Əsas Səhifə > Cəmiyyət > SALYAN "AQROSERVİS"İNDƏ MAXİNASİYA

SALYAN "AQROSERVİS"İNDƏ MAXİNASİYA


28-06-2013, 15:41
SALYAN "AQROSERVİS"İNDƏ MAXİNASİYA
QURUMU KİMƏ SIRIMAQ İSTƏYİRLƏR?

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrolizinq” ASC-nin Salyan "Aqroservis” mərkəzinin dərdi deyəsən, yaman böyükdür. Mərkəzi "azara" salmış günahkarları sorğu-suala çəkməyə isə rəhbərlikdən hələ ki, heç kim tələsmir. Qeyd edək ki, Salyan taxılçıları hələ biçin başlamazdan bir müddət öncə rayonda kombayn çatışmazlığı problemini önə çəkərək yerli "Aqroservis" mərkəzinin rəhbəri Fərid Seyranov barəsində rayon icra aparatına müraciət etmişdilər. Müraciətdə həmçinin bildirilirdi ki, "Aqroservis”in balansında olan 50-yə yaxın texnikadan yarıdan çoxu hərraca qoyulub.

Qalan texnikanın isə demək olar ki, hamısı yararsız vəziyyətdədir. Mərkəzin balansında olan texnikanın hərraca qoymasının nəticə etibarı ilə fermerləri çıxılmaz vəziyyətə salacağından ehtiyatlananların narahatlıqları sən demə əbəs deyilmiş. Bu narahatlıqlara son qoymaq üçün yeganə çıxış yolu kimi Salyan "Aqroservis” mərkəzinin rəhbəri Fərid Sehranovun vəzifədən azad edilməsi göstərildi. Onun yerinə namizədlər "behləyən"lər arasında məlumata görə, rayon icra aparatı rəhbərinin müavini, aqrar məsələlər şöbəsinin rəhbəri Sabir Rəhmanov da vardı. Lakin çox çəkmədi ki, Fərid Sehranovun yerinə təyinat almaq istəyənlərin də öz tutarlı arqumentləri üzə çıxdı. Məlum oldu ki, 100 min manatdan çox əskiyi olan "Aqroservis”ə rəhbərlik risqini heç kəs üzərinə götürmək istəmir. Bəzi mənbələr bu rəqəmin reallığı əks etdirmədiyi qənaətindədir. Bildirilir ki, Salyan "Aqroservis”inə azı yarım milyon manat maddi ziyan vurulub. Bu qədər əskiyi isə heç kəs boynuna götürmək istəməzdi. Yaranmış vəziyyətdə Fərid Sehranova işini qaydaya salmaq və borcunu ödəmək üçün əlavə "şans" verməyi qərara aldılar. Lakin gecikmiş qərar statusundan savayı heç nəyə yaramayan "şansın" yerli fermerlərə heç bir xeyri dəyməyəcəyi tezliklə aydın oldu. Taxıl biçini başlayar-başlamaz üzə çıxan kombayn çatışmazlığı rayonu əməlli-başlı qarışdırdı. Narazı fermerlərin etirazları fonunda hərə bir günah keçisi axtarmağa başladı. Fərid Sehranovun özünün isə intihara cəhd etməsi xəbəri yayıldı.

Əldə etdiyimiz təsdiq olunmamış məlumata görə, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Sabir Rəhmanov taxıl biçinində yol verilmiş nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb. Lakin bu tədbirlərin heç biri problemin həllinə işləmədyi göz qabağındadı.

Kombayn çatışmazlığının yaratdığı problemlər həmişə olduğu kimi bu dəfə də yerli taxılçıların başında çatlayıb. Əvvəlki illərdən fərqli olaraq bu il bol məhsul yetişdirmiş Salyan fermerləri kombayn çatışmazlığı üzündən bu il azı 20-25 faiz məhsul itkisinin olduğunu bildirirlər.

Qeyd edək ki, anoloji vəziyyət hazırda ölkənin bir neçə mühüm taxılçılıq bölgəsində hökm sürür. Həmin bölgələrdə də taxılın vaxtında biçilməməsi üzündən yüz tonlarla məhsul itkisinə yol verildiyi üzə çıxıb. Məsələyə telekanalların birində münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi Sabir Vəliyev verilən sualları cavablandırmaq əvəzinə min-bir bəhanələr gətirərək ortaya gülünc arqumentlər qoyaraq öz naziri İsmət Abasovun vəkilliyini edirdi. Lakin, alınmadı... Suallar isə cavabını hələ də gözləməkdədir. Az qala yadımdan çıxacaqdı, "Aqrolizinq” ASC-nin rəhbəri Əli Bayramov Salyan "Aqroservis"ini bu dəfə kimə sırımaq istəyir?

Geri qayıt