazov bu quruma qoşulmayanları ittiham edərək, onları iqtidarın sifarişlərini icra etməkdə günahlandırıb.
Millət vəkili, BQP sədri Fazil Mustafa isə Eldar Namazovun özünü siyasi sifariş icra etməkdə ittiham edir: “Uzun illərdir həqiqi müxalifətçiliklə bağlı müzakirələr aparılır, ənənəvi müxalif düşərgəyə aid mətbuat orqanlarında bu məsələ vaxtaşırı olaraq gündəmə gətirilir. Əslində isə kimin həqiqi müxalifətçi olmasına hansısa siyasi qüvvə yox, Azərbaycan xalqı qərar verir. Sadəcə bəziləri Azərbaycan müxalifətini inhisara almaq və bu yolla öz şəxsi maraqlarını təmin etmək üçün bu səpkili müzakirələrin açılmasında maraqlıdır. Böyük Quruluş Partiyası olaraq biz milli mənafeyimizi zərbə altına ata, dövlətçilik maraqlarının əleyhinə çıxış edə bilmərik. Bu səbəbdən yalnız milli qüvvələrlə əməkdaşlıq edirik və hansısa dövlətin emissarları ilə birgə ola bilmərik. Bizim fəaliyyətimiz daha şəffafdır və hazırki situasiya və mövcud reallıqlar doğru yolda olduğumuzu göstərir. Hesab edirəm ki, həqiqi müxalifətçilik söhbətləri bəlli dairələrin maraqlarına xidmət edir və biz onlardan fərqli olaraq nə ABŞ-a, nə Rusiyaya, nə də İrana işləmirik”.

Geri qayıt