Əsas Səhifə > Güney Press, Araşdırma > AKİF MURADVERDİYEV ÖZÜ İLƏ KİMİ APARACAQ?
AKİF MURADVERDİYEV ÖZÜ İLƏ KİMİ APARACAQ?24-06-2013, 12:23 |
SABİQLƏR XOF İÇİNDƏ Xəbər verildiyi kimi, srağagün axşam saatlarında Prezident Administrasiyasının sabiq şöbə müdiri, 2005-ci ildə də sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevlə bərabər həbs olunan, amma sonradan azadlığa buraxılan Akif Muradverdiyev yenidən həbs edilib. Dünən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Akif Muradverdiyevin saxlanmasına aydınlıq gətirib. MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, Muradverdiyev Akif Şəmsəddin oğlu 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib. Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Akif Muradverdiyevin vəkili Fuad Ağayev ittihamları rədd edib və bildirib ki, çantasından tapıldığı iddia olunan əşyaların ona heç bir aidiyyəti yoxdur. Redaksiyamıza daxil olan bir başqa məlumatda isə Akif Muradverdiyevin həbsinin bəzi sabiq yüksək vəzifəli şəxslərdə narahatlıq yaratdığı deyilir. Onlar prosesin davamlı ola biləcəyindən və özləri ilə bağlı da sərt cəza tədbirlərinə əl atılacağından narahatdırlar. Məsələ burasındadır ki, bu il seçki ili olduğu üçün bir müddət əvvəldən bəzi sabiq məmurlar aktivləşmişdilər. Onlar üstüörtülü şəkildə hakimiyyətə ünvanlanan mesajlarda yeni vəzifə umacaqlarını dilə gətirirdilər. Belə sabiqlərin leksikonundan onların əks təqdirdə müxalifətlə yaxınlaşa bilmək istəkləri hiss olunurdu. Məsələn, Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev YAP-ın son qurultayından kənarda qalmasına sərt reaksiya vermiş, onun reaksiyası o qədər kəskin olmuşdu ki, hətta bəzi YAP funksionerləri Haqverdiyevin ümumiyyətlə, partiyadan uzaqlaşdırılmalı olduğunu dilə gətirmişdilər. Və yaxud: son qurultaydan sonra adı YAP Siyasi Şurasından çıxarılanlar arasında olan sabiq maliyyə naziri Əvəz Ələkbərov özü haqqında qəbul edilən bu qərarla bağlı açıqlama vermiş və demişdi: "YAP Siyasi Şurasından uzaqlaşdırılmağımla bağlı xəbəri eşidəndə çox məyus oldum". Sabiq maliyyə naziri daha sonra əlavə etmişdi: "Əvvəlcədən bu haqda heç bir məlumatım yoxdur. Və məni YAP-ın qurultayına da dəvət etməmişdilər. Bu da əlbəttə ki, məni çox məyus etdi". Ələkbərovun sözlərindən onun çox incik düşdüyünü açıq hiss etmək mümkündür. Sabiqlərdən Maksim Musayev, Sirus Təbrizlinin, "Quska" ləqəbli Hüseyn Abdullayevin son vaxtlar tənqidi çıxışlarının dozalarını artırdıqlarını xatırlatmaq da yerinə düşərdi. Bir müddət əvvəl saytlardan birinə qısa açıqlama verən sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin yenidən hökumətdə vəzifə alıb-almayacağı barədə suala həm lakonik, həm də incik şəkildə "perspektivdə heç nə gözləmirəm" cavabı verdiyi də yaddan çıxarılmamalıdır. YAP-a və hökumətdəki bəzi çevrələrə sərt tənqidlər ünvanlayan Sirus Təbrizlinin, Maksim Musayevin son açıqlamalarında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin keçmiş xidmətlərini qabartması, hazırda isə onun partiyadan və hökumətdən kənarda qalmasını pisləmələri də diqqətçəkicidir. Bəziləri ehtimal edirlər ki, Əli Nağıyevlə hazırda da yaxın münasibətdə, dostluq əlaqələrində olan bu şəxslər həm də sabiq nazirin karyera baxımından indiki durumundan narazı əhval-ruhiyyədə olduğunu nümayiş etdirirlər. Diqqətçəkici bir başqa məqam isə müəyyən KİV-lərdə müxalifətin yeni birliyi olan Milli Şuraya bəzi sabiqlərin qoşula biləcəyinə dair informasiyaların yer almasıdır. Eks məmurların məhz həmin informasiyalar fonunda fəallıq göstərməyə başlaması əlbəttə, xeyli düşündürücüdür. Bu situasiyada Akif Muradverdiyevin həbsinin bəzi sabiq məmurlarda boş yerə xof yaratmadığını hesab etmək olar. Onlar bu həbsi həm də özlərinə bir xəbərdarlıq kimi qəbul edirlər. Ən xırda siyasi "ÇP" buraxmalarının özlərinə baha başa gələcəyindən qorxurlar. Hər halda bu qorxunun əsaslı, yoxsa əsassız olduğunu tezliklə prosesləri izləyib görəcəyik. Geri qayıt |