Əsas Səhifə > Güney Press, Araşdırma > İSMAYILLIDA NƏ BAŞ VERİR?

İSMAYILLIDA NƏ BAŞ VERİR?


28-06-2013, 14:02
İSMAYILLIDA NƏ BAŞ VERİR?
ÜSYANKAR RAYON YENİDƏN AYAQDA

İsmayıllı rayon Mərkəzi Xəstəxanasında qarşıdurma yaranıb. ANS PRESS-in məlumatına görə, ötən axşam doğum üçün xəstəxanaya yerləşdirilən rayon sakini Ağabalayeva Şəhla Aydın qızının və körpəsinin əməliyyat zamanı dünyasını dəyişməsi mərhumun yaxınlarının narazılığına səbəb olub. Lahıc qəsəbə sakinləri ana və uşağın həkimin səriştəsizliyi ucbatından öldüyünü iddia edərək xəstəxanaya hücum çəkiblər. Həkimlərə söyüş və nalayiq ifadələrlə basqın edən sakinləri sakitləşdirmək üçün əraziyə polis çağırılıb.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasından məlumatı təsdiqləyiblər. Bildirilib ki, mərhumun doğuşunu aparan həkim onların qohumlarıdır.

“Mərhum xəstəxanaya ağır vəziyyətdə gətirilib. Həkimlər əllərindən gələni etsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Bu Allahın işidir. Biz də istəməzdik ki, belə hadisə olsun”, – deyə xəstəxanadan bildirilib.

Əldə edilən məlumata görə, mərhumun qohumları bu gün də xəstəxanaya gələrək həkimləri təhdid ediblər. Xəstəxananın baş həkimini təhqir edən rayon sakinləri ana və uşağın doğuşunu aparan həkimi polisə şikayət ediblər.

Narazı qəsəbə sakinləri həkimlər tərəfindən Ağabalayeva Şəhlanın ölüm xəbərinin onlardan gizlədildiyini bildirib. Bundan hiddətlənən qohumları bildiriblər ki, polis bu işə baxmasa özləri həkimi cəzalandıracaqlar.

Hazırda İsmayıllı rayon Mərkəzi Xəstəxanası polis nəzarətinə götürülüb. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu və polis bölməsində araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Oğlan uşağı ölü doğulub, sonra isə ana dünyasını dəyişib.

Ş. Ağabalayevanın iki qız övladının olduğu, Lahıc qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi işlədiyi bildirilir.

Səhiyyə Nazirliyi doğum zamanı baş vermiş ölüm faktının araşdırılacağını bildirib

Geri qayıt