Əsas Səhifə > Partiya > MİLLİ ŞURAYA VİP İTTİHAM

MİLLİ ŞURAYA VİP İTTİHAM


24-06-2013, 11:29
MİLLİ ŞURAYA VİP İTTİHAM
Bu günlərdə mediada yayılan məlumata görə, Milli Şuranın iyunun 21-də keçirilən sessiyasında quruma üç yeni üzv qəbul edilib

Həmin şəxslərin ikisinin Bakı və Kəndlər Birliyindən (BKB) Hacı Əmrulla Dadaşzadə, Məşədi Vaqif Pənahov olduğu deyilirdi. Ancaq sonradan məlum oldu ki, həmin şəxslər artıq 10 ilə yaxındır ki, BKB-də heç bir fəaliyyətlə məşğul olmayıblar. Bunu BKB-nin sədr əvəzi Xanlar İbrahimov və təşkilatın üzvü Güldar Məmmədovun açıqlamaları da təsdiq etdi.

Bəs Milli Şura nəyə görə Bakı və Kəndlər Birliyinin adından belə istifadə edir?

Məsələyə münasibətini öyrənmək üçün Milli.Az-ın əməkdaşı Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə əlaqə saxlayıb.

O qeyd edib ki, bu addım Milli Şura tərəfindən edilən saxtakarlıqdır.

"Bu, cəmiyyətdə rəy formalaşdırmaq kampaniyasıdır. Yadınızdadırsa, İslam Partiyasının bəzi üzvləri Milli Şurada iştirak qərarı verən zaman Milli Şura təmsilçiləri mətbuatda dini kəsimin onları dəstəkləməsini cəmiyyətə təqdim edirdilər. Biz o vaxt bildirmişdik ki, İslam partiyası bütün Azərbaycandakı dini kəsimi təmsil etmir. Sonradan həmin üzvlər Milli Şuranın sıralarını tərk etdilər. İndi onların təqdimatına söykənsək, belə çıxır ki, dini kəsim artıq Milli Şuranı dəstəkləmir.

İndi də Bakı kəndlərinin vaxtilə siyasətdə olmuş bir-iki nəfər sakinini Milli Şuraya Bakı və Kəndlər Birliyi adından təqdim etməklə saxtakarlığa yol verirlər. Dünən bunu Bakı və Kəndlər Birliyinin üzvü olan rəsmi adamlar da bildirdilər. 1989-92-ci illərdə kifayət qədər fəal olmuş və Bakıətrafı kəndlərin seçicilərinin birliyini ehtiva edən təşkilatın cəmiyyətdə yadda qalan bir imici var. Milli Şura rəhbərliyi də bu imicdən yararlanmaq istəyir. İndi o adamların həmin quruma Bakı və Kəndlər Birliyinin adı ilə salınması da guya Bakıətrafı kəndlərin Milli Şuranı dəstəkləməsi kimi cəmiyyətə təqdim etmək cəhdidir.

Bu yaxınlarda isə Bakı və Kəndlər Birliyinin nümayəndələri bu məsələyə etirazlarını bildirdilər. O açıqlamalar olmasaydı, bir müddət şahid olacaqdıq ki, Milli Şura bütün Bakı kəndlərinin onları dəstəkləməsi barədə bəyanat verir.

Görünür ki, Milli Şura öz sıralarını xoşagəlməz qeyri-qanuni yollarla genişləndirməyə çalışır", - Ə.Əliyev əlavə edib.

Geri qayıt