Əsas Səhifə > Cəmiyyət > "YEGANƏ" ŞADLIQ SARAYININ ADI QALMAQALDA

"YEGANƏ" ŞADLIQ SARAYININ ADI QALMAQALDA


25-06-2013, 14:28
"YEGANƏ" ŞADLIQ SARAYININ ADI QALMAQALDA
Bir müddət bundan əvvəl redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən vətəndaş Cəfər Səlimov ona qarşı "Yeganə" şadlıq sarayının müdiri və inzibatçıları tərəfindən girov götürmək və saxlamaq kimi ağır cinayət əməllərinin törədildiyi haqda məlumat vermişdi. Məlum olduğu kimi Bakının Nəsimi rayonu 3 mikrorayon ərazisində fəaliyyət göstərən "Yeganə" şadlıq sarayının məhz İlqar Əliyevə məxsus olması bir çox qaynaqlar tərəfindən təsdiq edilir.

Eyni zamanda bu məlumatın dürüstlüyü də ilk növbədə şadlıq evinin fəaliyyətinə faktiki rəhbərlik edən Məmməd və onun qardaşı Tahir adlı şəxslərin açıqlamalarında öz əksini tapır. İstənilən halda bu iki şəxsin fəaliyyəti bir çox məqamlarda məhz İlqar Əliyevin adına və nüfuzuna istinad etməklə müşayiət olunur. Lakin bu kimi istinadların bilavasitə qanunsuzluqlar və vətəndaşlara qarşı hüquq pozuntularında sipər kimi istifadə olunması ciddi problemlərə yol açır.

Şikayətçi C.Səlimov da öz ərizəsində bildirmişdi ki, 2009-2011-ci illər ərzində o, “Yeganə” şadlıq sarayını balıq və balıq məhsulları ilə təmin edirmiş. Bu müddət ərzində nisyə alver nəticəsində şadlıq sarayının ona 35 min manat borcu yaranıb. 2011-ci il may ayının 1-də C.Səlimov borcunu almaq üçün “Yeganə” şadlıq sarayına gedərkən isə müəssisənin inzibatçılarından biri olan Akif Rəhimov onu iki il ərzində balıq və balıq məhsullarını baha qiymətə satmaqda itiham edərək, əksinə, onun şadlıq evinə borcunun olduğunu bildirib.

Nəticədə C.Səlimovdan 7 min manat tələb olunub və bildirilib ki, bu vəsait ödənilməyənə qədər o, girov saxlanılacaq. Bundan sonra C.Səlimov şadlıq sarayının istifadəsiz qalan zirzəmilərindən birinə ötürülərək orada Ziyadxan Məmmədov və şadlıq sarayının daha iki əməkdaşının nəzarəti altında bütün gecəni və növbəti günün bir hissəsini də saxlanılmışdı. Həmçinin C.Səlimov xüsusi olaraq vurğulayır ki, hər üç şəxs silahlı olublar. Şikayətçinin bəxti isə onda gətirib ki, onu girov götürənlər 7000 manat pulu kimlərdənsə istəmək məqsədilə C.Səlimovun mobil telefonunu ondan almayıblar. Nəhayət mayın 2-si tarixində C.Səlimov 102 xidmətinə zəng edərək düşdüyü vəziyyət barədə məlumat verə bilib. Bu zəngdən təxminən 30 dəqiqə sonra isə Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları hadisə yerinə gələrək C.Səlimovu girovluqdan azad ediblər. Bundan sonra bölməyə aparılan C.Səlimov hadisə barədə ətraflı izahat verib. Onun şikayəti əsasında toplanmış sənədlər isə araşdırılması üçün Binəqədi Rayon Prokurorluğuna göndərilib. Lakin o zaman Binəqədi rayon Prokuroru vəzifəsini tutan Mirələkbər Seyidov bütün bu həngamədə cinayət işinə başlamaq üçün yetərli dəlillər “tapa bilməmişdi”.

Qeyri-rəsmi olaraq Cəfər Səlimova verdiyi “tövsiyyələrində” isə prokuror şikayətçiyə onu girov saxlayanların əllərinin böyüklərin ətəyində olduğunu və bu səbəbdən də respublikada heş bir hüquq-mühafizə orqanı tərəfindən onlara qarşı cinayə işi açılmayacağını bildirərək, onun hələ bu işdən yüngül yaxa qurtardığını da vurğulamışdı. Prokurorun nə dərəcədə haqlı olduğunu deyə bilməsək də bir fakt həqiqət olaraq qalır ki, Cəfər Səlimovun işinə görə hələ bu günə qədər bircə nəfər belə olsun məsuliyyətə cəlb olunmamışdır.

Hadisədən bir müddət sonra redaksiyamıza müraciət edən C.Səlimov isə düşdüyü çətin vəziyyətdən yeganə çıxış yolunu mətbuat vasitəsilə bilavasitə ölkə rəhbərliyinə müraciət etməkdə gördüyünü bildirmişdi. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, bu şikayətlərin də heç bir əməli nəticəsi olmayıb. Bizim bu hadisəni yenidən xatırlatmağımıza səbəb isə, bu günlərdə Cəfər Səlimovun yenidən redaksiyamıza müraciət etməsi oldu. Şikayətçi bildirdi ki, 2011-ci ildən onun “Yeganə” şadlıq evindən ala bilmədiyi pulu borc sahiblərinə qaytarmaq üçün o, dəhşətli bir qərara gəlib. Belə ki, C.Səlimov tələb olunan pulu əldə etmək məqsədilə öz böyrəyini satmaq niyyətində olduğunu bizə açıqladı: “Mənə başqa yol qoymadılar. Böyrəyimi satıb borcu bağlamalıyam. Və əgər bundan sonra səhhətim imkan versə, yaşamaq üçün xarici ölkələrin birində sığınacaq axtaracağam”...

Geri qayıt