Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RAFİQ TAĞININ QƏTLİ NİYƏ ARAŞDIRILMIR?
RAFİQ TAĞININ QƏTLİ NİYƏ ARAŞDIRILMIR?28-06-2013, 13:58 |
Qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının ailə üzvləri prezident İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir ki, Rafiq Tağının öldürülməsindən 2 ilə yaxın vaxt ötsə də, qətli araşdırmağa borclu olan istintaq orqanı heç bir səmərəli addım atmayıb, nəticədə cinayətin üstü açılmayıb: “Baş Prokurorluq bu cinayətin üstünün açılmasında maraqlı deyil. Dəfələrlə şikayət və vəsatətlər versək də, heç bir səmərəsi olmayıb”. Rafiq Tağının ailə üzvləri prezidentdən qətlin araşdırılmasına göstəriş verilməsini və istintaqın diqqətdə saxlanılmasını xahiş ediblər. Jurnalist, hüquqşünas Əyyub Kərimov iyunun 28-də “Media forum” saytına deyib ki, Rafiq Tağının ailə üzvlərinin narazılığını haqlı hesab edir: “Qətlin üstündən xeyli müddət keçib. Ancaq nə bir izə düşmə, nə də bir tərpəniş var. Deməli, hüquq mühafizə orqanlarında peşəkarların sayı azalıb. Açılmayan cinayət işi yoxdur, cinayəti açmamaq istəyi var. Hüquq mühafizə orqanları, Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin rəhbərliyi Rafiq Tağının qətli ilə bağlı hesabat verməlidir”. Əyyub Kərimov qeyd edib ki, 2005-ci ilin martında öldürülən jurnalist Elmar Hüseynovun qətli açılsaydı, Rafiq Tağının qətli də çoxdan açılardı: “Cinayətkarlar arxayındırlar ki, o biri cinayətin üstü açılmadı, bu da açılmayacaq. Belə nəticəyə gəlmək olar ki, cinayət işindən hüquqdan çox siyasət qoxusu gəlir. Cinayətin üstünün açılmasına hansısa bir xətt mane olur. Əgər belə deyilsə, onda tələb – cinayətin açılması tələbi hanı? Əgər prezident bu işi nəzarətə götürübsə, bu nəzarət nə nəticə verib? Hüquq mühafizə orqanları bu qətlləri aça bilmirsə, niyə onların rəhbərləri dəyişdirilmir? Niyə istintaqda yenilik yoxdur? Bu suallara cavab verilməlidir. Hüquq mühafizə orqanları ciddi tədbirlər görməlidir, ya da etiraf etməlidirlər ki, cinayəti açmaq mümkün deyil”. Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. Geri qayıt |