Əsas Səhifə > Cəmiyyət > SABİRABAD TƏHSİLİNİN GÜNÜNƏ AĞLAYAN LAZIMDIR

SABİRABAD TƏHSİLİNİN GÜNÜNƏ AĞLAYAN LAZIMDIR


28-06-2013, 15:35
SABİRABAD TƏHSİLİNİN GÜNÜNƏ AĞLAYAN LAZIMDIR
MİKAYIL CABBAROVUN DİQQƏTİNƏ

Artıq uzun müddətdir ki, Sabirabadda təhsil sahəsinin bərbad vəziyyətə düşməsi səbəbindən bu rayonun Təhsil Şöbəsinin və məxsusi olaraq həmin müəssisənin rəhbərliyinin son dərəcə yarıtmaz fəaliyyəti barədə media tərəfindən tənqidi materiallar yayımlanmaqdadır. O cümlədən biz də keçənlərdə dəfələrlə Sabirabad RTŞ-nin müdiri Elman Bünyatovun öz işində yol verdiyi ciddi qanun pozuntularından, hətta müəllim əxlaqına sığmayan əməllər törətməyindən bəhs edən tənqidi materiallar dərc etmişdik. Ümumilikdə rayon təhsil şöbələrinin fəaliyyətlərinin araşdırılması isə belə bir qənaətə gəlməyə əsas verir ki, Təhsil Nazirliyinin keçmiş rəhbərliyi bu struktur bölmələri üzərində olan nəzarəti itirmişdi. Tək bir Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyatovun yarıtmaz fəaliyyətinə nazirliyin nümayiş etdirdiyi münasibət artıq bu fikri söyləməyə kifayət qədər əsas verirdi. Lakin Elman Bünyatovun özbaşnalıqları bu gün də rayon ictimaiyyətinin səbrini sınağa çəkməkdədir. Yerli mənbələrdən aldığımız məlumatlarda göstərilir ki, son vaxtlar Sabirabad rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının gecikdirilməsi, müxtəlif səbəblər üzündən kəsilməsi hallarına daha çox rast gəlinir:

“Elman Bünyatov onun qeyri-qanuni tələblərinə etiraz edən və ya təhsil prosesindən kənar hansısa tapşırığını icra etməyən müəllimləri məhz əməkhaqlarını kəsməklə, məvaciblərini gecikdirməklə cəzalandırır. Təhsil şöbəsinin müdiri qumar oyunlarına meylli olduğundan vaxtaşırı kimlərəsə borclanır. Axır vaxtlarda isə Elman Bünyatov futbol oyunlarına pul qoymağa daha çox həvəslidir. Çox nadir oyun ola bilər ki, Elman Bünyatov ona pul qoymasın. Düzdür, bu oyunlarda hərdən bəxti gətirsə də, əksər hallarda uduzur və borclanır. Borcunu isə müxtəlif üsullara baş vurmaqla ödəməyə çalışır.”

Elman Bünyatovun yaxın qohumu, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri vəzifəsində işləmiş, Vəfadar Bağırov tərəfindən himayə olunduğunu biz artıq xəbər vermişdik. Bu məqamı bir daha vurğulayan məlumatlı şəxs isə qeyd edir ki, bu amilin onun hazırki fəaliyyətində mühüm rolu var:

“Bu gün Sabirabad təhsilində olduqca biabırçı vəziyyət hökm sürür. Elman Bünyatov Sabirabad Rayon Təhsil Şöbəsinə müdir təyin olunandan sonra rayon məktəblərində tədrisin səviyyəsi həddindən artıq aşağı düşüb. Şöbə müdiri demək olar ki, bütün məktəb direktorlarının və müəllimlərin canını boğazına yığıb. Lakin buna baxmayaraq, heç kim Elman Bünyatova irad tutmur, onun əməllərinə bu və digər formada qiymət verilməsini təmin etmir. Bu isə onu deməyə əsas verir ki, təhsil şöbəsinin müdiri dara düşən kimi yaxın qohumu Vəfadar Bağırovun adından istifadə edir. Məhz elə bu səbəbdən də heç kəsin onunla işi yoxdur.”

Əlaqədar instansiyalar isə bütün bu özbaşınalıqlara hələ də göz yummaqda davam edirlər. Bu kimi “görməməzliklərin” isə son nəticədə xoşa gəlməz hadlsələrə səbəb olma hallarına axır vaxtlarda tez-tez rast oluruq. Belə ki, bir müddət əvvəl Sabirabadın təhsil işçilərinin, daha dəqiq desək orta məktəb müəllimlərinin qonşu rayonlarda fəaliyyət göstərən həmkarları ilə birgə davamlı etirazaksiyalarına rəvac vermələri ilə bağlı hadisələr hələ yaddaşlardan silinməyib. Bu insidentə də əsas səbəb kimi məhz əmək haqlarının düzgün hesablanmaması və gecikdirilməsi halları göstərilmişdi. Birmənalı şəkildə demək olar ki, əlaqədar instansiyalar və ilk növbədə Təhsil Nazirliyi yerlərdə məmur özbaşınalıqlarının qarşısını almaq məqsədilə qəti tədbirlərə əl atmadıqca, cəmiyyətimiz də rayon və bölgələrimizdə stabilliyin pozulmasına yönəldilmiş provokasiyalardan etibarlı şəkildə müdafiə oluna bilməyəcək.

Geri qayıt