Əsas Səhifə > Sosial, Manşet > MİNGƏÇEVİR TEATRINDA 37-Cİ İL AB-HAVASI

MİNGƏÇEVİR TEATRINDA 37-Cİ İL AB-HAVASI


24-06-2013, 11:19
MİNGƏÇEVİR TEATRINDA 37-Cİ İL AB-HAVASI
TEATRDA BAŞ VERƏNLƏRƏ HƏTTA RƏHMƏTLİK STALİN DƏ HEYRƏT EDƏ BİLƏR

DİA.AZ: - Deyəsən, bir vaxtlar paytaxt teatrlarına xas olan direktor-yaradıcı heyət qarşıdurması indi də əyalət teatrlarında yaşanır. Bugünlərdə M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının bir qrup işçisi - ali dərəcəli aktyorlar Ibrahim Salamov və Əsmər Qurbanova, Günel Əhmədova (I dərəcəli aktrisa), Asim Muxtarov (II dərəcəli aktyor) və teatrın nəzdində fəaliyyət göstərən studiyanın üzvü Rizvan Əzimzadə direktor Həsən Həsənovun qanunazidd əməllərinə etiraz əlaməti olaraq dövlət başçısı Ilham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıblar.

Müəlliflər məktubda direktor H.Həsənovun təyinatının ilk günündən teatrı bazara, alver predmetinə, intriqa ocağına çevirməsindən, istedadlı, uzun illərdən bəri teatrın bütün yükünü öz çiyinlərində daşıyan işçilərə qarşı əsl repressiya siyasəti yürütdüyündən bəhs ediblər.

Məktubda o da qeyd olunur ki, məhz H.Həsənovun rəhbərliyi dövründə teatr sənət məbədindən daha çox iyrənc, utancverici olayların beşiyinə çevrilib. Qısa müddət ərzində bütün yaradıcı və texniki heyəti bir-biriylə düşmən edən, insanları bir tikə çörək üçün üz-üzə qoyan direktor teatrı əsl kriminal avtoritetlərə xas üsulla idarə edir. Işçiləri daim işdən qovmaq təhdidi altında saxlayan H.Həsənov “mən belə işləyirəm, gedin kimə, hara istəyirsiniz şikayət edin” deməkdən belə çəkinmir. Aylarla rol verilməyən, ezamiyyət və qonorar haqqından məhrum olan, direktorun təhqirlərinə dözərək qul tək işlədildiklərini qeyd edən müəlliflər ölkə başçısından YUNESKO-nun tarixi abidələr siyahısına salınmış M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrına öz şəxsi biznesi kimi baxan direktoru Həsən Həsənov haqqında ölçü götürülməsini, onun qanunsuz əməllərinə son qoyulmasını xahiş ediblər.

Qeyd edək ki, mayın 27-də imzalanmış müraciətin bir surəti də direktor H.Həsənova ünvanlanıb. Hər şey də məhz bundan sonra başlayıb.

Belə ki, məktubu alan H.Həsənov müraciətə imza atmış iki xanımı - Ə.Qurbanovanı və G.Əhmədovanı kabinetinə çağırıb. Hər iki aktrisanı hədələyən direktor ondan prezidentə şikayət edilməsinin elə-belə qalmayacağını deyib. Bu özünü çox gözlətməyib. H.Həsənovun imzaladığı 31 may 2013-cü il tarixli əmrdə hər iki aktrisanın əmək müqaviləsi üzrə öz funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən yerinə yetirmədiyi, teatra maddi ziyan vurduqları əsas gətirilərək onlarla 01.09.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsi 01.06.2013-cü il tarixdən ləğv edilib və tutduqları vəzifədən azad olunublar.

Biz məktub müəlliflərindən biri - Ibrahim Salamovla əlaqə saxladıq. DİA.AZ-a bu barədə danışan I.Salamovun sözlərinə görə, H.Həsənovun təyinatının ilk günündən teatrın adlı-sanlı aktyorlarının xətrinə dəyməsi onları üzsə də, bu işlərin yaxşı sonluqla başa çatacağına inanıb səbr ediblər: “Lakin bu illər ərzində baş verənlər artıq əndazənin aşılması deməkdir. Daim ”çemodan" ovqatında olan H.Həsənov gəldiyi gündən kollektivdə ögey-doğma münasibəti yaradıb. Halbuki biz onun teatrda mehriban, səmimi və işgüzar atmosfer yaradacağına ümid edirdik. Çünki o elə vədlər verdi ki, biz teatrda iş görüləcəyinə inandıq. Lakin hər şey əksinə oldu. O, iş görmək əvəzinə teatrda intriqaların yaranmasına girişib aktyorların xətrinə dəyməyə başladı. Teatr kollektiv sənətdir, tamaşanın uğurlu alınması yalnız aktyordan asılı deyil. Bura rejissura, dramaturgiya və digər səbəblər daxildir. Təəssüflər olsun ki, H.Həsənov bütün bunlardan xəbərsizdir. Bu gün Mingəçevir teatrı əsl özfəaliyyət dərnəyinə çevrilib. Teatrda ruh, yaradıcı həvəs deyilən bir şey qalmayıb. H.Həsənov teatrı “burda mənəm, Bağdadda kor xəlifə” prinsipləriylə idarə edir. Təsəvvür edin, teatrda elə adamlar var ki, biz indiyədək onların nə işlə məşğul olduğundan, hansı vəzfiəni icra etdiklərindən xəbərsizik. Əvəzində hamı kimi bu adamlar da əmək haqqı alır".

I.Salamov onu da bildirdi ki, H.Həsənovun Sumqayıt teatrından gəlmiş 20 ildən artıq səhnə təcrübəsi, saysız-hesabsız mükafatları olan Əsmər Qurbanovanı, həmçinin 2 azyaşlı əlil uşağa qulluq edən, yeganə dolanışıq yeri teatrdan qazandığı cüzi məvacib olan Günel Əhmədovanı tez-tələsik hazırlanmış və çox gülünc bir əmrlə işdən çıxarması anlaşılan deyil: “Direktorun hər iki aktrisaya açıq-aşkar ”məndən şikayət etməyin nə ilə nəticələndiyini sizə göstərərəm" söyləməsi heç bir ölçüyə sığmır. Halbuki bu hadisədən bir neçə gün öncə H.Həsənov “Mədəniyyət” kanalına müsahibəsində peşəkar aktyor qıtlığı məsələsinə toxunarkən Əsmər Qurbanova kimi aktrisanın məhz onun rəhbərlik etdiyi teatrda işləməsindən ağızdolusu, qürurla danışırdı. Yaxud G.Əhmədova. Düz 2 dəfə ölkənin birinci xanımı Mehriban Əliyeva əlil uşaqlara qulluq edən bu qadına təmənnasız yardım göstərib. Ancaq bugün H.Həsənov onu çörəksiz qoyur. Özü də heç bir əsas olmadan".

I.Salamov onu da əlavə etdi ki, H.Həsənovun cəzasızlığı və hadisələrin gedişi göstərir ki, yaxın günlərdə növbə məktubu imzalamış digər müəlliflərə də çatacaq: “Direktor bu haqda onların özlərinə də xəbərdarlıq edib. H.Həsənovun onun əməlləri barədə ölkə başçısına, eləcə də mədəniyyət və turizm nazirinə ünvanlanmış məktubun cavabını gözləmədən dərhal bu cür qərar qəbul etməsi bir daha sübut edir ki, Mingəçevir teatrında vəziyyət nə qədər ciddi və acınacaqlıdır”.

DİA.AZ-a bu barədə danışan İbrahim Salamov bildirir ki, onu hətta iclaslarda danışmağa belə qoymurlar: “Saxta imza toplayırlar ki, mətbuatda yazılanları təkzib etsinlər. İşçiləri iş yerləri ilə şantaj edib, onları ağ vərəqə imza atdırırlar”.

Geri qayıt